Xocalı soyqırımı mülki əhaliyə qarşı törədilmiş cinayətlərinin ən dəhşətlisidir. Ötən əsrin sonlarında xalqımızın yaşasadığı bu faciə əslində insanlığa qarşı idi. Erməni faşistləri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək xalqımıza qarşı misli görünməmiş soyqırımı aktını həyata keçirdilər.
Xocalı şəhəri viran olundu. 613 nəfər amansızçasına qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi naməlum qaldı. Xocalı şəhərində onlarla sosial-məişət obyekt, fərdi yaşayış binası, məktəb, klub, kitabxana, mədəniyyət evi və muzeylər dağıdıldı. Bununla yanaşı milli-mədəni abidələrimiz məqsədli şəkildə məhv olundu.
Erməni şovinistləri son iki əsrdə Azərbaycanın tarixi torpaqları hesabına reallaşdırmaq niyyətində olduqları mifik “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün xalqımıza qarşı ardıcıl olaraq terror, kütləvi qətl, deportasiya və etnik təmizləmə siyasəti həyata keçirməyə nail oldular. Dünya isə bu ədalətsizliyə səssiz yanaşdı.
Azərbaycan uzun illərdir ki, Xocalı soyqırımı faktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində sistemli şəkildə iş aparır. Bütün dünyanın gözü qarşısında törədilmiş bu dəhşətli cinayətin əsl mahiyyəti yalnız Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ölkədə siyasi hakimiyyətə qayıdışından sonra üzə çıxmışdı. 1994-cü ilin fevralında isə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdi.
Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Xocalı soyqırımı Azərbaycan və bir sıra digər ölkələr tərəfindən qətliam kimi tanınmış və pislənmişdir. Hər il fevralın 26-da Xocalı faciəsi qurbanları anılır və beynəlxalq ictimaiyyətin bu hadisəyə diqqət yetirməsi üçün müxtəlif tədbirlər keçirilir. Xocalı soyqırımı beynəlxalq ictimaiyyətdə geniş müzakirə olunan, lakin hələ də tam şəkildə qlobal səviyyədə tanınmayan faciələrdən biridir.
Azərbaycan və diaspor təşkilatları bu hadisənin soyqırımı kimi tanınması üçün müxtəlif diplomatik və hüquqi səylər göstərirlər. Bəzi ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı və ya qətliam kimi tanıyıb. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı qırğını ilə bağlı bir sıra qətnamələr qəbul edib və bu hadisəni insanlığa qarşı cinayət kimi dəyərləndirib.
ABŞ-da bəzi ştatların qanunverici orqanları (Texas, Nyu-Meksiko, Oklahoma, Nyu-Cersi və s.) Xocalı soyqırımını tanıyan qətnamələr qəbul ediblər. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının mülki əhalisinin ermənilər tərəfindən məhv edilməsini “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər sayıla bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Ermənistan hökuməti və bəzi beynəlxalq təşkilatlar bu hadisəni münaqişənin nəticəsi kimi göstərməyə çalışır və məsuliyyəti qəbul etmir. Ancaq Human Rights Watch və bir sıra beynəlxalq insan haqları təşkilatları Xocalıda mülki əhalinin qətlə yetirilməsini müharibə cinayəti kimi qiymətləndiriblər.
Soyqırımı aktının qlobal müstəvidə tanınması istiqamətində "Xocalıya Ədalət!" kampaniyası çərçivəsində müxtəlif tədbirlər keçirilir, sənədli filmlər, sərgilər və konfranslar təşkil edilir. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Məqsəd bu hadisənin daha çox ölkə tərəfindən tanınmasını və beynəlxalq hüquqi müstəvidə müzakirə olunmasını təmin etməkdir.
Ədalət gec də olsa, qalib gəlir və cinayət heç vaxt cəzasız qalmır. Şanlı Vətən müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin edilməsi ilə nəticələnən lokal xarakterli anti-terror tədbirləri zamanı tərksilah olunan separatçılar həbs olunaraq Bakıya gətirildi.
Xalqımıza qarşı çoxsaylı cinayətlərin törədilməsində iştirak etməkdə günahlandırılan Xocalı qatilləri, insan cəlladlarının mühakiməsi "Nürnberq prosesi"-nin davamı kimi ədalətli şəkildə aparılır. Harda yaşamasından asılı olmayaraq müstəqilliyimiz, ərazi bütövlüyümüzə qarşı uzanan barmaqlar kəsiləcək. Ölkəmiz yenilməz lideri ilə həyatının ən güclü, ən qüdrətli dövrünü yaşayır. İndi işğalı milli faciə ilə nəticələnən və heç vaxt unudulmayan qan yaddaşımız olan Xocalıda bayrağımız dalğalanır. Tarixi qələbəmizin memarı Prezident İlham Əliyevin qeyd etdiyi kimi biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi! 26 fevral dəhşətli, faciəvi bir gün kimi heç vaxt bizim yaddaşımızdan silinməyəcək!
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti