Həssas qrupların sosial müdafiəsi gündəmdə

post-img

Qarşıda duran əsas vəzifələrdən biri şəhid ailələri və digər həssas qrup­ların sosial dəstək tədbirləri ilə əhatə olunmasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bu sahədə aparılan işlərdən bəhs olunub.

Kollegiyanın sədri, nazir Sahil Babayev Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, müharibə iştirakçıları ilə bağlı hə­yata keçirilən geniş sosial dəstək tədbirlə­rini qeyd edib. 

Onun çıxışında həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış hərbçilərimizin ailələrinin, habelə həmin tədbirlər zama­nı yaralanmış hərbçilərimizin də sosial dəstəklə təminatının hazırda əsas fəaliy­yət istiqamətlərindən biri olduğu, qeyd olu­nan istiqamətdə müvafiq işlərin aparıldığı vurğulanıb. 

Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminat proqramının uğurla davam etdiril­diyi bildirilib. Həmin kateqoriyalardan olan vətəndaşlara bu il daha 750, postmühari­bə dövründə 5 min 250, ümumilikdə ötən dövrdə 14 min 50 mənzil və fərdi ev təq­dim olunduğu qeyd olunub. Yeni mənzil və fərdi evlərin təqdim edilməsi tədbirlərinin qarşıdakı dövrdə də davam etdiriləcəyi bildirilib. 

Sosial xidmətlər sahəsində görülən işlər, o cümlədən bu il 5 min 149 nəfərə evdə sosial-məişət xidməti göstərildiyi, 100 uşağın övladlığa verildiyi, reinteq­rasiya tədbirləri nəticəsində dövlət uşaq müəssisələrindən 126 uşağın öz ailəsinə qaytarıldığı qeyd olunub. Cari ildə 2 min 247 imtiyazlı şəxsin, o cümlədən 300-dən çox şəhid ailəsi üzvünün sanatoriya-kurort yollayışı ilə təmin edildiyi diqqətə çatdırı­lıb.

Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması, “Himayədar ailə” qayğı modelinin tətbiqi istiqamətində görülən işlərdən bəhs olu­nub. “Şəhid övladlarının anaları ilə birgə səyahət və təlim proqramı”, “Qəhrəman­larımız üçün yaşıl işıq” sosial-psixoloji dəstək layihəsinin həyata keçirildiyi qeyd olunub.

İclasda sosial xidmətlər, hüquq, bey­nəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və digər sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələr də müzakirə olunub. 

Zərifə BƏŞİRQIZI 
XQ

Sosial həyat