Milli Məclisin Sədri Sahibə Qafarova fevralın 16-da Mərakeş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşla görüşüb.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır və siyasi sahədə yaxşı əlaqələr mövcuddur. Bildirilib ki, xalqlarımız bir çox ortaq baxışları bölüşürlər. Multikulturalizm, digərlərinə hörmət, islamofobiyanın rədd edilməsi kimi məsələlər xalqlarımızın tarixi-mənəvi dəyərləri sırasındadır.
Sahibə Qafarova Mərakeşin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində fəal iştirakı, o cümlədən, bu platformanın Madriddə keçirilən təsis, Bakıda keçirilən birinci konfransında təmsil olunmasını yüksək qiymətləndirib, Parlament Şəbəkəsinin institusional inkişafı, qarşıda duran vəzifələr barədə danışıb.
Görüşdə Azərbaycan və Mərakeşin ərazi bütövlüyü məsələsində də bir-birini dəstəklədiyi diqqətə çatdırılıb.
Ə.BƏDƏLOV, “Xalq qəzeti”