Azərbaycanın Tehrandakı səfirliyində törədilmiş qanlı terror hadisəsindən üç həftə keçməsinə baxmayaraq, molla rejimi özünün apardığı istintaqın gedişi ilə bağlı Bakını məlumatlandırmır.
Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması, iki əməkdaşın yaralanması ilə nəticələnmiş, əvvəlcədən ən yuxarı səviyyədə hazırlanmış və həyata keçirilmiş qanlı terror aktının istintaqını İran özü aparır.
Terror aktından bir gün sonra İİR prezidenti Seyid İbrahim Rəisi ilə telefon danışığında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd etmişdi. Bununla yanaşı, Azərbaycanın dövlət başçısı istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini də vurğulamışdı. İran rəhbəri də öz növbəsində, deyilənlərin mütləq nəzərə alınacağına söz vermişdi.
Azərbaycan Xarici İşlər Nazirliyindən aldığımız məlumata görə, İran tərəfi bu üç həftə ərzində rəsmi Bakıya istintaqın gedişi və onun hansı mərhələdə olması ilə bağlı heç bir açıqlama verməyib.
Bəs, rəsmi Tehran verdiyi sözə niyə əməl etmir, istintaqın şəffaf aparılmamasında onun marağı nədir? Axı, baş vermiş cinayətə görə, İran dövləti birbaşa məsuliyyət daşıyır. Ölkə paytaxtının düz mərkəzində həmin qanlı terroru törədənin kimliyi bizim kimi, bütün dünyaya məlumdur. Görəsən, Tehranın polis rəisi Sərdar Hüseyn Rəhiminin 50 yaşlı Yasin Hüseynzadənin Azərbaycan səfirliyinə hücumunu tələm-tələsik “ailə-məişət zəminində baş vermiş insident” adlandırması, guya, cinayətkarın səfirliyə iki uşağı ilə gəlməsi ilə bağlı yalan açıqlamaları istintaqı aparan müstəntiqlər tərəfindən araşdırılırmı? Terrorçunun İranın xüsusi xidmət orqanları, xüsusilə də SEPAH-la bağlı olduğuna dair səslənən ehtimallar, şübhələr necə, onların nəzərindən qaçmayıb ki? Birtərəfli qaydada aparılan istintaqın bu obyektiv suallara səhih cavab verəcəyini isə hətta ehtimal belə etmək çətindir.
Amma ortada olan, hamının anladığı və gördüyü reallıq bundan ibarətdir: İranın bütün cəhdlərinə baxmayaraq, hücumun məqsədinin Azərbaycan səfirliyinə və diplomatlarına qarşı qabaqcadan hazırlanımş terror aktı olduğu artıq bəllidir. Və bu aktın ölkədaxili çalxalanmalardan başı dumanlanmış molla rejimi tərəfindən planlaşdırılan terror olduğunu təsbitləmək üçün nə istintaqa, nə də təhqiqata ehtiyac var...
İmran BƏDİRXANLI,
“Xalq qəzeti”