Zabelin: Qarabağda talançılıq yolverilməzdir!

post-img

“İctimai aktivliyi ilə fərqlənən Rus İcması 30 il ərzində dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərini necə çatdırırdısa, icma üzvləri 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün tam bərpası uğrunda necə döyüşürdüsə, aksiyada da o şəkildə birlik, həmrəylik nümayiş etdirir. Ümummilli liderimiz Heydər Əliyevin köməyi və səyi nəticəsində yaradılmış Rus İcmasının nümayəndələri ölkəmizin tamhuquqlu vətəndaşları olaraq maddi sərvətlərimizin talanmasından, infrastrukturumuzun vəhşicəsinə məhv edilməsindən qəzəblənir, bu qanunsuzluqlara seyrçi kimi yanaşa bilmirlər. Məhz, bu səbəbdən, aksiyanın iştirakçısıyıq”.


Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Rus İcmasının sədri, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Mixail Yuryeviç Zabelin dedi. Deputat bildirdi ki, aksiyaya dəstək məqsədi ilə nümayəndələrini Şuşaya göndərib: “Məqsəd qanunsuzluğun qarşısını almaq, sərvətlərimizin talanmasına “Yox!” deməkdir: Bəzi ermənipərəst qüvvələr bəyan edirlər ki, guya, ­Laçın–Xankəndi yolunu bağlamışıq, humanitar yardımların qarşısını almışıq. Bunların hamısı yalandır. Çünki Beynəlxalq Qırmızı Xaç Komitəsinə və Rusiya sülhməramlılarına məxsus humanitar yükdaşıyan avtomobillərə aksiya iştirakçıları heç bir maneə yaratmırlar. Biz ekologiyamızın çirkləndirilməsinin,  sərvətlərimizin talanmasının qarşısını almışıq”. 


İcma sədri sözlərinə onu da əlavə etdi ki, ermənilər Qarabağda hər şeyi məhv ediblər, bircə daş belə salamat qalmayıb. Buna baxmayaraq, bölgədə yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edib yaşamalarına etiraz edilmir. Hətta Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşı kimi qəbul edib ərazilərimizdə sülh və əmin-amanlıq şəraitində yaşaya bilərlər. 


Laçın–Xankəndi yolunda davam edən etirazlar, bunu yaradan səbəblər barədə dünya ictimaiyyəti məlumatlandırılır. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının Xarici İşlər nazirinin Azərbaycan–Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşündə Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib. Yoldan üçtərəfli Bəyanat nəzərdə tutulmayan, təyinatdan kənar məqsədlər üçün istifadə edildiyi diqqətə çatdırılıb. Nazir etirazçıların legitim tələblərinin hələ də yerinə yetirilmədiyini və Ermənistanın bu vəziyyətdən özünün siyasi məqsədləri naminə istifadə edərək məsələni yanlış məcraya yönəltdiyini vurğulayıb.


Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı üzrə səfiri Kristina Yohannesson ilə görüşü zamanı da Laçın yolu ətrafındakı hazırkı vəziyyət mövcud bu çərçivədə ölkəmizin legitim tələbləri və təhlükəsizlik maraqları barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın sülh prosesinə və sülh sazişi üzrə danışıqlara yaratdığı maneələr diqqətə çatdırılıb.  

 
Azərbaycan Xarici İşlər naziri, həmçinin ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında növbəti telefon danışığı zamanı da Laçın–Xankəndi yolunda davam edən dinc aksiyadan söz açıb. C.Bayramov üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycanın Laçın yolunda yalnız vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verdiyini, lakin Ermənistan tərəfindən Laçın yolundan qeyri-qanuni iqtisadi fəaliyyətlər, erməni hərbçilərinin rotasiyaları, minaların daşınması üçün sui-istifadə edildiyini bildirib. Laçın yolunda etiraz aksiyaçılarının legitim tələblərinin hələ də yerinə yetirilmədiyini qeyd edib. Bölgədə, guya, “gərgin humanitar” vəziyyət yarandığı barədə iddiaların heç bir əsası olmadığını vurğulayıb. Nazir, həmçinin, Ermənistanın sülh sazişi üzrə danışıqlar prosesində manipulyasiyalara yol verdiyini diqqətə çatdırıb.


Qeyd edək ki, ötən il dekabrın 12-də səhər saatlarından başlayan aksiya 68 gündür davam edir. Laçın–Xankəndi avtomobil yolunun ekoloji aksiyanın keçirildiyi ərazisindəki hissəsində hərəkətin sərbəstliyi təmin edilir. Şuşa ərazisindən gün ərzində Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 50-dən çox humanitar yükdaşıyan avtomobilin keçidinə şərait yaradılıb. Ermənistan mətbuatında yayılan və etirazçıların, guya, Laçın–Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

 

Rizvan FİKRƏTOĞLU, 
“Xalq qəzeti”



Siyasət