20 Yanvar heç zaman unudulmayacaq şərəfli tarixdir

post-img

20 Yanvar təkcə matəm, ümummilli hüzn günü deyil, imperiyanın riyakar siyasətinə etiraz əlaməti olaraq haqq səsini ucaldan xalqımızın qəhrəmanlıq səhifəsidir. Azad doğulmuş və azad yaşamağa layiqincə nail olan xalqımızın azadlıq istəyinə bu dəfə də imperiya cəlladları misli görünməmiş bir vəhşiliklə cavab verdilər.

Ötən əsrin əvvəllərində müstəqilliyini dünyaya bəyan etmiş xalqımızın  müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlətinin süqutuna nail olan imperiya cəlladları 1990-cı ilin 20 yanvar günündə də azadlıq arzumuzu süngü ilə susdurmaq istədilər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakıda dinc əhaliyə qarşı amansız qətliam törətdi. 147 nəfər şəhid oldu, 638 nəfər yaralandı. Bəşəriyyət əleyhinə törədilmiş bu cinayətdən sonra 841 nəfər qanunsuz olaraq həbs edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələblərini kobudcasına pozan Qorbaçov rejimi bu cinayəti ört-basdır etmək məqsədi ilə dövlət televiziyasının enerji blokunu partladaraq məqsədli şəkildə Azərbaycanı informasiya blokadasına saldı.

Ölkə rəhbərliyi və xalqın qarşısında dayanan yalançı meydan qəhrəmanları qətliamdan sonra xalqın arxasında gizləndi.

Amma Kremlin məkrli siyasətinə etiraz əlaməti olaraq SSRİ rəhbərliyindən istefa vermiş gerçək lider Heydər Əliyev nümunə sərgiləyərək xalqımızın haqq səsini Moskvadakı Azərbaycan nümayəndəliyindən dünyaya çatdırdı! Həyatını xalq naminə təhlükəyə atan Ümummilli lider Heydər Əliyev 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edərək liderlik nümunəsi sərgilədi.

Bunu  hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirən Ulu Öndər Qorbaçov rejimini ifşa etdi. Əsl vətəndaşlıq nümunəsi sərgiləyən Ümummilli Lider informasiya blokadasına salınmış Azərbaycan həqiqətlərinin  dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühum addım atdı. Qlobal miqyasda böyük nüfuza malik Heydər Əliyevin tam obyektiv reallıq üzərində qurulan məlum bəyanatı informasiya blokadasının darmadağın olunması ilə nəticələndi. Dünya imperiyanın - Qorbaçov və onun cinayətkar xuntasının əsl simasını daha yaxından gördü.

Ulu Öndər Heydər Əliyev Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra 1994-cü ildə 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və bu qanlı cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.  

Qanlı Yanvar hadisələrindən 35 il keçir. 20 Yanvar müasir tariximizə ən faciəli günlərdən biri kimi daxil olmuş, xalqımızın qəhrəmanlıq səhifəsində milli müstəqillik və azadlıq mübarizəsinin simvoluna çevrilmidir.

Müasir dövrümüzdə şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir. Vətənimizin azadlığı uğrunda öz canlarını qurban verən şəhidlərimizin ailələri hər zaman dövlətimiz tərəfindən yüksək qayğı ilə əhatə olunmuşlar. Qanlı faciədə sağlamlığını itirən əlillərin sosial müdafiəsi, onların pensiya təminatı daim dövlət başçısı İlham Əliyevin diqqətindədir.

20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilmişdir. Dövlət başçısı şəhid ailələrinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində müvafiq fərman və sərəncamlar imzalamış, ölkədə bu məqsədlə sistemli işlər həyata keçirilmişdir.

20 Yanvar tariximizə təkcə qanlı faciə günü kimi qara hərflərlə yazılmadı, eyni zamanda müstəqilliyimizin, azadlığımızın təntənəsi kimi həkk edildi. Çünki xalqımız amansızlığa qarşı əyilmədi, sınmadı, əksinə daha da möhkəmlənərək əldə etdiyi azadlığı bütün dünyaya bəyan etdi. Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalanlar heç zaman unudulmur. Şəhidlər daim yaşayır, onlar ölümsüzdürlər və bu ölümsüzlük dövlətimizin müstəqilliyində, xalqımızın birliyində yaşamaqdadır.
Müstəqilliyimiz, azadlığımız uğrunda canlarını qurban verən qəhrəman şəhidlərimiz müqəddəslik simvolu kimi həmişə qəlbimizdədir və onlara hər zaman borcluyuq.
20 Yanvar şəhidlərinin qəhrəmanlığı hamımıza örnəkdir və xalqımızın heç zaman unudulmayacaq şərəfli tarixidir!

Yaşadığımız bu faciə tarixi müstəqilliyə gedən yolun kuliminasiya nöqtəsi oldu. Məhz bu baxımdan 20 Yanvar şəhidləri ürəyimizin ən dərin güşəsində, sevgi ünvanıdırlar.

Dövlət başçısı, cənab İlham Əliyevin qeyd etdiyi kimi şəhidlər bizim qəlbimizdə əbədi yaşayacaq.

Sizinlə fəxr edir, qəhrəmanlığınızla qürur duyur, qarşınızda baş əyirik, əziz şəhidlərimiz!
 
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı,
Naxçıvan Dövlət Universitetinin dosenti



Qan yaddaşı