TƏBİB və Almaniyanın nüfuzlu “Sana” klinikası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
XQ verir ki, bu barədə TƏBİB-in mətbuat xidmətindən bildirilib. Memorandumu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və “Falk Beratung” şirkətinin baş icraçı direktoru Tomas Falk imzalayıblar.
Memoranduma əsasən, “Sana” klinikası tərəfindən Yeni Klinikada xəstəxana idarəetməsi üzrə təcrübə mübadiləsi, xarici pasiyentlərin cəlb edilməsi, birgə klinik sınaqlar-tədqiqatlar, həkimlər, tibb bacıları və administrativ işçilər üçün qarşılıqlı peşəkar təkmilləşmə proqramları, ISO 9001 və ya JCI beynəlxalq sertifikatlarının əldə olunması, tibb bacılığı üzrə peşəkar kadrların yetişdirilməsi üçün standartların işlənib hazırlanması və təkmilləşdirilməsi, müəssisədə tibbi xidmətlərin təkmilləşdirilməsi məqsədilə mütəxəssis mübadiləsinin həyata keçirilməsi və “Sana” brendindən istifadə hüququ nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, “Sana” Almaniyanın Münhen şəhərində yerləşən və 1976-cı ildən fəaliyyət göstərən aparıcı tibb şirkətlərindən biridir. 34 000-dən çox əməkdaşı olan klinika 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərir.
XQ