№ 211 Bakı şəhəri, 16 aprel 2024-cü il
Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanının 1-ci hissəsinin üçüncü abzasına və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Neftçala rayonunun inzibati ərazisində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin istifadəsində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 523,0 hektar torpaq sahəsi Azərbaycan Respublikası Energetika Nazirliyinin istifadəsinə verilməklə, Neftçala rayonu Yenikənd Bələdiyyəsinin mülkiyyətində olan 400,0 hektar və Neftçala Bələdiyyəsinin mülkiyyətində olan 50,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə birlikdə, ümumilikdə 973,0 hektar torpaq sahəsi qoyuluş gücü 315 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilsin (torpaq sahəsinin yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritələri əlavə olunur).
2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi ilə bağlı tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”nın tələblərinə uyğun həyata keçirsin.
3. Bu Qərar qüvvəyə mindiyi tarixdən elektrik enerjisinin istehsalı məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş 973,0 hektar torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanu-nunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq alınır.
4. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 3-cü hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən üç gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Bu Qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri