Azərbaycan və Qazaxıstan prezidentləri Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar YENİLƏNİB

post-img

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Astana Beynəlxalq Maliyyə Mərkəzində olublar.

Mərkəzin rəhbəri Renat Bek­turov investisiyaların cəlb edil­məsi və regional təşəbbüslərin dəstəklənməsi üçün Maliyyə Mərkəzinin potensialı, o cümlədən burada Azərbaycan layihələrinə beynəlxalq investorlarda maraq yaratmaq və sərmayələrin struktur­laşdırılması imkanları barədə döv­lət başçılarına məlumat verdi.

Diqqətə çatdırıldı ki, Astana Beynəlxalq Maliyyə Mərkəzi 2018-ci ildə fəaliyyətə başlayıb. Onun əsas funksiyaları Qazaxıstan iq­tisadiyyatına investisiyaların cəlb olunmasına kömək göstərilməsi, ölkənin maliyyə sahəsinin, o cüm­lədən fond bazarının inkişaf etdiril­məsi və beynəlxalq kapital bazarla­rına inteqrasiya olunmasıdır. 

2023-cü il martın sonunda Mərkəz vasitəsilə cəlb olunan in­vestisiyaların həcmi 8,1 milyard ABŞ dolları təşkil edib. Onun yuris­diksiyasında 73 ölkədən 1800-dən çox şirkət qeydə alınıb. Maliyyə Mərkəzinin vergi rejiminin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının vergi şəffaflığı qlobal standartlarına uyğun olduğu təsdiq edilib. 

Mərkəzin nəzdində fəaliyyət göstərən “Astana International Exchange” (AIX) birjası portfel investisiyalarının cəlb olunması üzrə səmərəli platformaya çevrilib, Qazaxıstanda yaşıl və dayanıqlı maliyyələşdirmə sahəsində regio­nal liderlik strategiyasının həyata keçirilməsi üzrə fəal iş aparan “Ya­şıl” maliyyə mərkəzi, startap eko­sistemi, təşəbbüs bazarı, elektron ticarət, korporativ innovasiyalar və yeni texnoloji istiqamətlərin inkişa­fına yardım etməyə cavabdeh olan “Tex Hub”a malikdir. Hazırda Ma­liyyə Mərkəzinin yurisdiksiyasında dünyanın 300 texnoloji, İKT və fin­teks şirkətləri, o cümlədən “Ama­zon Data Services Kazakhstan”, “Minebest”, “Bitfury”, “OneWeb”, “Binance” və digər qlobal şirkətlər qeydiyyata alınıb. 

Prezident İlham Əliyev sər­mayədarların sərbəst fəaliyyəti üçün etibarlı və münbit investisi­ya mühitinin əhəmiyyətini xüsusi vurğuladı. Orta Dəhlizlə bağlı mü­zakirələrin aparıldığını qeyd edən dövlətimizin başçısı bildirdi ki, bu dəhliz təkcə tranzit imkanlarının genişləndirilməsi baxımından deyil, müxtəlif sahələrdə biznesin inkişafı üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti Qazaxıstan ilə birgə istehsalatların yaradılması və investisiya layihələrinin reallaş­dırılması üçün nümayəndə heyət­lərinin səfərlərinin önəmini qeyd etdi. “Biz bir çox hallarda paralel kursla hərəkət edirik və Orta Dəhliz vasitəsilə artıq bütün infrastruktur­ları tam birləşdiririk”, - deyən Prezi­dent İlham Əliyev Qazaxıstanın iş­güzar dairələrinin nümayəndələrini ölkəmizə səfərə dəvət etdi.

Sonda Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək söz­lərini yazdı. 

AZƏRTAC















Rəsmi xronika