Erməni iş dəllalı Ruben Vardanyan yenidən Xankəndiyə qayıdıb. Erməni KİV-ləri xəbər verir ki, özünü “dövlət naziri” adlandıran Vardanyan Moskvaya səfərdən sonra tabeliyində olan işçilər ilə görüş keçirib və onlara “blokada şəraitində” yaşamaq barədə göstərişlər verib. Milyarder “Qarabağda mövcud olan böyük güc”dən də danışıb. Vardanyanın fikrincə, bu “böyük güc” kənardan görünmür, lakin ondan çətinlikləri aradan qaldırmaq üçün istifadə etmək olar. Sonradan məlum olub ki, erməni dələduz iş adamı Moskvadan hansısa tapşırıq “baqajı” ilə qayıdıb. İndi bölgədə aranı qarışdırıb “bulanıq suda balıq” tutmaq istəyir.
Ümumiyyətlə, R.Vardanyan ilə separatçıların lideri Arayik Arutyunyanın Rusiya paytaxtına getmələri və ayrı-ayrılıqda geri qayıtmaları maraq doğurmaya bilməz. Siyasi analitiklərin fikrincə, bu onların arasında ziddiyyətlərin daha da böyüdüyünü təsdiqləyir. Ermənistanın “Past” qəzetinin yazdığına görə, ziddiyyətlər, əsasən, Qarabağın ermənilər yaşayan hissəsinin “status məsələsi” və onun gələcəyi ilə bağlıdır. Əgər Ermənistan hakimiyyəti və Arayik Arutyunyan Azərbaycan ilə inteqrasiyanın qaçılmazlığına meyillidirsə, R.Vardanyan hesab edir ki, bunu etmək olmaz. Erməni iş dəllalının sözlərinə görə, Qarabağda yaşayan etnik ermənilər hansısa yolla Azərbaycana “inteqrasiya”ya başlasalar, o zaman qondarma “DQR” subyekt kimi mövcudluğunu dayandıracaq və nəticədə bütün ermənilər bu bölgəni tərk edəcəklər.
“Past” qəzeti yazır ki, Qarabağda faktiki olaraq iki güc qütbü formalaşıb, onlardan birində Paşinyan və Arutyunyanın siyasətini dəstəkləyən dövlət məmurları, digərində isə Vardanyan tərəfdarları var: “Bununla belə, blokada nəticəsində yaranmış çətin vəziyyəti nəzərə alaraq, tərəflər indiyədək birbaşa qarşıdurmadan çəkiniblər”. Lakin ötən həftənin məlumatına görə, qondarma rejimin başçısı Arayik Arutyunyan kənd təsərrüfatına dəstək məqsədi ilə yaradılmış investisiya fondunda yoxlamaların aparılmasına göstəriş verib. Xatırladılır ki, yanvarın 9-dan həmin fondun rəhbəri Ruben Vardanyandır. Həmçinin xəbər verilir ki, əvvəllər bu strukturun qəyyumlar şurasına Arutyunyan şəxsən rəhbərlik edib. Erməni mənbələrinin məlumatına görə, bu yolla o, oliqarxa güzəştə gedən hansısa kompromat material tapmağa çalışır.
“Hraparak” qəzeti isə yazır ki, Arayik Arutyunyan və Ruben Vardanyanın Moskvaya səfərindən sonra Xankəndidə müəyyən “status-kvo”nun qorunduğu qənaətinə gəlmək olar. Görünür, Rusiya onların hər ikisinin öz “vəzifələrində” qalmasını istəyir. Ancaq Ermənistan hakimiyyəti Qarabağdakı bu “ikili hakimiyyət”dən narahatdır və İrəvana tabe olacaq “hökumət” yaratmaq istəyir. Bunun üçün yerli “konstitusiya”nın dəyişdirilməsi və Xankəndidəki “prezidentin” parlament tərəfindən seçilməsinə əmin olmaq planlaşdırılır. Qəzetin yazdığına görə, fevralın 13-dən Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma “baş prokuror” Qurgen Nersisyanı “prezident” kimi görmək istəməsi ilə bağlı xəbərlər yayılıb. Bu xəbər Ermənistan hakimiyyətinin separatçılara dəstəyini hələ də dayandırmaması barədə mülahizələri təsdiqləyir. Halbuki, rəsmi İrəvan bunun əksini iddia edir.
Lakin bizi Qarabağda qalan ermənilərin haqq-hesab çəkişmələrindən daha çox R.Vardanyanın Moskvadan hansı tapşırıq “baqajı” ilə qayıtması maraqlandırır. Son məlumatlardan belə qənaətə gəlmək olur ki, sabiq Rusiya vətəndaşı Xankindiyə heç də yaxşı təlimatlar ilə dönməyib. Məlumatlara görə, Moskvada Vardanyana başa salıblar ki, geriyə dönüş yoxdur və o, öz “missiyasını” yerinə yetirmək – Xankəndidə növbəti erməni separatizm dalğasına başlamaq və Rusiyanın orada daimi mövcudluğuna zəmin yaratmaq üçün bölgədə qalmalıdır. Moskvadakı mənbələrdən “haqqin.az”a daxil olan məlumata görə, Vardanyan paytaxtda olarkən, Rusiya xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşüb, həmçinin Kremldə Prezident administrasiyasında olub. Qeyd olunur ki, danışıqlar “asan olmayıb”. Mənbələrin məlumatına görə, erməni oliqarx missiyanı davam etdirməyə razılaşıb və sülhməramlıların maşını ilə Xankəndiyə qaytarılıb.
Diqqət çəkən məqamlardan biri də budur ki, Moskvaya qısamüddətli səfər edən separatçıların lideri Arayik Arutyunyan Xankindiyə qayıtdıqdan dərhal sonra “Artsax konstitusiyasının” dəyişdirilməsi qərarını açıqlayıb. Qondarma “parlament”in müzakirəsinə təqdim edilmiş dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, əgər hərbi vəziyyət tətbiq olunarsa, “Artsax prezidenti” istefa verərsə, separatçıların qondarma “parlamenti” yeni “prezident” seçə bilər. Əlbəttə, “konstitusiya”ya edilən bu düzəliş heç də separatçıların başçısı Arutyunyanın istefaya getməyə hazırlaşdığından xəbər vermir. Əksinə, bildirilir ki, Moskva ona vəzifəsində qalmağı tapşırıb. Sual olunur ki, o zaman bu düzəliş nəyə görə lazımdır? Separatçılar üçün hazırkı vəziyyət Qarabağda hər hansı yeni “seçkilər”in keçirilməsini istisna edir və şimal qonşumuzun təsdiqlədiyi bu düzəliş Arayik Arutyunyanın “müddəti bitdikdən sonra belə, separatçı rejimə başçılıq etmək hüququnu təmin edəcək.
İstənilən halda Ruben Vardanyanın Xankəndiyə qayıtması vəziyyətin gərginləşdirilməsinə hesablanıb. Ancaq Azərbaycan Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə baş verən prosesləri diqqətlə izləyir və erməni separatizmini qızışdırmaq cəhdlərinin qarşısının qətiyyətlə alacağını bildirir. Bir sözlə, Azərbaycan əsgərinin əli tətikdədir.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”