Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib

post-img

Azərbaycan Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib

 

Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə fəxri qonaq qismində iştirak edib. 

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qar­şıladı. 

Sonra birgə foto çəkdirildi. 

Tacikistan Prezidenti Emoməli Rəhmon qonaqları salamlayaraq dedi: Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyev sammitimizin işində fəxri qonaq qismində iştirak edir. Sizi salamlayı­ram. 

*** 

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında vurğuladı: Fəxri qonağımızı, Azərbaycan Res­publikasının Prezidenti İlham Heydər oğlu Əliyevi xüsusi olaraq salamlamaq istəyirəm. Qardaş Azərbaycanın lideri­nin iştirakı xalqlarımızın çoxəsrlik dost­luq tellərinin və qarşılıqlı anlaşmanın hərtərəfli möhkəmlənməsinə yönəlmiş səmimi səylərinin göstəricisidir. 

Əminəm ki, bugünkü sammit həqiqətən əlamətdar olacaq və çoxplanlı əməkdaşlığımızın gələcək dinamikasını müəyyən edəcək. 

*** 

Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında qeyd etdi: Für­sətdən istifadə edərək mən də Azər­baycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi sa­lamlamaq istəyirəm. 

*** 

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov çıxışında bildir­di: İcazə verin, mən də Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşün­də fəxri qonaq qismində iştirak edən hörmətli İlham Heydər oğlunu salam­layım. 

*** 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev dövlətimizin başçısının tədbirdə iştirakını yüksək qiymətlən­dirərək dedi: Azərbaycan Respublika­sının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevi bizim görüşümüzdə gör­məkdən şadam. Sizin iştirakınız region ölkələrinin Azərbaycan ilə dərin tarixi qarşılıqlı əlaqələrinin və əməkdaşlığın hazırkı yüksək səviyyəsinin daha bir təsdiqidir. 

Ölkələrimizin gələcək nəqliyyat po­tensialını artırmaq məqsədilə sahə na­zirlərin görüşləri çərçivəsində Mərkəzi Asiyanın nəqliyyat və tranziti haqqında sazişlər hazırlamasını, Çin, Cənubi Asiya və Yaxın Şərq ölkələrinə, Avropa İttifaqına çıxış üçün səmərəli nəqliyyat dəhlizlərinin konkret mexanizmlərinin biznes üçün sərfəli keçid tarifləri tətbiq edilməklə yaradılmasını, nəqliyyat xid­mətlərinin liberallaşdırılması üzrə təd­birlər planının tərtib edilməsini, icazə prosedurlarının optimallaşdırılmasını, beynəlxalq daşımaların inteqrasiyalı rəqəmsal platformalarının yaradılması məsələsinin nəzərdən keçirilməsini, azərbaycanlı tərəfdaşlarımızın birgə işimizə fəal qoşulmasını təklif edirəm. 

*** 

Sonra çıxış üçün söz dövlətimizin başçısına verildi. 

Prezident İlham Əliyevin çıxışı 

– Hörmətli Emoməli Şaripoviç. 

Hörmətli dövlət başçıları, əziz dost­lar!

Əvvəlcə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünün işində fəxri qonaq kimi iştirak etmək məqsədilə dəvətə görə Tacikistan Pre­zidenti, hörmətli Emoməli Şaripoviç Rəhmona təşəkkür etmək istərdim. Eyni zamanda, bu tədbirdə Azərbay­canın iştirakına verdikləri dəstəyə görə hörmətli həmkarlarıma minnətdarlığımı bildirirəm. 

Mən bu il qardaş Tacikistana ikin­ci dəfə səfər edirəm. Apreldəki dövlət səfərim, səfər çərçivəsində qəbul olun­muş qərarlar və imzalanmış sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Tacikistan Prezi­dentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözləyirik. Əminəm ki, səfər əlaqələrimizin daha da möhkəm­ləndirilməsinə xidmət edəcək. Bu für­sətdən istifadə edərək dost Tacikistan xalqını Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm. 

Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qar­daşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. 

Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm çoxtərəfli formatda fəal şəkildə qar­şılıqlı fəaliyyət aparırıq, bir-birimizin müstəqilliyini, suverenliyini və əra­zi bütövlüyünü dəstəkləyirik, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdiririk. Mərkəzi Asiya və Azərbaycan artan iq­tisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mə­dəni coğrafi regiondur. 

Mən Məşvərət Şurasının işində ilk dəfədir iştirak edirəm və əminliyimi bil­dirirəm ki, regional əməkdaşlığın bu formatı ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına zəmin yara­dacaq. 

Son iki il ərzində mən Mərkəzi Asi­ya dövlətlərinə doqquz səfər etmişəm. Bu müddət ərzində bütün qardaş döv­lətlərin başçıları Azərbaycana dəfələrlə səfərlər ediblər. İlin sonuna qədər qar­şılıqlı səfərlərin fəal dinamikası davam etdiriləcək. 

İkitərəfli əməkdaşlığın mühüm me­yarlarından biri qarşılıqlı ticarətin və sərmayələrin artımıdır. Sevindirici hal­dır ki, həmin iki istiqamət üzrə göstə­ricilər davamlı artıma malikdir. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz artıb. 

Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi razılaşdırılıb. Biz artıq sənaye əmək­daşlığı, maşınqayırma, avtomobil sə­nayesi, gəmiqayırma, kənd təsərrüfa­tı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsində­ki sərmayə layihələri ilk icra mərhələ­sindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük. 

Nəqliyyat və logistika sahəsi müna­sibətlərimizdə mühüm yer tutur. Azər­baycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamə­tində etibarlı tranzit ölkəsidir. Əks is­tiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliy­yat–logistika infrastrukturu onlar üçün açıqdır. 

Şərq–Qərb marşrutu ilə yükdaşı­malarına artan tələbatı təmin etmək məqsədilə Bakı–Tbilisi–Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bu­günkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. 

Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanma­sına malikdir. Mərkəzi Asiya ölkələrin­dən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, biz gəmiqayırma zavo­dunun imkanlarının genişləndirilməsi üzərində fəal çalışırıq. Yeni sərmayə layihələri başa çatdıqdan sonra isteh­sal olunan tanker və quru yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq. 

Daha böyük həcmdə tranzit yüklə­rini cəlb etmək üçün tariflərin optimal­laşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan biri Şərq–Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırıl­masıdır. 

Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir. 

Hörmətli həmkarlar, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 ili tamam olur. Mən dəyərli dövlət başçılarına rəs­mi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə sizi gör­məkdən məmnun olaram. 

Bu gün keçirilən görüşə dəvətə görə bütün dövlət başçılarına bir daha təşəkkürümü bildirmək istəyirəm və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh, əmin-amanlıq arzu edirəm. 

Diqqətinizə görə təşəkkür edirəm. 

*** 

Prezident Emoməli Rəhmon çıxı­şına görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkür etdi. 

*** 

Çıxışlardan sonra BMT-nin Baş ka­tibi Antonio Quterreşin videomüraciəti təqdim olundu. 

Daha sonra Məşvərət görüşünün Birgə Bəyanatı imzalandı. 

*** 

Qeyd edək ki, Mərkəzi Asiya Döv­lət Başçılarının Məşvərət görüşlərinin keçirilməsi təşəbbüsü 2017-ci ildə Öz­bəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən irəli sürülüb. Birinci görüş Qazaxıstanda, ikinci görüş Özbəkis­tanda, üçüncüsü Türkmənistanda, dör­düncüsü isə Qırğızıstanda keçirilib. 

AZƏRTAC

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 













Rəsmi xronika