“Xalq qəzeti”nin Qarabağ və Şərqi Zəngəzurda təmsilçiliyi işə başladı
Vətən müharibəsində 30 illik əsarətdən xilas edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin qaynar mənzərəsi və əhatəli xronikası qəzetimizdə daim geniş əksini tapır. Bölgəyə Böyük Qayıdışı təmin etmək üçün Prezident İlham Əliyevin rəhbərliyi və nəzarəti ilə gerçəkləşdirilən bu əzəmətli tarixi prosesi daha yaxından və canlı surətdə işıqlandırmaq üçün redaksiyamızın hər iki iqtisadi rayonda təmsilçiliyi yenidən qurularaq Ağcabədi səhərində “Xalq qəzeti”nin yeni müxbir məntəqəsi yaradılıb. Təcrübəli qələm sahibi, uzun illər müxtəlif media qurumlarında çalışmış Pünhan Əfəndiyev bu günlərdə qəzetimizin Qarabağ və Şərqi Zəngəzurda bölgə müxbiri kimi həmin məntəqədə fəaliyyətə başlayıb. Əməkdaşımızın Ağcabədi rayonundan hazırladığı xeyir-bərəkət mövzulu ilk yazısını oxucularımıza təqdim edirik.
Etibarlı ərzaq bazası bir ölkənin iqtisadi sabitliyinin, sosial dayanıqlılığının və ümumi təhlükəsizliyinin mühüm təminatlarından biridir. Bu səbəbdən cəmiyyətin hər bir üzvünün əsas qida məhsullarına tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlər həyata keçirilir.
Dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin artması, aparıcı ölkələrin maliyyə sistemində baş verən neqativ meyillər, əhalinin sayının çoxalması və regional münaqişələr nəticəsində ərzaq məhsulları ilə təchizat çətinləşir. İqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblər də ərzaq məhsullarının dünya miqyasında qiymətlərinin artacağını proqnozlaşdırır. Bu şəraitdə ərzaq idxalı sahəsində müəyyən çətinliklərin yaşanacağı istisna olunmur. Cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi isə problemlərin həllini gündəmə gətirir.
Azərbaycanın ən çox ehtiyac duyduğu ərzaq məhsulu buğdadır. Deməli, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasında regionların, o cümlədən Ağcabədi rayonunun üzərinə böyük məsuliyyət düşür.
2022-ci ildə rayon üzrə cəmi 28198,7 hektar sahədə taxıl əkilib. Bunun da 19654,7 hektarı buğda, 8544 hektarı arpa sahələri olub. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Muxtar Bağırov bildirir ki, ötən il 113 min 814 ton taxıl yığılıb. Məhsulun 80 min 701 tonu buğda, 33 min 113 tonu arpa olub. Məhsuldarlıq hektara 40,4 sentner təşkil edib. Bu, respublika üzrə orta göstəricidən (30,9 sentner) 9,5 sentner çoxdur. Yüksək nəticəyə sahələrə arotexniki qaydada xidmət göstərilməsi, sertifikatlı toxumun seçilməsi, taxılın vaxtında suvarılması, gübrənin verilməsi təsir edib.
Onun sözlərinə görə, yüksək göstəricinin əldə olunmasını şərtləndirən səbəblərdən biri də Ağcabədidə böyük həcmli təsərrüfatların yaradılmasıdır. Həmin təsərrüfatlar yeri gələndə öz potensiallarından istifadə edə bilirlər. Bu isə texnikadan, maliyyə resursundan, müasir suvarma sistemindən səmərəli istifadə olunmasına imkan verir. Məsələn, pivot tipli suvarmadan yararlanmaqla suvarma suyuna qənaət etmək, daha çox əkin sahəsini suvarmaq mümkündür. Belə vəziyyətdə torpaqdan qida maddələrinin yuyulmasının qarşısı alınır, onun münbitliyi əhəmiyyətli dərəcədə artır və təkrarən şoranlaşmaya məruz qalmır. Beləliklə, bu, əkinə yararlı torpaqların qorunmasını şərtləndirir.
Şöbə müdirinin müavini deyir ki, bu gün Ağcabədidə taxıl istehsalının artırılmasında səpin üçün nəzərdə tutulan toxuma önəm verilir. Bu məqsədlə hər il Ağcabədidə toxum sərgi-satış yarmarkası keçirilir. Yarmarkada əkin materialı kimi sertifikatlı toxumlara üstünlük verməyin vacibliyi, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu və digər mövzularda mütəxəssislər tərəfindən fikir mübadiləsi aparılır. Əsas məqsəd fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır. Artıq fermerlər əvvəlki illərdə olduğu kimi, əlinə keçən taxılı deyil, sertifikat toxum əkirlər.
Yığılan 113 min 814 ton taxılın satışı yüksək səviyyədə reallaşıb. Məhsulun çox hissəsini taxıl tədarükçüləri alıb. Satıcılar əsasən iri fermer təsərrüfatları olub. Kənd sakinləri, kiçik fermerlər isə məhsullarının bir hissəsini özlərinin şəxsi tələbatı üçün saxlayıblar, qalan hissəsini isə bazara çıxarıblar.
Bir kiloqram taxılın qiyməti mövsümə uyğun olaraq 50-60 qəpik arasında dəyişib. Taxılın qiymətinin baha olması fermerlərə imkan yaradıb ki, zəhmətlərinin bəhrəsini görsünlər, bu il daha çox sahədə taxıl səpsinlər.
2023-cü ildə Ağcabədidə 38 min 290,2 hektarda taxıl əkiləcək ki, bu da ötən ilin göstəricisindən təqribən 10 min hektar çoxdur. Əkinin 26 min 385,2 hektarı buğda, 11 min 905 hektarı arpa sahələridir. 2524 hektar sahə isə xəsil üçün ayrılıb.
Həmsöhbətimin sözlərinə görə, rayonun taxılçıları dövlətin dəstəyindən yararlanaraq ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verəcək, intensiv becərmə texnologiyalarının tətbiqi ilə taxıl istehsalını artıracaq və daxili bazarın keyfiyyətli məhsullar ilə təminatına və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcəklər.
Qeyd edim ki, taxılın məsuldarlığı Ağcabədidə olduğu kimi, digər regionlarda da 45-50 sentnerə çatdırılsa, ərzaq buğdasına olan tələbatımızı ödəmiş olarıq. Nəticədə hər il buğda idxalı ilə əlaqədar xaricə axan vəsait ölkəmizdə qalar. Məsələn, 2022-ci ildə xaricdən 398 milyon 9 min dollar dəyərində 1 milyon 167 min 957 ton buğda idxal edilib. 2022-ci ildə ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti 341 dollar (579 manat), 2021-ci ilin eyni dövründə orta qiymət 282 dollar (480 manat) təşkil edib. Bu da onu göstərir ki, buğdanın idxal dəyəri artıb.
Ərzaq təhlükəsizliyinin, xüsusən də taxıla olan tələbatın yerli istehsal hesabına təmin edilməsinin isə qarşıdakı dövr ərzində bəzi parametrlər üzrə olduqca vacibdir. İlk növbədə ona görə ki, Azərbaycanın ərzaq məhsulları ilə təmini sahəsində xarici asılılıq tam aradan qalxır və dünya iqtisadiyyatında qlobal maliyyə böhranı kimi fəsadlar, eləcə də bu qəbildən olan digər problemlər ölkəmizin ərzaq ilə təminatında heç bir çətinlik yaratmır.
Pünhan ƏFƏNDİYEV,
“Xalq qəzeti”nin bölgə müxbiri