Müsahibimiz 15 saylı Yasamal birinci dairə seçki komissiyasının sədri Cumar İsayevdir
Avqustun 9-dan etibarən Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat kampaniyası başlanıb. Seçki Məcəlləsinin tələblərinə görə, təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Seçkiqabağı təşviqat kampaniyası prosesin namizədlər üçün ən gərgin və həlledici mərhələsi hesab olunur. Namizədlər seçicilərlə məhz bu mərhələdə görüşlər keçirir, onlar arasında təbliğat-təşviqat aparır, özlərinin platformalarını təqdim edir, seçildikdən sonra görəcəkləri işlər barədə vədlər verirlər. Keçirilən görüşlər əsnasında seçicilər artıq namizədlər arasından öz seçimlərini edirlər. Bu mənada səsvermə gününün sonunda seçki qutusundan kimin adının çıxacağı, əslində, bu proses zamanı bəlli olur. Təşviqatın səsvermənin başlanmasına bir sutka qalmış, yəni avqustun
31-i, saat 08:00-da dayandırılması da təsadüfi deyil. Bu, hələ də fikrini qətiləşdirməyən seçicinin son qərarını verməsi üçün ayrılan vaxtdır.
Təşviqat kampaniyası dairə seçki komissiyalarında da iş yükünün artmasına səbəb olur. Onlar seçkiqabağı təşviqat üçün müəyyən edilmiş açıq və qapalı məkanda görüş saatlarını elə tənzimləməlidirlər ki, namizədlərin görüşləri üst-üstə düşməsin. Bəs DSK-larda daha hansı işlər görülür? Prosesin gedişi, ümumi ahəngi onun iştirakçılarını qane edirmi? Bu və digər məsələlər ətrafında 15 saylı Yasamal birinci dairə seçki komissiyasının sədri Cumar İsayevlə həmsöhbət olduq.
– Cumar müəllim, 15 saylı Yasamal birinci dairə seçki komissiyasında seçki prosesinə hazırlıq işlərinin gedişi ilə bağlı məlumat verməyinizi xahiş edirik...
– 15 saylı Yasamal birinci seçki dairəsində də işlər Mərkəzi Seçki Komissiyasının Təqvim planına və Seçki Məcəlləsinin tələblərinə, həmçinin digər təlimatlara və hüquqi aktlara uyğun olaraq aparılır. Seçkilərin keçirilməsi üçün məntəqə seçki komissiyaları formalaşıb. Kifayət qədər avadanlığımız, inventarımız, lazım olan digər vasitələr var. Məntəqələr bunların hamısı ilə təmin olunub. Dairə seçki komissiyasının hüdudları daxilində 38 seçki məntəqəsi var. Bugünkü məlumata görə, seçicilərin sayı 50 min 965 nəfərdir.
– Seçki prosesində mühüm rola malik olan məntəqə seçki komissiyaları üzvlərinin hazırlıq səviyyəsinin artırılması üçün hansı işlər görülür?
– Biz bu məqsədlə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər keçiririk. Treninqlər zamanı məntəqə seçki komissiyalarının üzvlərinə seçki günü görüləcək işlər, eləcə də seçki protokollarının tərtib edilməsi ilə bağlı zəruri məlumatlar verilir. Onların seçki prosesinə dair sualları Seçki Məcəlləsinə əsasən cavablandırılır. Eyni zamanda, Mərkəzi Seçki Komissiyası bizə kifayət qədər təlimatlar, broşürlar və yaddaş kitabçaları göndərib. Bütün bunlara uyğun olaraq treninqlərdə seçki prosesi zamanı və səsvermə günü hansı işləri icra etmək lazım olduğunu məntəqə seçki komissiyalarının üzvlərinə öyrədirik. Məqsədimiz seçki prosesinin demokratik keçirilməsini, hər bir seçiciyə səs verməsi üçün imkan və şərait yaradılmasını, vətəndaşların sərbəst şəkildə gəlib öz iradəsini ifadə edə bilməsini təmin etməkdən ibarətdir.
– Dairə üzrə neçə namizəd seçkidə qalib gəlmək üçün yarışır?
– Namizədliyini irəli sürmək üçün 20-yə yaxın vətəndaş müraciət etmişdi. Onların sənədləri yoxlanılmış, namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edilmiş və imza toplamaları üçün imza vərəqələri verilmişdi. Sonda DSK-nın qərarı ilə biz 10 nəfərin namizədliyini qeydə almışıq. Onlar namizəd olmaqla bağlı vəsiqələrini alıblar. Hazırda namizədlər təşviqat kampaniyası aparırlar.
Onlardan 6-sının namizədliyi öz təşəbbüsü, 4-ü isə siyasi partiyalar tərəfindən irəli sürülüb. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülən şəxslər bitərəfdir. Siyasi mənsubiyyəti olan 4 namizəd isə Yeni Azərbaycan Partiyasını, Vətəndaş Həmrəyliyi Partiyasını, Ədalət Partiyasını və Ümid Partiyasını təmsil edir.
– Namizədlər qanunvericiliyin tələblərinə uyğun olaraq, öz təbliğatlarını apara bilirlərmi?
– Hər bir seçki məntəqəsinin qarşısında təşviqat lövhəsi var. Orada namizədlər öz plakatlarını yerləşdiriblər. 15 saylı Yasamal birinci dairə seçki komissiyasının hüdudları daxilində qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün açıq və qapalı yerlər müəyyən edilib. Açıq görüşlərin keçirilməsi üçün Yeni Yasamal 2 yaşayış massivində yerləşən “Qismət” şadlıq sarayının qarşısındakı meydan, qapalı görüşlərin keçriilməsi üçün Şərifzadə küçəsi 204 ünvanında yerləşən 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalı ayrılıb. Biz bu barədə namizədlərə də məlumat vermişik. Onlar görüşlərini ayrılmış yerlərdə keçirə bilərlər. Yeri gəlmişkən, qeyd edim ki, açıq və qapalı yerlər Yasamal Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə dairə seçki komissiyasının təklifi əsasında ayrılıb.
– Seçki prosesində aktivlik hiss olunurmu?
– Aktivlik əvvəl də var idi. Amma son günlər xüsusilə hiss olunur. Çünki prosesin təbliğat-təşviqat kimi mühüm bir mərhələsinə qədəm qoymuşuq. Namizədlər görüşlərini keçirirlər. Hansı namizəd müraciət edirsə, biz ona görüş keçirməsi üçün şərait yaradırıq. Biz onlara ancaq yer ayırırıq. Bizim prosesə hər hansı formada müdaxilə etmək səlahiyyətimiz yoxdur. Hamısına bərabər, demokratik şəkildə şərait yaradırıq ki, özlərinin təbliğat-təşviqatlarını aparsınlar. Namizədlərin görüşlərinin üst-üstə düşməməsi üçün əvvəlcədən cədvəl tərtib edirik.
– Seçkilərə hazırlığın gedişində hansısa nöqsanlarla, çatışmazlıqlarla rastlaşmısınızmı?
– Hələlik hansısa çətinliklə üzləşməmişik. Qaldırdığımız məsələlərin hər birinə Mərkəzi Seçki Komissiyası operativ və adekvat cavab verir. Namizədlərin seçki prosesi ilə bağlı qanunvericiliyə uyğun olan tələbləri də yerinə yetirilir.
Məntəqələrdən, seçicilərdən, yaxud namizədlərdən hər hansı müraciət olduqda biz onları operativ şəkildə həll etmək üçün işçi qrupu yaratmışıq. Biz onların müraciətlərini operativ qaydada dinləyir və həllini tapması üçün çalışırıq.
– Seçicilərdən sizə hansısa məsələlərlə bağlı müraciətlər daxil olurmu?
– Bəzi hallarda adları seçici siyahısında olmayan vətəndaşlar müraciət edirlər. Onlar adlarını seçici siyahısında axtarıb tapmayanda bizə üz tuturlar. Bunlar texniki problemlərdir. Bəzən kiminsə adı siyahıya düşmür, kiminsə şəxsiyyət vəsiqəsində problem olur. Bizə müraciət etdikləri halda bu kimi problemlər tezliklə həllini tapır. Biz məntəqələrə müraciət etdikləri təqdirdə seçicilərə verilməsi üçün qeydiyyatdan çıxma vəsiqələri də vermişik. Onlar bu vəsiqələrlə dairə ərazisindəki bir məntəqədən çıxıb digərində səs verə bilərlər.
– Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün hansı işlər görülür?
– Seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq fəaliyyətimizi davam etdiririk. Məntəqələrdə seçici siyahıları asılıb, namizədlər, müşahidəçilər müəyyənləşib. Qeyd etdiyim kimi, açıq və qapalı yerlər müəyyən edilib. Namizədlərin görüşləri hər hansı problem olmadan keçirilir. Hər bir vətəndaşın müraciətinə də biz operativ şəkildə cavab veririk.
– Müşahidəçilər neçə nəfərdir?
– İndiyədək 212 müşahidəçi DSK-da qeydiyyatdan keçib və bu rəqəm arta bilər. Qeydiyyatdan keçənlərdən 76 nəfəri Yeni Azərbaycan Partiyasının müşahidəçiləridir. Digər partiyalardan da müşahidəçilər var. Eyni zamanda, 100 nəfərdən çox vətəndaş öz təşəbbüsü ilə müşahidə aparmaq üçün müraciət edib. Biz onların hamısının sənədlərini qəbul etmişik, vəsiqə vermişik. Onların seçki günü həmin məntəqələrdə müşahidəçilik aparması üçün səlahiyyəti var. Məşvərətçi səs hüququ olan komissiya üzlərinin sayı 39-dur.
– Dairə ərazisində qeydiyyatda olan ən yaşlı və parlament seçkilərində ilk dəfə səs verəcək seçicilərlə bağlı məlumatlar nədən ibarətdir?
– 15 saylı Yasamal birinci seçki dairəsi üzrə yaşı 80-100 aralığında olan seçicilərin sayı 903 nəfərdir. Sentyabrın 1-də ilk dəfə səs verəcək seçicilərin sayı isə 509 nəfərdir.
Səxavət HƏMİD
XQ