Xalqımıza qarşı ermənilərin 1918-ci ildə həyata keçirdiyi soyqırımı ilə bağlı Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) anım mərasimi təşkil edilib. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin rektoru İlham Mədətov XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilərin “böyük Ermənistan” adlı qondarma ideyanın gerçəkləşməsi yolunda azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarının zaman-zaman təkrarlandığından söz açıb. Diqqətə çatdırıb ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.
ATMU-nun “Heydər Əliyev” lektoriyasının rəhbəri, tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı 1918-ci ilin mart ayında daşnak və silahlı erməni millətçiləri, o cümlədən bolşeviklər tərəfindən Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Lənkəranda, Salyanda, Zəngəzurda, Qarabağda, Naxçıvanda və digər bölgələrdə ağlagəlməz qətliamlar törədildiyini, minlərlə soydaşımızın qəddarlıqla öldürüldüyünü qeyd edib. Bildirib ki, köhnə stillə Novruz bayramı günlərində bir həftə ərzində təkcə Bakıda əksəriyyətini dinc sakinlər təşkil edən və əsas etibarilə müsəlman olan 12 mindən artıq insan vəhşicəsinə qətlə yetirilib. Hadisələrin ilk 3–4 günündə bolşevik-daşnak dəstələrinin azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə izin vermədiyini, şəhərin küçə, həyət və evlərindən meyitlərin yığılması ilə ermənilərin özlərinin də məşğul olduğunu, cəsədlərin həm hadisələrin baş verdiyi günlərdə, həm də sonra yandırılan binalara, quyulara, dənizə atıldığını bildirib. Bakıda hakimiyyətə Şaumyanın rəhbərlik etməsi səbəbindən qurbanların dəqiq sayının hesablanmasına imkan verilmədiyini diqqətə çatdırıb. M.Zülfüqarlı müəllifi olduğu 3 kitabda 1918-ci ilin iyununda Bakı Soveti qoşunlarının və erməni birləşmələrinin Hacıqabul–Kürdəmir istiqamətində törətdikləri soyqırımdan bəhs olunduğunu deyib.
Prezident İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba Soyqırımı Memorial Kompleksinə ziyarət-turların təşkilinin əhəmiyyətinə aydınlıq gətirib.
Universitetin ictimai fənlər kafedrasının professoru Minəxanım Əsədli 1918-ci ilin iyununda qardaş Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun qəhrəmanlıqından bəhs edib. Qafqaz İslam Ordusunun albayı, azərbaycanlı Yusif Ziya haqqında təəsüratlarını tədbir iştirakçıları ilə bölüşüb.
Z.HÜSEYNOVA
XQ