Azərbaycanın Tacikistandakı səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunan anım tədbiri və mətbuat konfransı keçirilib.
Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan icmasının nümayəndələri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr, jurnalistlər iştirak ediblər.
Tədbirdə ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sabiq sovet ordusunun Bakı şəhərində ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törətdiyini, bu qanlı cinayətin insanların azadlıq eşqini sındıra bilmədiyini deyib.
Səfir bildirib ki, Bakıda dinc əhaliyə qarşı törədilən bu qanlı aksiyanın müəllifi keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov və onun ətrafında olan ermənipərəst qüvvələr olub. M.Qorbaçovun göstərişi ilə sovet ordusu öz silahsız vətəndaşlarına qarşı odlu silah işlədib. Lakin xalqımızın əzmkarlığını, həmrəyliyini, müstəqilliyə olan istəyini əzmək planları baş tutmayıb.
Mətbuat konfransı zamanı jurnalistlərin 20 yanvar faciəsi, Qazaxıstanda baş vermiş təyyarə qəzası, həmvətənlərimizin Qərbi Azərbaycana qayıdış məsələsi, Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı son işlər, Tacikistan-Azərbaycan əlaqələrinə dair suallarına cavab verilib.
Tədbir çərçivəsində səfirlikdə “Qanlı Yanvar”a həsr olunmuş guşə yaradılıb və faciə ilə bağlı videoçarx nümayiş etdirilib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Düşənbə