İqlim dəyişməsi torpağı da ciddi təhdid edir

post-img

COP29-un Azərbaycanda keçirilməsi qərarı dünya ölkələrinin yekdil mövqeyi əsasında qəbul olunub. Konfrans çərçivəsində müzakirə olunan problemlərdən biri də iqlim dəyişikliyinin kənd təsərrüfatına təsiri olacaq. 

Temperaturun artması, yağıntı normasının dəyişməsi və ekstremal hava hadisələrinin tez-tez baş verməsi ərzaq təhlükəsizliyi üçün ciddi təhdidlər yaradır. Bu şəraitdə kənd təsərrüfatının dayanıqlı inkişafının gerçəkləşdirilməsi təkcə milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilməlidir. Bu zaman torpaqların şoranlaşmasının qarşısının alınması da ən mühüm məsələlərdən biridir. Azərbaycan Pedaqoji Universitetinin dosenti, çoğrafiya üzrə fəlsəfə doktoru Mətanət Əsgərova bununla bağlı söhbətində dedi: 

– Ölkəmizdə torpaqlar normadan artıq və ənənvi qaydada – selləmə yolu ilə suvarılır. Fermerlər elə düşünürlər ki, əkin sahələrinə çox su verməklə bol məhsul əldə etmək olar. Lakin bu, heç də belə deyil. Çünki əvvəla hər bitkinin vegetasiya dövrünə uyğun su norması var. Artıq su bitkinin düzgün qidalanmasını, maddələr mübadiləsini çətinləşdirir, torpağın normal tənəffüs prosesini pozur. Çox su verməklə torpağın bitki üçün əhəmiyyətli qida maddələri yuyulur. Digər tərəfdən, selləmə yolu ilə suvarma zamanı su torpağın nisbətən çökək hissəsinə yığılaraq qurunt suyunun qalxmasına səbəb olur. Belə ərazilərdə, adətən, yerin 1–1,5 metr dərinliyində toplanan şor sular sonradan düzgün suvarılmanın aparılmaması, drenaj–kollektorların işləməməsi nəticəsində torpağın səthinə çıxır. Nəticədə qrunt suları ilə birlikdə torpağın səthinə zərərli duzlar yığılır. Havanın isti keçməsi nəticəsində su buxarlanır, duzlar isə torpağın üst hissəsində qalır. 

Natrium, maqnezium, kalsium kationları duz əmələ gətirərək torpağı şoranlaşdırır. Duzların miqdarı 2–3 faizdən çox olduqda bitkilərə məhvedici təsir göstərir, onun kökünü qurudur və qida maddələrini mənimsəməyə imkan vermir. Nəticədə bitkinin inkişafı ləngiyir. Torpaqda havalanma getmədiyindən qida maddələri azalır və şoranlaşmaya səbəb olan kimyəvi maddələr isə çoxalır. 

Şoranlaşma birbaşa məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Belə torpaqlarda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 40 faizdən yuxarı qalxmır. Şoran olmayan ərazidə pambıqdan hektara 45-50 sentner məhsul götürmək mümkünsə, şoranlıq ərazidə bu göstərici 15-20 sentner təşkil edir. Taxıl və digər sahələrdə də vəziyyət belədir.

– Kür, Araz çayları ətrafında şoran torpaqların həcmi getdikcə artır. Buna səbəb həm də suvarma kanalları göstərilir.

– Mövcud suvarma şəbəkələrinin, təxminən, 70 faizinin torpaq məcralı olması böyük su itkilərinin yaranmasına səbəb olur. Həmin torpaq kanallarda su filtrasiya olunur, yeraltı sızma ətrafdakı torpaqlarda qrunt sularının səviyyəsini qaldırır. Suyun sızması nəticəsində ətraf ərazilər şoranlaşmaya məruz qalır. 

Ölkəmizin ovalıq hissəsində suvarılan ərazilərdə deqradasiyaya drenaj–kollektor şəbəkəsi də təsir edir. Kür–Araz ovalığında hələ XX əsrin ortalarında yaradılmış kollektor–drenaj şəbəkəsi demək olar ki, sıradan çıxdığından toplanan şor suları suvarılan sahələrdən uzaqlaşdıra bilmir. Nəticədə qrunt sularının səviyyəsi qalxaraq torpaqları şoranlaşdırır və bəzi sahələrdə səthə çıxaraq göl–bataqlıq landşaftı yaradır.

– Ağacların kəsilməsi, meşə sahələrinin azalması da şübhəsiz ki, torpağın şoranlaşmasına təsir edir. 

– Ölkəmizin ağ ciyərləri sayılan meşələr nəfəs aldığımız havanı təmizləyir, içdiyimiz suyu süzür, eroziyanın qarşısını alır və iqlim dəyişikliyinə qarşı mühüm tampon rolunu oynayır. Suyun dövranını, onun balansını tənzimləyir. Ağacların qırılması isə aran rayonlarında şoranlaşmanın ciddi səbəblərindən birinə çevrilir. Kür çayı boyu Tuqay meşələrinin qırılması bunun bariz nümunəsidir. Bu, əhalinin artması, heyvandarlığa olan tələbatın çoxalması və meşə torpaqlarından kənd təsərrüfatında istifadə edilməsi ilə əlaqədar baş verir. Torpağın küləyin təsirinə daha çox məruz qalmasına səbəb olur. Nəhayət, Tuqay meşələrinin qırılması qrunt sularının səthə çıxması, gölməçələrin, bataqlıqların və ərazinin soranlaşması ilə özünü göstərir. Bu cür ərazilər Yevlax, Kürdəmir, Zərdab, Sabirabad və s. rayonlarda daha qabarıq nəzərə çarpır. Məsələn, Kürdəmirdə şoranlaşma, şorakətləşmə dərəcələrinə görə, ümumi ərazinin 51 faizi təhlükə altındadır. Qazaxda bu rəqəm şorlaşma və eroziya nəticəsində 68 faizdir. Zərdab, Beyləqan və Yevlaxda da ümumi əraziyə nisbətdə şoranlaşan, şorakətləşən torpaqların faizi yüksəkdir. 

 – Şoranlaşmaya qarşı mübarizə tədbirləri barədə nə deyə bilərsiniz? 

– Məhsuldarlığı xeyli aşağı salan şorlaşmaya qarşı vaxtında tədbir görülmədikdə onun sahəsi genişlənərək, daha böyük ərazidə torpaq və bitki örtüyünün deqradasiyasına gətirib çıxarır. İlk növbədə, şoran torpaqlar kənd təsərrüfatı üçün yararlı hala salınmalıdır. Suda həll olan duzlar yuyulub torpaqdan kənar edilməli, drenaj çəkilməli, gipsləmə aparılmalı və torpağa üzvi gübrələr verilməlidir. Yuyulma norması torpağın mexaniki tərkibindən, qrunt suyunun dərinlik səviyyəsindən və şorlaşma dərəcəsindən asılı olaraq dəyişir. Əvvəlcə torpaq dərin şumlanmalı və yüksək su norması ilə yuyulmalıdır. 

Əkin sahələrinin suvarılmasında müasir sistemlərdən istifadə genişləndirilməlidir. Məsələn, damcı suvarma üsulu suyu kiçik dozalar ilə, birbaşa bitkilərin kök üstündə olan sahəyə verməyə imkan yaradır. Çiləyici suvarma üsulu isə bilavasitə bitkilər üzərində havanın rütubətini artırır, temperaturu aşağı salır və torpağı nəmləndirir. Hər iki üsul su itkisinin qarşısını alır, torpağın soranlaşmasına imkan vermir. 

Pünhan ƏFƏNDİYEV 
XQ

 



Müsahibə