“Neftçi” İdman Klubunun idmançıları ötən il ərzində iştirak etdikləri yarışlarda ümumilikdə 1001 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, bunlardan 337-si qızıl, 303-ü gümüş, 361-i isə bürünc mükafatdır.
Klubun istifadəsində olan idman qurğularında il ərzində 26 növ üzrə bölmələrdə 2000-dən çox yeniyetmə və gənc idmanla məşğul olub.
"Paris-2024" Yay Olimpiya Oyunlarında “Neftçi” İdman Klubunun cüdoçusu Hidayət Heydərov Olimpiya çempionu tituluna sahib çıxıb. Bununla da o, bir ildə həm Avropa, həm dünya, həm də Olimpiya çempionu adını qazanmaqla Azərbaycan idmanının tarixinə düşüb. Yunan-Roma güləşçisi Həsrət Cəfərov isə Paris Olimpiadasının bürünc medalına layiq görülüb.
"Paris-2024" Yay Paralimpiya Oyunlarında klubun təmsilçiləri 4-ü qızıl, 2-si gümüş və 5-i bürünc olmaqla 11 medala yiyələniblər.
Klubun idmançılarından İmaməddin Xəlilov, Səid Nəcəfzadə, Orxan Aslanov qızıl, Lamiyə Vəliyeva 1 qızıl, 1 gümüş, Raman Saley 1 gümüş, 2 bürünc, Sabir Zeynalov, Vəli İsrafilov və İlham Zəkiyev isə bürünc mükafat əldə ediblər. Həmçinin İ.Xəlilov Dünya Taekvondo Federasiyası tərəfindən 2024-cü ilin ən yaxşı kişi parataekvondoçusu adına layiq görülüb.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında tarixi uğura imza atıblar. Belə ki, Eldəniz Əzizli, Nihat Məmmədli və Ülvü Qənizadə mundialda inamla çıxış edərək dünya çempionu olublar. E.Əzizli bununla da Azərbaycanın güləş üzrə ilk dördqat dünya çempionu kimi adını tarixə yazdırıb.