“Qara qitə” uğrunda mübarizə qızışır

post-img

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin bu gün keçiriləcək BRİKS sammitində iştirak etmək üçün Cənubi Afrika Respublikasına səfərə gəlib. Cənab Cinpin sammitdə iştirakla yanaşı, Afrikada bir sıra görüşlər də keçirməyi planlaşdırır. Politoloqların sözlərinə görə, Cənubi Afrikanın rəhbərliyi ilə tamhüquqlu danışıqlar aparmaq qərarı Pekinin “qara qitə”də mövqelərini daha da möhkəmləndirmək istəyi ilə diktə olunur. Çin Qərb şirkətlərini Afrikadakı ən böyük infrastruktur layihələrindən uzaqlaşdırdığı bir vaxtda, Qərb ölkələri Çin iqtisadiyyatında böhranın olacağını proqnozlaşdırır və afrikalıları Pekinlə əməkdaşlığın riskləri barədə xəbərdar edirlər.

ÇXR Sədri Si Cinpinin Cənubi Afrikaya səfəri iki ölkə arasında əlaqələrin qu­rulmasının 25-ci ildönümünə təsadüf edir və diplomatik iyerarxiyada ən yüksək döv­lət səfəri statusuna malikdir. Bunu BRİKS sammitində iş­tirakla birləşdirmək ideyası bu təşkilata sədrlik edən və avqustun əvvəlində Çin pre­zidentinə dəvət göndərən Cənubi Afrika Respublikası­nın prezidenti Siril Ramafosa məxsusdur. Səfər ərəfəsində prezident Ramafosa Cənubi Afrika xalqına həftəlik mesaj göndərərək Pekin ilə əmək­daşlıq perspektivini və onun ölkə üçün əhəmiyyətini açıq­lamışdı: “Ölkələrimiz ara­sında əlaqələr onillik strateji əməkdaşlıq proqramı (2020-2029) ilə dəstəklənir. Sədr Si Cinpinin səfəri ikitərəfli əmək­daşlıq sahələrində irəliləyişi qiymətləndirmək və onun də­rinləşdirilməsi yollarını müəy­yən etmək imkanı verir. Çin Cənubi Afrikanın ən böyük ticarət tərəfdaşıdır” deyən S.Ramafosa əlavə etmişdi ki, “Cənubi Afrikanın öz inkişaf yolunda Çindən öyrənəcəyi çox şey var”. Cənubi Afrika­nın enerji sahəsində hazırda 200-ə yaxın Çin şirkəti fəaliy­yət göstərir.

Si Cinpin BRİKS sammi­ti çərçivəsində Çin və Afrika ölkələri arasında keçiriləcək dialoqa da sədrlik edəcək. Çin liderinin Afrikaya diplo­matik yürüşü siyasi dairələrdə müzakirələrin yeni dalğasına səbəb olub. Belə ki, Si Cinpi­nin Cənubi Afrikaya yola düş­düyü gün Britaniyanın “Finan­cial Times” qəzeti “vəziyyətlə tanış olan adı açıqlanmayan mənbələrə” istinadən yazıb ki, Yohannesburq sammitində Çin BRİKS ətrafında getdik­cə daha fəal birləşən inkişaf etməkdə olan dövlətləri gələ­cəkdə bu təşkilatın G7-yə qarşı güc mərkəzinə çevril­məsinə yardıma sövq edə bilər. BRİKS-də üzv olmaq istəyən ölkələrin əksər hissə­si də Afrika qitəsindəndir və belə bir perspektiv “qara qitə” uğrunda mübarizəni daha da gücləndirir.

Öz növbəsində, Çin və Qərb ölkələrinin son illərdə apardıqları Afrika uğrunda mübarizəni təhlil edən Honq-Konqun “South China Mor­ning Post” qəzeti qeyd edir ki, çinli podratçılarına Qərb şirkətlərini Afrikanın ən böyük infrastruktur obyektlərindən sıxışdırıb çıxarmaq üçün təx­minən on il lazım olub. 1990-cı illərdə Afrika qitəsində hər on tikinti layihəsindən səkki­zi Qərb şirkətləri tərəfindən həyata keçirilirdi. Si Cinpin 2013-cü ildə yeni Çin lideri olduqdan və Pekin özünün in­teqrasiya meqa-layihəsini “Bir kəmər, bir yol” təşəbbüsünü təqdim etdikdən sonra və­ziyyət kökündən dəyişməyə başladı. Pekin Afrikada bir neçə böyük infrastruktur la­yihəsinə start verdi. 

Eyni zamanda, ümumi­likdə, Çin artıq qitə dövlətləri üçün ən böyük ticarət tərəf­daşına çevrilib. Çinin Afrika ölkələri ilə ticarəti 2021-ci ildə 250 milyard dollara ça­tıb, ABŞ-da isə bu rəqəm 62 milyard dollar olub. Qərbin Afrika uğrunda mübarizədə geriləməsini onun üçün in­vestisiya aktivliyinin getdikcə artan mənfi dinamikası ilə təsvir olunur. Son iki ildə Çi­nin Saharadan cənubda Afri­kadakı infrastruktur layihələri­nin ümumi həcmi 155 milyard dollara çatıb. Bunun fonunda ABŞ-ın bu regiona birbaşa in­vestisiyası 2021-ci ildə cəmi 44,8 milyard dollar təşkil edib. “Hinrich Foundation” araş­dırmasının müəlliflərinin fik­rincə, maliyyələşmədə Çinin xeyrinə olan belə boşluq ona Afrika hökumətlərinə əhəmiy­yətli təsir göstərməyə və yeni cəlbedici müqavilələr almağa imkan verib. 

Ancaq Qərb Afrikadan getməyi düşünmür. Avropa İt­tifaqı “Bir kəmər, bir yol” çərçi­vəsində Çin investisiyalarına cavab olan “Qlobal Gateway” strategiyasını təsdiqləyib. Avropa təşəbbüsü 2021-ci ildən 2027-ci ilə qədər inki­şaf etməkdə olan ölkələrə 300 milyard avro cəlb etməyi nəzərdə tutur. Bundan əlavə, G7 ölkələri inkişaf etməkdə olan ölkələrdə infrastruktur layihələrinə 600 milyard dol­lar vəsait cəlb etmək və sər­mayə qoymaq təşəbbüsü irəli sürüblər. Afrika bu vəsaitlərin əsas alıcılarından biri olmalı­dır. Bununla yanaşı, Qərb Çin iqtisadiyyatında böhranın ola­cağını proqnozlaşdırır və Afri­ka ölkələrinə Çinlə əməkdaş­lığın yaratdığı risklər barədə xəbərdarlıq edir. Si Cinpinin Cənubi Afrikaya səfərindən bir müddət əvvəl ABŞ prezi­denti Co Bayden Çini iqtisadi problemlərini “saatlı bomba” adlandırmışdı. Bir sıra Qərb ekspertlərinin fikrincə, “Çin Sədrinin milli təhlükəsizliyə diqqət yetirməsi iqtisadi səy­ləri məhdudlaşdırır və inves­torları qorxudur”. Bütün bun­lar belə deməyə əsas verir ki, böyük güc mərkəzləri arasın­da Afrika uğrunda mübarizə özünün daha gərgin mərhələ­sinə qədəm qoyur.

S.ELAY, “Xalq qəzeti”

Dünya