Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü

post-img

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: 

– Hörmətli Şavkat Miromonoviç, hörmətli qonaq­lar, əziz dostlar, sizi Azərbaycanda salamlamağa şadam.

Biz qarşılıqlı fəaliyyətimizin mühüm məsələlərinə dair artıq ətraflı müzakirələr aparmışıq. Bu gün geniş tərkibdə davam edəcəyik. 

İlk növbədə, mənim dəvətimi qəbul etdiyinə və Azərbaycana dövlət səfərinə gəldiyinə görə Şavkat Miromonoviçə təşəkkürümü bildirmək istərdim. Öz­bəkistan Prezidenti seçkilərində qələbədən sonra bunun birinci dövlət səfəri olması bizim üçün xüsu­silə sevindiricidir. İlk növbədə, Sizi inamlı qələbə mü­nasibətilə bir daha təbrik etmək və ilk səfərinizi bizim ölkəmizə etdiyiniz üçün təşəkkürümü bildirmək istə­yirəm. Biz bunu qardaşlıq və dostluq, Azərbaycana hörmət əlaməti kimi qiymətləndiririk. 

Ölkələrimizi qədim tarix birləşdirir və bu təməl qarşılıqlı fəaliyyətin inkişafı üçün əsasdır. Sevindi­rici haldır ki, bütün istiqamətlərdə əməkdaşlıq çox səmərəli və məhsuldar gedir. Düşünürəm ki, son vaxtlar ölkələrimiz arasında dövlətlərarası müna­sibətlər ən yüksək səviyyəyə çatıb. Özbəkistana dövlət səfərimi və mənə göstərilən qonaqpərvərliyi məmnunluqla xatırlayıram. Həmçinin demək istə­yirəm ki, Özbəkistanın şahidi olduğum sürətli inkişa­fı, transformasiya, islahatlar, ölkənin Mərkəzi Asiya regionunun güclü sənaye dövlətinə çevrilməsi mən­də dərin təəssürat yaratdı. 

Əlbəttə, bir çox istiqamətlər üzrə ikitərəfli əmək­daşlıq üçün artıq ciddi baza yaradılıb. Bu, həm Sizinlə təmaslarımız, həm Azərbaycanda, həm də Özbəkis­tanda və başqa yerlərdə mütəmadi görüşlər, həmçi­nin dövlət strukturlarının nümayəndələri arasında sıx qarşılıqlı fəaliyyətdir. Onlar da fəal işləyirlər və düşü­nürəm ki, prezidentlərdən yaxşı nümunə götürürlər. Həmçinin bilirlər ki, Sizinlə danışdığımız kimi, biz bü­tün qərarların yerinə yetirilməsinin gedişinə nəzarət edəcəyik və bunu da uğurla edirik. Biz bu gün geniş tərkibdə görüşdə, - ötən ay hökumətlərarası komis­siyanın iclası olub, – həmçinin beynəlxalq platforma­larda, eləcə də energetika, nəqliyyat sahələri üzrə və bütövlükdə iqtisadi qarşılıqlı fəaliyyətdə görülmüş işlər barədə bizə məruzə edəcək nümayəndə heyət­lərinin üzvlərinə söz verəcəyik. 

Beləliklə, hörmətli Şavkat Miromonoviç, bir daha xoş gəlmisiniz. 

* * *

Prezident Şavkat Mirziyoyev çıxış edərək dedi: 

– Sağ olun, hörmətli İlham Heydər oğlu. Mən dəvətə, artıq Azərbaycan torpağına ayaq basdığı­mız andan nümayəndə heyətimizin bütün üzvləri ilə bərabər hiss etdiyimiz belə mehriban, dostcasına və qardaşcasına qəbula görə Sizə bir daha səmi­mi-qəlbdən təşəkkür edirəm. 

Əlbəttə, Siz doğru qeyd etdiniz ki, yenidən Öz­bəkistan Prezidenti seçildikdən sonra Azərbaycana səfərim təsadüfi deyil. Çünki son 3-4 il ərzində biz Sizinlə birlikdə münasibətlərimizi tamamilə başqa səviyyəyə yüksəltmişik, həmçinin beynəlxalq müstə­vidə. Bu, hər yerdə hamı tərəfindən qəbul edilir. Fik­rimcə, Azərbaycan ilə strateji tərəfdaşlığın dərinləş­dirilmiş həmin vektoru öz real bəhrələrini verir. Həm Azərbaycan, həm də Özbəkistan xalqları bunu görür. 

Artıq dediyim kimi, bu il əlamətdar ildir. Çünki Ulu Öndər, Azərbaycanın rəhbəri, Azərbaycan xalqının oğlu Heydər Əliyevin yüzillik yubileyi Özbəkistan­da çox yüksək səviyyədə keçirilib. Əlbəttə, bizdə - Özbəkistanda Heydər Əlirza oğlunun xatirəsinə tamamilə fərqli yanaşılır. Əslində, hesab edirəm ki, görülən bütün işləri Özbəkistan xalqı tamamilə başqa cür dəyərləndirir. Onu görən, onunla qarşıla­şan, onunla işləyən yaşlı nəsil də bizim Özbəkistan gənclərinə çatdırıblar ki, əslində, Azərbaycanın və Özbəkistanın həyatın həmin çətin anlarında qarşıya qoyulan hədəflərə çatması, Azərbaycan və Özbə­kistan rəhbərliyinin bir-birini başa düşməsi, çox şey əldə etməsi üçün Heydər Əlirza oğlu uzun illər əlin­dən gələni edib.

* * *

Görüşdə xarici işlər nazirləri, Azərbaycan Res­publikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiya­nın sədri, energetika, nəqliyyat və kənd təsərrüfatı nazirləri verilmiş tapşırıqlara uyğun olaraq sahələr üzrə məruzələri təqdim etdilər.

Dövlət başçıları əlavə tapşırıqlar verdilər. 

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında siyasi, iqtisadi, ticarət, sənaye, avtomobil istehsalı, metallurgiya, əczaçılıq, daşımalar və digər sahələr­də əməkdaşlıq məsələləri müzakirə edildi. Xüsusilə Azərbaycan ilə Özbəkistan arasında birbaşa avi­areyslərin artmasından məmnunluq ifadə olundu, həftədə 15 reysin həyata keçirildiyi bildirildi. 

Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq məsələləri müzakirə edildi. Qo­şulmama Hərəkatına sədrliyin Özbəkistana verilməsi barədə qərarın Bakıda qəbul olunduğu vurğulandı.

AZƏRTAC

Rəsmi xronika