Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilib

post-img

Yanvarın 19-da Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Bu barədə XQ-yə Prezident Kitabxanasından məlumat verilib.

Bildirilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qanlı hadisələrin tarixi kökləri və nəticələri barədə geniş məlumat verib. O, vurğulayıb ki, bu tarix xalqımızın qəhrəmanlıq salnaməsi və milli azadlıq hərəkatının dönüş nöqtəsidir.

Professor Afət Abbasova, həmçinin Ümummilli lider Heydər Əliyevin xalqımızın başına gətirilən bu faciəyə ilk dəfə siyasi-hüquqi və tarixi qiymət verilməsindəki müstəsna rolunu xüsusi qeyd edib, bu siyasətin bu gün dövlət tərəfindən davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsinə və xalqımızın qəhrəmanlıq salnaməsinə həsr olunmuş videoçarx təqdim edilib.

Tədbirdə çıxış edən Kitabxana-biblioqrafiya xidməti bölməsinin İnformasiya-biblioqrafiya xidməti qrupunun məsləhətçi-biblioqrafı Minəvvər Əliyeva, Kitabxana fondu bölməsinin Dövri mətbuat fondu qrupunun məsləhətçi-redaktoru Afiyət Məcidova, Kitabxana fondu bölməsinin məsləhətçi-biblioqrafı Rəxşan Quliyeva, Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov 20 Yanvar faciəsi barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması və gənc nəslə vətənpərvərlik ruhunun aşılanması istiqamətində kitabxanaların üzərinə düşən məsuliyyətdən danışıblar.

Çıxışlarda şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər, eləcə də bu qanlı tarixin Azərbaycanın müstəqillik qazanmasındakı rolu qeyd olunub.

Tədbir çərçivəsində 20 Yanvar hadisələrinin tarixi mahiyyətini və xalqımızın azadlıq mübarizəsini əks etdirən “20 Yanvar. Təcavüz 1990” adlı ənənəvi kitab sərgisi və virtual sərgi təqdim olunub. Sərgilərdə 1990-cı ilin qanlı yanvar hadisələrinin səbəbləri, gedişi və nəticələrindən bəhs edən, sovet ordusunun Bakıda törətdiyi qırğınları faktlarla sübuta yetirən müxtəlif dillərdə nəşr olunmuş kitablar nümayiş etdirilir.

Qeyd edək ki, Prezident Kitabxanası tərəfindən 2010-cu ildə hazırlanmış “20 Yanvar. Təcavüz 1990” adlı elektron layihə 20 Yanvar faciəsinin tarixi, siyasi və hüquqi aspektlərinin sistemli şəkildə öyrənilməsi üçün mühüm mənbədir və layihə ilə https://aggression.preslib.az linki vasitəsilə ətraflı tanış olmaq mümkündür.













Qan yaddaşı