Ömrünü elmə həsr edən ziyalı

post-img

Əli Xəlilov – 90 

Görkəmli geoloq-alim Əli Xəlilovun şəxsiyyəti təkcə elmi nailiyyətlər timsalı deyil, eyni zamanda, ən çətin sədləri keçən gücün örnəyi sayıla bilər. Onun mənalı və zəngin ömür yolu Azərbaycan elminin inkişafı və milli-mənəvi dəyərlərin qorunması ilə sıx bağlıdır.

Həyatının 9-cu onilliyini başa vuran Əli müəllim 1934-cü il sentyabrın 15-də Azərbaycanın füsunkar guşələrindən biri olan Gədəbəy rayonunda, Şınıx mahalının İsalı kəndində kolxozçu ailəsində anadan olub. O, 6 yaşında 1-ci sinfə gedib və 16 yaşında Cayrəsullu orta məktəbini əla qiymətlərlə bitirib. Tanınmış həmyerlisi – akademik Firudin Köçərlinin məsləhəti ilə 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində yeni açılmış “Neft və qaz” şöbəsinə qəbul olunub və orada da yalnız əla qiymətlərlə oxuyub. 

Universiteti bitirdikdən sonra Əli Xəlilov təyinatla Başqırdıstanın “İşimbayneft” mədənlər idarəsində əvvəlcə qazmaçı köməkçisi, sonra isə geoloq vəzifəsində çalışıb. O zaman Bakıda məzuniyyətdə olarkən təsadüfü bir görüş onun həyatında həlledici rol oynayıb. Elmlər Akademiyasının İdarə heyətinin binası yaxınlığında ünlü həmkarı – görkəmli alim Xudu Məmmədovla tanış olub və onun yolu ilə getmək istədiyini bildirib. Xudu müəllimin tövsiyəsi ilə daha 1 il Başqırdıstanda işlədikdən sonra Bakıya qayıdıb. 

“Azneft”in baş geoloqu Baba Babazadənin qəbuluna düşən gənc Əlinin onunla söhbəti tutur və adlı-sanlı idarə rəhbərindən Başqırdıstandan köçürmə yolu ilə işə düzəltmək üçün məktub alır. Tezliklə o, “Azneft”in “Şirvanneft” mədənlər birliyində işə düzəlir. Daha sonra Əli Xəlilovu “Fiziki-kimyəvi və “Qeyri-üzvi kimya” (indiki Kataliz və qeyri-üzvi kimya İnstitutu) İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Heydər Əfəndiyevin dəstəyi ilə bu tədqiqat ocağının analitik laboratoriyasına elmi işçi vəzifəsinə götürürlər. Bir il işlədikdən sonra Əli müəllim aspiranturaya daxil olur və Moskva şəhərinə – SSRİ EA-nın “Analitik kimya və Geokimya” institutuna ezam edilir.

Beləliklə, aspiranturada Əli müəllimin həyatının və elmi fəaliyyətinin ən məzmunlu və ən çətin anları başlayır. Ona elmi mövzu kimi “Murmanita-Lomonosovita qrupu minerallarının rentgen quruluşlu tədqiqi” təklif olunur. Bu mövzunun seçilməsini həmin mineralları ilk dəfə Rusiyanın Xibin massivində tapan laboratoriya müdiri, geologiya-mineralogiya elmləri doktoru V.İ.Gerasimovski məsləhət görür. Çünki bu qrup mineralların Xibin massivinin geokimyası və mineralogiyasının öyrənilməsində xüsusi əhəmiyyəti vardı. 

Əli Xəlilovun mövzu haqqında heç bir təsəvvürü yox idi. Sən demə, ondan əvvəl akademik N.V.Belovun və geologiya-mineralogiya elmləri doktoru V.İ.Semyonovun dediyinə görə, 6 laboratoriya bu mövzu üzərində işləyib və heç bir nəticə əldə etməyib. Bu qrup mineralların kristallik quruluşlarının tədqiqi ilə məşğul olan tədqiqatçıların uğursuzluqları Xudu müəllimə də məlum imiş. Lakin mineralların mükəmməl monokristallarının olmaması problemin həllini çətinləşdirib. Əli müəllimin səmərəli fəaliyyəti nəticəsində bu mineralların kristalik quruluşları açılıb. 

Müdafiə zamanı gənc alimin əsas opponenti olan akademik N.V.Belov etiraf edib ki, “Əli Xəlilov çox mürəkkəb və maraqlı quruluşu olan mineralların “sirr”ini açmaqla bizim hamımızdan daha inadkar olduğunu sübut etdi”. Elmi işin müdafiəsindən sonra, Moskva şəhərində daimi qeydiyyatı olmayan şəxslərə işlə təmin edilməyin qadağan olunmasına baxmayaraq, Elmi Şuranı aparan İnstitutun direktoru akademik, Lenin mükafatı laureatı A.P.Vinoqradov Əli müəllimi yanına çağırıb deyir: “Mən istəyirəm ki, sən bizim institutda qalıb işləyəsən. O ki qaldı qeydiyyat probleminə, mən özüm prezident M.V.Keldışla danışaram”. Beləcə, onu Moskvada saxlayırlar və institutun yeni təşkil olunmuş “Kosmik tədqiqatlar” şöbəsinə işə qəbul edirlər. 

Lakin, onun bacarıqlı elm xadimi kimi daim elmi fəaliyyətini Moskvada davam etdirməsinə nə ustadı Xudu Məmmədov, nə də Heydər Əfəndiyev razı olmur və qabiliyyətli gəncə elmi fəaliyyətini Azərbaycanda davam etdirməsini məsləhət görürlər. Vətənə qayıtdıqdan sonra Əli müəllim BDU-nun prorektoru Q.Sultanovun təklifi ilə universitetin “İzotop” Elmi-tədqiqat şöbəsinin rəhbəri təyin olunur. 

Müəyyən vaxt keçdikdən sonra onu MEA-nın xüsusi sərəncamı ilə Neft-Kimya Prosesləri İnstitutuna köçürürlər. Orada o, Rentgen struktur analiz laboratoriyası yaradır. Lakin inadkar gəncin arzusu Moskvada dünya şöhrətli “Analitik kimya və Geokimya” İnstitutunda gördüyü və işlədiyi laboratoriyanın bənzərini yaratmaq idi. Xudu müəllimlə məsləhətləşərək qərara gəlirlər ki, bu laboratoriyanı MEA-nın Geologiya İnstitutunda yaratsınlar. Bu məsələ tezliklə akademiyanın Rəyasət heyətinin qərarı ilə həllini tapır. 

Daha sonra, 1980-cı ildə Əlcəzair Xalq Demokratik Respublikasına ezam olunan Əli müəllim orada “Elmi-tədqiqat” institutunda işləməyə başlayır. Bir ildən sonra onu sovet mütəxəssislərinin rəhbəri təyin edirlər. Əlcəzairdə çalışdığı müddətdə qazandığı elmi və təşkilatçılıq nailiyyətlərinə görə, SSRİ Neft Sənayesi Nazirliyinin fəxri fərmanı ilə təltif olunur. 5 illik iş müqaviləsi bitdikdən sonra ona təklif edilir ki, Əlcəzairdə daimi qalıb işləsin. Amma Əli müəllim razı olmayıb Vətənə qayıdır və Geologiya İnstitutunda elmi fəaliyyətini davam etdirir. Eyni zamanda, Memarlıq və Tikinti Materialları Universitetində, Müdafiə Nazirliyində, Məhkəmə Ekspertizası və kriminalistika İnstitutunda, “Keramika” MMC-də çalışır. 

Əli Xəlilov 2001-ci ildə onun təşəbbüsü ilə yaradılmış “Diatomit” Elmi İstehsalat Birliyinin (EİB) (hazırkı “Azbentonit” MMC) təsisçilərindən biri olub və EİB-nin prezidenti işləyib. Orada ən müasir cihazlarla təchiz olunmuş “Analitik mərkəz və texnoloji sınaq” laboratoriyası yaradıb. Bu cihazların köməyi ilə qeyri-filiz mineral xammalların yüksək səviyyədə analizi ilə yanaşı, ilk dəfə Azərbaycan ərazisində radioaktiv element olan uranın və bir sıra nadir elementlərin (osmium, sürmə, selen, vanadium, molibden), dəmir filizi üçün qırmızı boya xammalı olan siderit, Qobustan rayonu ərazisində seolit (klinoptilolit), Xızı rayonu ərazisində Opal-kristobalit yataqlarının aşkar edib. 

Əli müəllim fəxrlə xatırlayır ki,“Azbentonit” MMC-nin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmiş və bu istehsalat birliyinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.

Son vaxtlar Əli müəllim qısa zamanda opoka, uran, Mn-li siderit, vulkan külü, seolit yataqları, Şəmkir nantronitin və s. təzahürünü aşkar edib. Hazırda o, bu mineral xammallarının tətbiq sahəsinin tədqiqi və eyni zamanda Bəylər bentonit yatağının mineralogiya, kristallokimyası və ondan nanomaterialların alınma texnologiyasının tədqiqi ilə məşğul olur.

O, dünyada ilk dəfə Böyük Qafqazın Cənubi Şərqində (Xızının) qeyri adi teksturaya malik Bentonit gil yatağını kəşf edib. Adətən Bentonit gilləri tekstur mineralına görə laylı olurlar, lakin kəşf olunmuş yataq gil şar formaları teksturalıdır. Bunun səbəbi isə şar formalı gilin mərkəzində şarstrukturalı SiO2-in olmasıdır. Əli müəllim həm də ilk dəfə həmin zonada bir sıra nadir və radioaktiv elementlərin (o cümlədən U(uran) və Os (osmium) yatağını da kəşf etmişdir. 

Əli müəllim, təxminən, 85-ə qədər elmi məqalənin müəllifir. Bir sıra Beynəlxalq konfranslarda elmi məruzə ilə çıxış etmişdir. Elmi fəaliyyətinin ən çox diqqəti cəlb edən cəhəti onun nəzəri elmlə tətbiqi elmi birləşdirmək bacarığıdır. Bu baxımdan hesab edir ki, onun ən böyük elmi nailiyyətləri mükəmməl monokristalları olmayan bir sıra Ti-silikat minerallarının kristallik quruluşlarının eksperimental üsulla açılması və 3 mürəkkəb kristallik quruluşa malik İnnelit, Yosumurait, Erriksonit minarellarının kimyəvi müqayisə üsulu ilə quruluşlarının açılması olub. Sonradan onun verdiyi nəzəri quruluşları yapon və rus alimləri təsdiqləyiblər. Görkəmli alimin 7 elmi işi beynəlxalq standartlara daxil olmşdur. 

Onun elmi tədqiqat işlərinin ən təqdirəlayiq olanı Azərbaycanın müxtəlif elmi idarələrinin müasir avadanlıqlarla təchiz olunması və laboratoriyaların yaradılıb tərəqqiyə xidmət etməsidir. 

Ə.ƏLİYEV 
XQ

 

Sosial həyat