Xankəndidə növbəti saxtakarlığa yol verilməyəcək

post-img

Ermənilərin Qarabağda öz saylarını şişirtməsi yeni gərginlik yaradar

2020-ci ilin payızında 44 günlük şanlı savaş ərzində əsgər və zabitlərimiz böyük hünər və qeyrət nümayiş etdirərək doğma torpaqlarımızı erməni işğalçılarından azad ediblər. Məlumdur ki, hazırda Xankəndi və ətraf yaşayış məntəqələrində müəyyən sayda erməni ailələri yaşayır. Üçtərəfli Bəyanata əsasən həmin ərazi Rusiya sülhməramlılarının nəzarəti altındadır. 

Son vaxtlar Qarabağda məskunla­şan ermənilərin sayı ilə bağlı mübahisəli fikirlər səsləndirilir. Məlumdur ki, ölkə­mizin rəsmiləri orada 50-55 min nəfər erməninin olduğunu qeyd edirlər. Amma Xankəndidəki qeyri-qanuni millətçi qu­rumlar əsassız olaraq əhalinin sayını şi­şirtməyə cəhd edir, guya hazırda ərazidə 120-130 min erməninin olduğunu bildirir­lər. Bu, əlbəttə ki, yalandır. 

Ermənilərin növbəti saxtakarlıqlarının məqsədi nədir və bunun qarşısını almaq üçün nə etmək lazımdır? Bu sualı Bakı Dövlət Universitetinin iqtisadi-sosial coğrafiya kafedrasının müdiri, profes­sor Çingiz İsmayılova ünvanladıq. 

Məlumat üçün bildirək ki, Çingiz müəllim uzun illər Xəzəryanı regionda neft-kimya kompleksinin ərazi təşkili ilə bağlı dəyərli elmi araşdırmalar aparıb. Bu sahədə 250-dən çox elmi və publisistik məqaləsi var. Elmi əsərlərinin böyük bir qismi rus və ingilis dillərində nəşr olunub. Ç.İsmayılov 15 kitabın və 5 monoqrafiya­nın müəllifidir. 2001-ci ildə Qazaxıstanda Neft-Qaz Universitetində professor adını alıb.

Professor sualımızı diqqətlə din­ləyib əvvəlcə aşağıdakı fikirləri dilə gətirdi: 

– Hazırda Azərbaycan və Ermənis­tan arasında Qarabağda yaşayan ermə­nilərin taleyi ilə bağlı gərgin müzakirələr gedir. Bizim mövqeyimiz bəllidir və bu mövqe beynəlxalq hüquqa və normalara əsaslanır. 

Azərbaycan dövləti ən yüksək səviy­yədə dəfələrlə bəyan edib ki, ölkə Kons­titusiyasına və qanunlarımıza tabe olan bütün ermənilər (silahlı quldur dəstələ­rinin üzvləri və müharibə cinayətkarları istisna olmaqla – müəllif) Qarabağda hər bir Azərbaycan vətəndaşı kimi sərbəst yaşaya və ictimai-siyasi fəaliyyətlə məş­ğul ola bilərlər. 

Təəssüf ki, ermənilər digər məsələlər­də olduğu kimi, bu mühüm prosesdə də məkrli planlar qururlar. Onların niyyəti öz saylarını süni surətdə artırmaqla Azər­baycan büdcəsindən daha çox vəsait qoparmaqdır. 

Buna görə də Xankəndi və onun ət­rafındakı məntəqələrdə faktiki olaraq nə qədər erməninin məskunlaşdığını əvvəl­cədən dəqiq müəyyən etmək son dərəcə vacibdir. Heç cür imkan vermək olmaz ki, onlar bu sahədə sənədləri saxtalaş­dırsınlar. 

–Professor, sizcə, bunun üçün, ilk növbədə, nə etmək lazımdır? 

–Fikrimcə, vaxt itirmədən, təcili ola­raq qlobal təşkilatlara müraciət etmək, ərazidə yaşayan əhalinin dəqiq siyahısı­nı tərtib etmək üçün beynəlxalq komissi­yanın yaradılmasına nail olmaq lazımdır. Yaxşı olar ki, komissiyaya Azərbaycan və Ermənistandan başqa, qonşu dövlətlərin, eləcə də Rusiya və Gürcüstanın, eləcə də Orta Asiya respublikalarından, heç ol­masa, birinin nümayəndələri daxil edilsin. 

Düşünürəm ki, bu prosesə BMT və ATƏT-in nümayəndələrini də cəlb etmək olar. Dünya bilməlidir ki, rəsmi Bakı hər bir problemin ədalətli və aşkar şərait­də çözülməsinin tərəfdarıdır. Qoy bey­nəlxalq ictimaiyyət bir daha bunun şahidi olsun ki, Azərbaycan haqqın və ədalətin tərəfindədir. 

Hər kəsə yaxşı bəllidir ki, ermənilərin ta qədimdən sənədləri saxtalaşdırmaq şakəri var. Bir fakt deyim. 1936-cı ildə Moskvada keçmiş SSRİ-nin coğrafi və siyasi atlası nəşr olunub. Orada Göyçə gölü öz həqiqi adı ilə qeyd edilib. Amma ermənilər sonrakı nəşrdə bunu Sevan gölü yazdırdılar. 

Ermənilər Qərbi Azərbaycan və Zən­gəzur ərazisindəki tarixi yer adlarımızın başına min oyun açıblar. Biz uzun illər buna dözmüşük. Ya da haqqımızı tələb edə bilməmişik. Fikrimcə, onlar bizim to­ponimləri dəyişən kimi, biz də dəyişməli idik. 

Bəli, tolerant xalqıq. Bəlkə də, bu bi­zim həm üstün, həm də zəif cəhətimizdir. Yəni biz ermənilər kimi kinli millət deyilik, bizim genetik kodumuz fərqlidir. Amma bu ürəyi yumşaqlıq başımıza çox bəlalar gətirib. Biz bundan dərs çıxarmalıyıq. 

İndi bəzi ermənilər guya sülhpərəst olublar. Deyirlər ki, Xankəndinin adı Stepanakert kimi qalsın. Olmaz! Siz öz ərazinizdə bütün adları dəyişirsiniz, bəs biz niyə dəyişə bilmərik? Bu, bizim əra­zimizdir. Stepanakert adlı şəhər yoxdur. Oranın adı Xankəndidir. Bunu birdəfəlik bilsinlər! 

Bir daha ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, biz vaxtilə onlara çox güzəş­tə getmişik. Onlar isə öz saxtakar əməl­lərini bu gün də davam etdirirlər. Yaxşı ki, İkinci Qarabağ müharibəsində qalib gəldik. Bu, çox parlaq qələbədir. Cənab Ali Baş Komandana, Milli Ordumuza eşq olsun deyirəm. Eyni zamanda, şəhid­lərimizin ruhu şad olsun. Bu gün bütün bölgələrimizdə çox sayda şəhid abidələri ucaldılıb. Bu abidələrin hamısı bizim şan­lı tariximizin rəmzidir. 

– Qarabağda yaşayan ermənilərin yaxın gələcəkdə Azərbaycan əhalisi ilə inteqrasiya barəsində nə düşünür­sünüz?

– Düşünürəm ki, bu proses yaxın bir neçə onilliklər ərzində olacaq. Bu, zəruri prosesdir. Ermənilər Azərbaycan dövləti­nin qanunlarına uyğun yaşayıb fəaliyyət göstərsələr, bir xalq və toplum olaraq bundan özləri də fayda götürəcəklər. 

Azərbaycan sülhsevər dövlətdir. Biz regiona sülh, əmin-amanlıq, təhlükəsizlik gətirəcəyik. Bunun qarşısını heç bir qüv­və ala bilməz. 

– Çingiz müəllim, əraziyə yeni er­məni ailələrinin gətirilməsi üçün cəhd­lər olacaqmı?

– Mən uzun illər iqtisadi coğrafiya sahəsində çalışan bir mütəxəssis kimi düşünürəm ki, Qarabağla heç bir hüquqi əlaqəsi olmayan erməni ailələrinin əra­ziyə köçürülməsi mümkün olmayacaq. Düzdür, bunu arzulayan beynəlxalq qüv­vələr mövcuddur. Lakin Azərbaycan döv­lətinin suveren hüquqlarını heç kəs poza bilməz. 

Bu yerdə ermənilərin hazırda yaşa­dıqları ərazilərdəki təbii resurslar, coğrafi relyef haqqında qısa məlumat vermək istərdim. Onların hazırda məskunlaşdığı ərazi dağ və dağətəyi bölgədir. Bu yer­lərdə yol çəkmək, evlər ucaltmaq düzən yerlərə nisbətən bir neçə dəfə baha başa gəlir. Ermənistanın buna gücü çatmaz və Azərbaycan dövləti də buna imkan ver­məz! 

Bu mənada Ermənistandan əlavə əhalinin Qarabağa gətirilməsi ehtimalı yüksək deyil. Bir də ki, onlar bizdən fərqli olaraq yad, özgə torpaqlara və dövlətlərə köçməyə çox meyillidirlər. Vikipediyada qeyd olunub ki, guya Ermənistanda 2,9 milyon əhali var. Orada faktiki olaraq heç bunun yarısı qədər insan yaşamır. 

Söhbəti qələmə aldılar:

Leyla HADİYEVA,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

Müsahibə