Qərb Ukraynanı yeni hücuma hazırlayır

post-img

Ukraynanın əks-hücumunun hələ də davam etməsinə baxmayaraq, Qərb hərbçiləri və siyasətçiləri artıq Ukrayna Silahlı Qüvvələrinin gələn il yaz hücumu barədə düşünürlər. “The Wall Street Journal” yazır ki, Kiyevin tərəfdaşları Ukraynanın işğal olunmuş əraziləri azad etmək uğrunda mübarizəsinin uzun müddət çəkəcəyini bilirlər.

Yazda Kiyevin əks-hücumuna başlayanda optimistlər ümid edirdilər ki, Ukrayna qoşunları ötənilki uğuru təkrarlaya və Rusiya qüvvələrini geri oturda bilər. Bununla belə, möhkəmləndirilmiş Rusiya xətlərini yarmaq üçün Qərb tanklarından və zirehli texnikasından istifadə etmək üçün edilən ilk cəhd dalana dirənib. O vaxtdan bəri irəliləyiş yavaş və ağrılı olub. Lakin hərbi liderlər və siyasətçilər artıq uzun sürən münaqişəyə necə hazırlaşacaqlarını düşünürlər.

ABŞ prezidenti Co Bayden NATO-nun Litvada keçirilən sammitində Ukraynaya dəstəyi davam etdirmək niyyətində olduğunu təsdiqləyib. ABŞ, NATO və Yaponiya Ukrayna üçün uzunmüddətli təhlükəsizlik planları hazırlayır və döyüş sursatı və raketlər də daxil olmaqla qabaqcıl silahlar tədarükünü davam etdirir. Bununla belə, ABŞ Baş Qərargah rəisi Mark Milli və digər hərbi rəsmilər xəbərdarlıq edirlər ki, Ukraynanın ötən il əldə etdiyi sürətli uğurları təkrarlamaq daha çətin olacaq.

Qərb ölkələri ümid edirdilər ki, Ukraynanın irəliləməsi Rusiya qüvvələrini bu qış prezident Vladimir Putini danışıqlar masasına gətirəcək qədər zəiflədə bilər. Diplomatlar bunun şansının indi çox çətin olduğunu deyirlər. Əvəzində Rusiya Ukraynada müdafiə xətlərini gücləndirir, qoşunlarının sayını artırır, sursat və silah istehsalını artırır. Qərb həm də hərbi sənayeni gücləndirir və bununla da uzun sürən müharibə perspektivini artırır.

S.ELAY,

"Xalq qəzeti"

Ordu