Tehranın tarixi Təbriz qorxusu

post-img

İranın tarixən bu ölkədəki soydaşlarımıza qarşı ədalətsiz siyasət yürütdüyü, Cənubi Azərbaycanın iqtisadi-mədəni inkişafını ən müxtəlif yollarla əngəlləməyə çalışdığı məlumdur. XIX əsrdən indiyədək bununla bağlı minlərlə inkaredilməz faktlar, təkzibedilməz sübutlar mövcuddur. Bunların hər biri rəsmi Tehranın azərbaycanlı vətəndaşlarına qarşı riyakar və xəyanətkar siyasətindən xəbər verir. 


Bu günlərdə mətbuata açıqlama verən Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi Tehranın qədim Azərbaycan şəhəri, “paytaxtlar paytaxtı” Təbriz ilə bağlı yeni xəbis planı barədə narahatverici məlumat paylaşıb. Millət vəkili qeyd edib ki, Tehran böyüməkdə olan Təbriz şəhərinin genişlənməsinin qarşısını almaq, onun inkişafını ləngitmək üçün şəhərin ətrafındakı ərazilərdə ayrıca şəhərlər yaratmağa çalışır: "Köhnədən İran Daxili İşlər Nazirliyində Təbrizin kiçildilməsi ilə bağlı hakim olan təfəkkür davam edir. Təbrizin ətrafını ayırıb rayona, şəhərə çevirmək təklif olunanda bununla tez razılaşırlar. Ancaq, bu, bizə xidmət etmək üçün yox, Təbrizin inkişafına mane olmaq, onu daha da balacalaşdırmaq naminədir”.


Maraqlıdır, İranın qədim Azərbaycan dövlətlərinin paytaxtı olan, hər zaman azad və humanist ruhu ilə diqqət çəkən Təbrizi “əritmək”, onun ərazisini bölərək bu ərazilərdə qondarma şəhərlər yaratmaq niyyəti nə ilə bağlıdır? Tehranın Təbriz qarşısında duyduğu qorxunun səbəbi nədir?


İnqilabi təhlükəni azaltmaq cəhdi


Ədalətizliyə və haqsızlığa qarşı hər zaman barışmaz mövqe sərgiləyən Təbrizin istənilən an ayağa qalxaraq, onu əsrlərdir məhvə və məhrumiyyətə sürükləyən İran rejiminə öz yerini göstərə bilmək təhlükəsi Tehranı bu gün qorxutmaqdadır. Təbriz şəhərinin inzibati sərhədlərinin genişliyi, əhali sayının çox, şəhər sakinlərinin böyük əksəriyyətinin türk olması bu şəhəri Tehran üçün ikiqat təhlükəli edir. Məhz, bu səbəbdən, İran hakimiyyəti Təbrizi bir neçə yerə bölmək, onun inzibati ərazisi ilə yanaşı, həm də  həmrəyliyini, əzəli-əbədi birliyini parçalamağa çalışır.  


Tehran rejiminin Təbrizi parçalamaqda məqsədi, həm də onun iqtisadi gücünü azaltmaqdır. Tehran hər zamankı kimi hesab edir ki, Cənubi Azərbaycan şəhərlərinin iqtisadi zənginliyi nə qədər azalarsa, onlar İran rejimi üçün bir o qədər az təhlükəli olar. Bu səbəbdən də “azadlıqsevərlər şəhəri” olan Təbrizi hədəf seçən rəsmi Tehran, öz məkrli niyyətinə çatmaq üçün iblisanə planlar hazırlamaqda, öz vətəndaşlarına qarşı mənəvi-iqtisadi terror həyata keçirməkdədir.


Cənubi Azərbaycana qoyulan yasaqlar


Tehranın Cənubi Azərbaycandakı soydaşlarımız  ilə bağlı yürütdüyü siyasətin təhlili göstərir ki, İran rejimi bu bölgədə elm və təhsilin inkişafını məqsədli şəkildə əngəlləməyə, azərbaycanlılar arasında savadlılıq göstəricisini aşağı salmağa çalışır. Məhz bu məkrli siyasətin nəticəsidir ki, on milyonlarla azərbaycanlının yaşadığı Cənubi Azərbaycanda bir dənə də olsun Azərbaycan dilində fəaliyyət göstərən məktəb yoxdur. Azərbaycanlıları öz ana dilində təhsil almaq hüququndan məhrum edən molla rejimi, fars dilini süni yollarla populyarlaşdırmaqda, bu dili Azərbaycan dilini sıxışdırmaq hesabına təbliğ etməkdədir. 


Maraqlıdır ki, Azərbaycan dilinə qarşı xüsusi amansızlıq sərgiləyən İran erməni dili məsələsində fərqli davranış sərgiləyir. İrandakı 200 minlik erməni icmasının ixtiyarına 50 orta məktəb verən İran hakimiyyəti, ermənilərin nəinki ana dilində təhsil almaq hüququnu tanıyır, həm də erməni dilində qəzet və jurnalların nəşrinə hər cür şərait yaradır. Bu faktın özü İranın məhz azərbaycanlılara münasibətdə amansız davranış sərgilədiyini sübut edir.


Tehranın azərbaycanlılar ilə bağlı siyasətinin təhlili göstərir ki, mürtəce rejim Cənubi Azərbaycanda təhsilin inkişafını xüsusilə yolverilməz və təhlükəli hesab edir. Molla rejimi hesab edir ki, azərbaycanlıların təhsil səviyyəsinin yüksəlməsi İrana qarşı daha mütəşəkkil və uğurlu mübarizənin meydana çıxmasına səbəb ola bilər. Odur ki, Tehran “intellektual mübarizlərlə” qarşılaşmaq ehtimalını minimuma endirmək üçün ölkənin ən mühüm elm mərkəzlərini daha çox fars və qeyri-türklərin yaşadığı bölgələrdə yerləşdirməkdədir. 
Maraqlıdır ki, ölkə iqtisadiyyatına az-çox töhfə verən mühüm müəssisələrin də, demək olar ki, hamısı soydaşlarımızın yaşadıqları şəhərlərdən uzaqdadır. Bu faktın özü də İranın əsarət,  sosial rifahın yüksəlməsinə maneə siyasətinin göstəricisidir.


Təbrizi parçalamaq planında erməni izi...


İran rejimi kimi ermənilər də hər zaman qədim Azərbaycan şəhəri olan Təbrizi özlərinə, “Böyük Ermənistan” xülyasına ən böyük təhlükələrdən biri hesab ediblər. İrandakı fars şəhərlərindən fərqli olaraq, ermənilər heç vaxt Təbrizdə nə iqtisadi, nə siyasi, nə də mədəni baxımdan hegemonluqlarını qura, bu şəhərin pak ruhuna erməni xislətini qata bilməyiblər. Farslar kimi ermənilər də yaxşı başa düşürlər ki, Təbriz inzibati baxımdan İran ərazisinə daxil olsa da, hər şeyi ilə əsl türk şəhəridir və bu səbəbdən, bu şəhər, onun qəhrəman sakinləri heç vaxt Azərbaycanın maraq və mənafeyinə zidd hansısa planda yer almayacaq.  Məhz buna görə Təbrizin parçalanması və onun süni şəhərlərlə əhatələnməsi planı ermənilər tərəfindən təqdirlə qarşılanmaqdadır. 


Xatırladaq ki, Ermənistan bu il Təbrizdə baş konsulluq açmağı planlaşdırır ki, bu da ermənilərin Təbriz və onun gələcyi ilə bağlı planlarının tərkib hissəsidir. Məqsəd Təbrizdə erməni havası formalaşdırmaq, bu şəhərdə azərbaycanlıları hər şeydən öncə, psixoloji baxımdan sıxışdırmaq, şəhərin iqtisadi-siyasi həyatında ermənilərin rolunu artırmaqdan ibarətdir. 
Tarix sübut edir ki, Təbriz ona asan tikə kimi baxan hər kəsi “udub” və bu cəsur şəhər hər zaman mümkünsüzü mümkün etmək özəlliyi ilə diqqət çəkib. 


Bundan başqa, İrandakı yoldaşlarımız əsla sahibsiz deyil və müstəqil Azərbaycan Respublikası öz vətəndaşları ilə yanaşı, onların qarşısında da məsuliyyət iri qətiyyətlə bəyan edir. Və lazım gələrsə, Azərbaycan dövləti Təbrizi qorumaq, oradakı soydaşlarımızın təhlükəsizliyini təmin etmək, pozulan hüquqlarını bərpa etmək üçün hər şeyi edəcək.

 

Seymur ƏLİYEV 

Siyasət