Göygöl rayonunun Milli Yaylaq Festivalı ərazisində şəhid övladları üçün “Ənənə” yay düşərgəsi fəaliyyətə başlayıb. İstirahət və maarifləndirmə aksiyası “YAŞAT” Fondunun təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun tərəfdaşlığı, “Bakcell”in hamiliyi ilə keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, hərbi vətənpərvərlik və milli ənənələr mövzusunda təşkil olunan düşərgədə 50-dək şəhid övladı iştirak edir. Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev və digər qonaqlar iştirak ediblər.
Bildirilib ki, 5 gün davam edəcək düşərgədə iştirakçılar üçün oxatma, atçılıq və digər qədim milli oyun növləri üzrə yarışlar keçiriləcək. Məqsəd uşaqlara vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Xatırladaq ki, “YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladları üçün bundan əvvəl Londonda yay məktəbi, Antalyada isə yay düşərgəsi təşkil edilib. Qurum şəhid övladları üçün mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr və təlimlər təşkil edir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərir.
XQ