Müdafiə Sənayesi Nazirliyi ilə “TUSAŞ” şirkəti arasında Niyyət Protokolu imzalanıb

post-img

“İDEF-2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin üçüncü günündə Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşüb.

Nazirlikdən bildirilib ki, Mədət Quliyev Haluk Görgünü yeni təyinatı münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı iki qardaş ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq əlaqələrinin bundan sonra da daha sıx davam etdirilməsi və digər maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

“İDEF - 2023” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində gələcəkdə milli döyüş təyyarələrinin istehsalı sahəsində həyata keçirilməsi planlaşdırılan birgə layihələrdə yer alacaq mühəndis texniki personalın hazırlanması məqsədilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyə Respublikasının "TUSAŞ" şirkəti arasında Niyyət Protokolu imzalanıb.

İmzalanma mərasimində Azərbaycan Respublikası müdafiə sənayesi naziri Mədət Quliyev, Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, sərgi çərçivəsində Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin Makina və Kimya Endüstrisi şirkəti arasında əməkdaşlıq protokolu da imzalanıb.

Müqaviləni Azərbaycan tərəfindən müdafiə sənayesi nazirinin müavini Vüqar Mustafayev, Türkiyə tərəfindən isə milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçi imzalayıblar.

Ordu