Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 348 Bakı şəhəri, 28 sentyabr 2023-cü il

“Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsas­naməsi”nin təsdiq edilməsi haqqın­da

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası­nın 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidenti­nin 2021-ci il 12 iyul tarixli 1387 nöm­rəli Fərmanının 1.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azər­baycan Respublikasının Nazirlər Kabi­neti qərara alır:

1. “Bərpa olunan enerji mənbələ­ri üzrə informasiya sisteminin Əsas­naməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Energetika Nazirliyi:

2.1. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Na­zirliyi ilə birlikdə “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin (bundan sonra – BOEMİS) fəaliyyətinin təşkili, saxlanılması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

2.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükə­sizliyi Dövlət Xidməti ilə birlikdə BOE­MİS-in təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

2.3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatla­rı və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdi­rilməsi Qaydaları”na uyğun olaraq, BO­EMİS-in Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbay­can Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyin­də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiy­yəti bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Əsasnamənin 6.1-ci bəndində nəzərdə tutulmuş məlumatların Elekt­ron Hökumət İnformasiya Sistemi va­sitəsilə əldə olunmasını təmin etmək məqsədilə həmin məlumatların BOE­MİS-ə daxil edilməsini (ötürülməsini) mütəmadi təmin etsinlər və bu barədə ildə bir dəfə Azərbaycan Respublikası­nın Nazirlər Kabinetinə məlumat ver­sinlər.

4. Bu Qərarda dəyişiklik Azərbay­can Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fər­manı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qay­dası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

 

Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 sentyabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin

ƏSASNAMƏSİ

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-ci maddəsinə əsasən hazırlanmışdır və Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin (bundan sonra – BOEMİS) formalaşdırılmasının, aparılmasının, digər dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə inteqrasiyasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. BOEMİS-in formalaşdırılmasına, aparılmasına, inteqrasiyasına və arxivləşdirilməsinə dair bu Əsasnamə ilə tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na (bundan sonra – Qaydalar) uyğun olaraq həll edilir.

1.3. BOEMİS Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələri ilə bağlı digər məlumatlarla yanaşı, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə güc, istehsal, istehsal nəticəsində ölkə üzrə qənaət olunmuş təbii qazın həcmi və qənaət olunmuş yanacağa görə karbon qazı kvotasının satışından əldə olunan gəlirin həcminə dair rüblük və illik məlumatların təqdim edilməsini təmin edir və BOEMİS-in tərkib hissəsi olaraq bərpa olunan enerji mənbələri atlası yaradılır.

1.4. BOEMİS-də yaradılan, əldə edilən və toplanılan informasiya Azərbaycan Respublikasının mülkiyyətidir.

1.5. Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların BOEMİS vasitəsilə əldə edilməsinə görə ödəniş tələb olunmur.

2. Əsas anlayışlar

2.1. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. istifadəçi – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada BOEMİS-dən informasiya əldə etmək və ya istifadə etmək hüququ verilmiş, dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər;

2.1.2. iştirakçı – BOEMİS-in informasiya proseslərində iştirak edən dövlət orqanları (qurumları);

2.1.3. sahib – normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada BOEMİS üzərində sahiblik və istifadə hüququnu həyata keçirən, habelə sistemin aparılmasını təmin edən Azərbaycan Respublikasının Energetika Nazirliyi;

2.1.4. operator – sahibin normativ hüquqi aktlarla müəyyən edilən həcmdə və şərtlərlə BOEMİS-in fəaliyyətinin həyata keçirilməsi sahəsində hüquq və vəzifələrini həvalə etdiyi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi;

2.1.5. elektron kabinet – istifadəçilərin (fiziki və hüquqi şəxslər istisna olmaqla) bu Əsasnamə ilə müəyyən edilmiş funksiyalar çərçivəsində, Vahid Giriş Sistemi (“ASAN Login”) ilə eyniləşdirilməklə, BOEMİS-ə daxil olmasına və istifadəsinə imkan verən, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifə.

2.2. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

3. BOEMİS-in fəaliyyətinin prinsipləri

3.1. BOEMİS Qaydaların 2.1-ci bəndində qeyd edilən prinsiplər nəzərə alınmaqla,  aşağıdakı prinsiplər əsasında formalaşdırılır:

3.1.1. istifadə rahatlığı – BOEMİS-dən istifadənin və məlumat mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

3.1.2. fasiləsizlik – BOEMİS-də aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

3.1.3. funksionallıq və davamlı inkişaf – BOEMİS-in inkişaf etdirilməsi imkanını təmin edən proqram-texniki komponentlərin olması və ən son texnologiyalardan istifadə edilməklə BOEMİS-in daim təkmilləşdirilməsi;

3.1.4. operativlik – BOEMİS-də məlumatların yaradılması, toplanılması, işlənilməsi, saxlanılması və axtarışı işlərinin sürətli şəkildə həyata keçirilməsi;

3.1.5. sərbəstlik – BOEMİS-in fəaliyyətinin onda aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmaması;

3.1.6. şəffaflıq - BOEMİS-in fəaliyyətində və xidmətlərin (o cümlədən elektron xidmətlərin) göstərilməsində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənilməsi imkanının mövcudluğu.

4. BOEMİS-in strukturu

4.1. BOEMİS-in strukturu aşağıdakı modullardan ibarətdir:

4.1.1. “atlas” modulu;

4.1.2. “istifadəçilər” modulu;

4.1.3. “məlumatlar” modulu;

4.1.4. “təhlil və hesabat” modulu;

4.1.5. ”təlimat” modulu.

4.2. BOEMİS-in strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

4.2.1. “atlas” modulu vasitəsilə ilkin qiymətləndirmə əsasında bərpa olunan enerji mənbələri potensialından istifadə edilə biləcək torpaq sahələri (su obyektləri), onların hər birinin bərpa olunan enerji mənbəyi kimi potensialı, sərhədlərinin hüdudları və digər xüsusiyyətləri barədə aktual məlumatların daxil edilməsi, daxil edilən məlumatların yoxlanış üçün göndərilməsi və təsdiqlənməsi;

4.2.2. “istifadəçilər” modulu vasitəsilə sistemdə istifadəçi hesablarının yaradılması, istifadəçi hesablarının dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri ilə əlaqələndirilməsi, istifadəçi hesabı üzrə səlahiyyətlərin müəyyənləşdirilməsi və əlaqəli digər əməliyyatların idarə edilməsi;

4.2.3. “məlumatlar” modulu vasitəsilə bərpa olunan enerji mənbələri ilə bağlı digər məlumatlarla yanaşı, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə aşağıdakı rüblük və illik məlumatların idarə edilməsi:

1. stansiyanın layihədə nəzərdə tutulmuş gücü;

2. hesabat dövründə stansiyada istehsal olunan elektrik enerjisinin həcmi;

3. hesabat dövründə stansiyanın istehsalı nəticəsində ölkə üzrə qənaət olunmuş təbii qazın həcmi;

4. qənaət olunmuş yanacağa görə karbon qazı kvotasının satışından əldə edilən gəlirin həcmi;

4.2.4. “təhlil və hesabat” modulu vasitəsilə bir neçə mənbədən əldə edilmiş məlumatların ümumiləşdirilmiş təhlili, müxtəlif parametrlərə görə hesabatların alınması;

4.2.5. “təlimat” modulu vasitəsilə istifadəçilər üçün hesabatlılıq və məlumatların toplanması proseslərinin səmərəliliyini artırmaq üçün rəhbər metodiki xarakterli məlumatların (o cümlədən mini-vebinar və videotreninqlər vasitəsilə) təqdim edilməsi. 

5. BOEMİS-in texniki-texnoloji infrastrukturu

5.1. BOEMİS-in texniki-texnoloji infrastrukturu aşağıdakı əsas komponentlərdən ibarətdir:

5.1.1. proqram-texniki vasitələr və proqram təminatı;

5.1.2. telekommunikasiya kanalları;

5.1.3. əsas və ehtiyat mərkəzləri;

5.1.4. informasiya ehtiyatı və onun idarəetmə paneli;

5.1.5. BOEMİS-in test mühiti.

5.2. Proqram-texniki vasitələr və proqram təminatı BOEMİS-in bu Əsasnamənin 1.3-cü bəndində qeyd edilən funksiyalarının həyata keçirilməsini, fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə istifadəçilərin BOEMİS-dən istifadəsini və məlumat mübadiləsini təmin edir.

5.3. BOEMİS-in öz fəaliyyətinin etibarlılığını və təhlükəsizliyini, habelə məlumat mübadiləsini təmin edən dayanıqlı, mühafizəli, yüksək ötürücülü fiber-optik əsas və digər ehtiyat telekommunikasiya xətləri vardır.

5.4. Ehtiyat mərkəz BOEMİS-in fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək, habelə BOEMİS-də formalaşdırılan, BOEMİS-ə daxil edilən və BOEMİS-dən ötürülən məlumatların ehtiyat surətlərini saxlamaq məqsədilə yaradılır.

5.5. BOEMİS-də formalaşdırılan, BOEMİS-ə daxil edilən və BOEMİS-dən ötürülən məlumatlar BOEMİS-in informasiya ehtiyatında saxlanılır.

5.6. BOEMİS-in idarəetmə paneli informasiya ehtiyatının formalaşdırılmasını və idarə edilməsini, o cümlədən həmin informasiya ehtiyatından istifadəni təmin edir.

5.7. BOEMİS-də aparılan dəyişikliklərin yoxlanılması test mühitində həyata keçirilir.

5.8. BOEMİS sahibin və operatorun, habelə müvafiq dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının identikləşdirilməsi və göstərilən xidmətlərin dəqiq və ünvanlı həyata keçirilməsi məqsədilə Vahid Giriş Sistemi (“ASAN Login”) ilə təchiz olunur.

5.9. BOEMİS-in modulları BOEMİS-in texniki-texnoloji infrastrukturuna uyğun olaraq, bu Əsasnamənin 3-cü hissəsində qeyd edilən prinsiplər əsasında formalaşdırılır və fəaliyyət göstərir.

6. BOEMİS-ə informasiya sistemlərinin inteqrasiyası və məlumat mübadiləsinin təşkili

6.1. BOEMİS-ə daxil edilən, habelə EHİS vasitəsilə BOEMİS-ə ötürülən məlumatlar aşağıdakılardır:

6.1.1. dövlət torpaq, su, meşə və digər kadastrların bərpa olunan enerji mənbələrinin ərazilərinə dair milli məkan məlumatları;

6.1.2. bərpa olunan enerji mənbələrinin ərazilərinin yaxınlığında yerləşən ötürücü və paylayıcı elektrik şəbəkəsinə dair milli məkan məlumatları;

6.1.3. bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiyanın layihədə nəzərdə tutulmuş gücünə dair məlumatlar;

6.1.4. bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə rüblük və illik istehsal olunan elektrik enerjisinin həcminə dair məlumatlar;

6.1.5. bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə rüblük və illik istehsalı nəticəsində ölkə üzrə qənaət olunmuş təbii qazın həcminə dair məlumatlar;

6.1.6. qənaət olunmuş yanacağa görə karbon qazı kvotasının satışından əldə edilən gəlirin həcminə dair məlumatlar.

6.2. Dövlət orqanları (qurumları) informasiya sistemlərinə və ehtiyatlarına malik olduqda, həmin informasiya sistemləri və ehtiyatları EHİS vasitəsilə BOEMİS-ə inteqrasiya olunduqdan sonra bərpa olunan enerji mənbələri ilə bağlı formalaşdırdıqları məlumatları (sənədləri) real vaxt rejimində BOEMİS-ə ötürürlər.

6.3. BOEMİS-in digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyası, məlumat mübadiləsinin təşkili Qaydalara uyğun olaraq həyata keçirilir. BOEMİS ilə digər dövlət informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi mümkün olmadıqda, məlumatların (sənədlərin) BOEMİS-ə daxil edilməsi inteqrasiya pəncərəsi vasitəsilə həyata keçirilir.

7. Sahibin funksiyaları

7.1. BOEMİS-in fəaliyyətini təmin etmək üçün sahibin aşağıdakı funksiyaları vardır:

7.1.1. BOEMİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərinin layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə uyğun formada aparılmasına nəzarət etmək;

7.1.2. BOEMİS-in formalaşdırılması, istifadəsi və inkişaf etdirilməsi ilə bağlı beynəlxalq təcrübəni və standartları öyrənmək, bu sahədə müvafiq ölkədaxili və beynəlxalq qurumlarla (təşkilatlarla) əməkdaşlıq etmək;

7.1.3. BOEMİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

7.1.4. normativ hüquqi aktlarla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsi, vəzifələrinin və ya funksiyalarının icrası zamanı əldə etdiyi məlumatları BOEMİS-ə daxil etmək;

7.1.5. BOEMİS-ə daxil edilmiş məlumatların mühafizəsi ilə bağlı zəruri təşkilati və texniki tədbirlər görülməsinə, məlumatların aktuallığına, etibarlılığına, əlçatanlığına, tamlığına, konfidensiallığına, habelə onların ehtiyat surətlərinin saxlanılmasına və qorunmasına, informasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət etmək;

7.1.6. BOEMİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini Qaydalarla müəyyən edilən tələblərə uyğun formada aparmaq;

7.1.7. tələb edilən sənədlər barədə məlumatlar dövlət informasiya ehtiyatında və sistemində olduqda, həmin məlumatların ilkin mənbədən əldə edilməsi üçün operatorla birlikdə tədbir görmək;

7.1.8. BOEMİS-in dayanıqlı və fasiləsiz fəaliyyətinin təmin olunmasına nəzarət etmək;

7.1.9. BOEMİS-dən istifadə və onun funksiyaları ilə bağlı maarifləndirmə və məlumatlandırma işləri aparmaq;

7.1.10. BOEMİS-də dəyişikliklər, təkmilləşdirmələr aparılması üçün operatora təkliflər vermək və onların həyata keçirilməsinə nəzarət etmək;

7.1.11. BOEMİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə təqdim etmək;

7.1.12. BOEMİS-in təşkili və fəaliyyəti üzrə qiymətləndirmələrin aparılması üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə zəruri şərait yaratmaq;

7.1.13. bu Əsasnamədən irəli gələn digər funksiyaları həyata keçirmək.

8. Operatorun funksiyaları

8.1. Operatorun funksiyaları aşağıdakılardır:

8.1.1. BOEMİS-in idarə olunmasını təşkil etmək, habelə BOEMİS-in fəaliyyətinin təkmilləşdirilməsi və funksional imkanlarının artırılması istiqamətində tədbirlər görmək;

8.1.2. BOEMİS-i EHİS-ə inteqrasiya etmək, digər dövlət informasiya ehtiyatı və sistemi ilə məlumat mübadiləsini EHİS vasitəsilə həyata keçirmək;

8.1.3. BOEMİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

8.1.4. BOEMİS-ə daxil edilmiş və (və ya) ötürülmüş məlumatların mühafizəsi ilə bağlı aşağıdakı tədbirləri həyata keçirmək:

1. məlumatların aktuallığını, etibarlılığını, əlçatanlığını, tamlığını, konfidensiallığını, habelə onların ehtiyat surətlərinin saxlanılmasını və qorunmasını təmin etmək;

2. məlumatlara icazəsiz girişin qarşısını almaq;

3. məlumatlara giriş qaydalarının pozulması ilə bağlı xəbərdarlıq etmək;

4. proqram-texniki vasitələrin fəaliyyətini poza biləcək təsirlərin qarşısını almaq;

5. icazəsiz giriş nəticəsində dəyişdirilmiş və ya məhv edilmiş məlumatların dərhal bərpası imkanını təmin etmək;

6. məlumatların mühafizə səviyyəsini müəyyən etmək;

7. sistem proqramlarının, tətbiqi proqramların və informasiya ehtiyatlarının mütəmadi yenilənən ehtiyatının saxlanılmasını təmin etmək;

8. informasiya təhlükəsizliyinin təmin edilməsi üçün digər tədbirlər görmək;

8.1.5. BOEMİS-in dayanıqlı və fasiləsiz fəaliyyətini təmin etmək, təkmilləşdirilməsi üçün tədbirlər görmək;

8.1.6. BOEMİS-in komponentlərinin və proqram təminatının təyinatı üzrə istismarını, texniki xidmətini, təmirini və yenilənməsini təmin etmək, təkmilləşdirilməsinə dair profilaktik işlər aparmaq;

8.1.7. sahibin təklifləri əsasında BOEMİS-də dəyişikliklər edilməsi və təkmilləşdirmələr aparılması üçün tədbirlər görmək;

8.1.8. sahibin müraciəti əsasında normativ hüquqi aktlarda edilən dəyişikliklərə əsasən proqram təminatında uyğunlaşdırmalar aparılmasını, eləcə də yeni proqram modullarının yazılmasını və sınaqlar keçirilməsini təmin etmək;

8.1.9. BOEMİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və ya arxivləşdirilməsi ilə bağlı rəsmi sənədləri və texniki məlumatları sahibə təqdim etmək;

8.1.10. BOEMİS-in təhlükəsizliyi pozulduqda, əsas avadanlıqda hər hansı qəza (xəta) baş verdikdə, qəzanın (xətanın) dərhal aradan qaldırılması üçün tədbirlər görmək, bu mümkün olmadıqda isə BOEMİS-in ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək;

8.1.11. bu Əsasnamənin 8.1.10-cu yarımbəndində qeyd edilən hallar barədə sahibi məlumatlandırmaq;

8.1.12. BOEMİS-dən istifadə zamanı yaranan nasazlıqları aradan qaldırmaq məqsədilə təxirəsalınmaz tədbirlər görmək;

8.1.13. BOEMİS-in parametrlərində dəyişiklik etmək və bütün mümkün parametrlər üzrə hesabatlar əldə etmək;

8.1.14. BOEMİS-in proqram kompleksinə nəzarəti həyata keçirmək və mütəmadi texniki baxışları təşkil etmək;

8.1.15. BOEMİS-in formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi işlərini layihələrə, texniki reqlamentlərə, beynəlxalq standartlara və normativ hüquqi aktlarla müəyyən edilən tələblərə uyğun formada aparmaq;

8.1.16. bu Əsasnamədən irəli gələn digər funksiyaları həyata keçirmək.

9. İştirakçıların funksiyaları

9.1. İştirakçıların aşağıdakı funksiyaları vardır:

9.1.1. BOEMİS-in fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

9.1.2. BOEMİS-ə çıxışı olan, habelə onun aparılmasında iştirak edən əməkdaşlarını gücləndirilmiş elektron imza ilə təmin etmək;

9.1.3. BOEMİS-ə daxil olmağa imkan verən elektron imza vasitələrinin konfidensiallığını (məxfiliyini) təmin etmək;

9.1.4. aktual, tam və etibarlı məlumatları (sənədləri) vaxtında və dolğun şəkildə BOEMİS-ə daxil etmək (ötürmək), bu məlumatların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək;

9.1.5. məlumatların mühafizəsini təmin edən avadanlıq və proqram vasitələrinə müdaxilə etməmək;

9.1.6. BOEMİS-dən və sistemdə olan məlumatlardan (sənədlərdən) yalnız xidməti məqsədlər üçün istifadə etmək;

9.1.7. BOEMİS-də saxlanılan məlumatlarda (sənədlərdə) aşkar edilmiş səhvlərin aradan qaldırılması məqsədilə dərhal sahibə məlumat vermək;

9.1.8. sahibin sorğularını vaxtında və tam cavablandırmaq, habelə qeyd olunan sorğular əsasında zəruri məlumatları (sənədləri) ona təqdim etmək;

9.1.9. sahibin BOEMİS-ə daxil etdiyi və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumatları daim izləmək;

9.1.10. BOEMİS-in fəaliyyətinə zərər gətirəcək, habelə onun fəaliyyətinin ləngiməsinə və ya dayanmasına səbəb ola biləcək hərəkətlərə yol verməmək;

9.1.11. normativ hüquqi aktların tələblərinə uyğun olaraq informasiya təhlükəsizliyini  təmin etmək;

9.1.12. bu Əsasnamədən irəli gələn digər funksiyaları həyata keçirmək.

10. BOEMİS-dən istifadə

10.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan dövlət orqanlarının (qurumlarının) BOEMİS-dən istifadəsi onların informasiya ehtiyatları və sistemləri Qaydaların 4-cü hissəsinə uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

10.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan dövlət orqanlarının (qurumlarının) BOEMİS-dən istifadəsi sistemdə yaradılan elektron kabinet vasitəsilə təmin edilir. Bu halda dövlət orqanlarının (qurumlarının) möhür hüquqlu rəhbər şəxsi tərəfindən BOEMİS-də qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxsləri identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetə daxil olaraq sistemdən istifadə edirlər.

10.3. Hüquqi və fiziki şəxslər internet informasiya ehtiyatı vasitəsilə BOEMİS-də olan açıq məlumatlarla, o cümlədən bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadə üzrə görülən işlər barədə məlumatlarla tanış ola bilərlər.

10.4. Sahib istifadəçinin BOEMİS-in məlumatlarına giriş hüquqlarını aşağıdakı hallarda məhdudlaşdırır:

10.4.1. BOEMİS-ə qeyri-qanuni daxilolma və ya müdaxilə baş verdikdə;

10.4.2. bu Əsasnamə ilə müəyyən edilmiş tələblər yerinə yetirilmədikdə.

 

Nazirlər kabinetinin qərarları