Zəfər yolumuz idmançılarımızı qələbəyə səsləyir

post-img

“Parisdə də bayrağımızı zirvədə görəcəyik”

Azərbaycanın ilk Olimpiya çempionu, dünya şöhrətli atıcı, ikiqat olimpiya, altıqat dünya rekordçusu Zemfira Meftahetdinova idman karyerasında ən parlaq nailiyyətlərini məhz müstəqil Azərbaycanda qazanıb. 

Özünün də dediyi kimi, məhz Azərbaycan bayrağı altında Olimpin zirvəsinə yüksəlmək böyük şərəfdir. Paris Olimpiadası ərəfəsində Zemfira xanımla görüşüb, bütünlüklə idmana həsr etdiyi ömür yoluna işıq tutduq. Əslən tatar olan dünya şöhrətli idmançı 1963-cü ildə Bakıda sadə bir ailədə böyüyüb. Ata-anası Bakıda doğulsa da, ulu nənə-babaları Volqaboyu Simbirskdən “küləklər şəhəri” Bakıya gəliblər. Ailədə özündən 4 yaş böyük qardaşı kimi o da, uşaqlıqdan idmana həvəs göstərib. Qardaşı atletika, o isə idman gimnastikasının, daha sonra atıcılığın sirlərinə yiyələnib. 

– Zemfira xanım, idmanda ilk addımlarınızı necə xatırlayırsınız? 

– Uşaqlığım Yasamal rayonu mətbuat prospektində keçib, 225 nömrəli məktəbdə oxumuşam. Sonra 8-ci mikrorayona köçdüyümüz üçün 115 nömrəli orta məktəbdə təhsilimi davam etdirmişəm. O vaxt məktəbimizlə üzbəüz atıcılıq tiri yerləşirdi. Oradan hər gün eşidilən güllə səsləri məndə böyük maraq oyatmışdı. Bir gün məktəbdə dərsdən çıxanda rəfiqələrimlə qərara gəldik ki, gedib, özümüzü sınayaq. O zaman stend atıcılığının trap növündə məşqçi kimi çalışan Leyla Cəfərova bizi atıcılıq tiri ilə tanış etdi. Həmin gündən başlayaraq 4 rəfiqə atıcılıqla böyük həvəslə məşğul olmağa başladıq. 

İlk vaxtlar rəfiqələrimə nisbətən, hədəfi dəqiq nişan almaqda çətinlik çəkirdim. Öz üzərimdə çox çalışırdım ki, geri qalmayım. Təxminən 1 il məşq etdikdən sonra yarış keçirildi və gözlənildiyi kimi, çox aşağı nəticə göstərdim. Yarışdan sonra Leyla Cəfərova məsləhət gördü ki, özümü dairəvi stenddə sınayım. Çox pis oldum, ağladım, rəfiqələrimlə birgə məşğul olmaq istədiyimi bildirdim. Yoxsa gedəcəyimi dedim. 

– Ailədə necə? Sizi dəstəkləyirdilərmi? Məşqlər dərslərinizə mane olmurdu ki?

– O vaxt qardaşım da gələcək həyatını idmanla bağlamadı. Valideynlərim sağlamlığımız üçün idmanla məşğul olmağımızı çox istəyirdilər. Ona görə bizi ruhlandırır, davamlı məşqlərimiz üçün səy göstərirdilər. Atam isə mənim həm də, tikişlə məşğul olmağımı istəyirdi. Dərslərimi də yaxşı oxuyurdum. Bir gün məşqçim Leyla xanım evimizə gəldi. Valideynlərimlə danışdı. Dedi ki, özümü dairəvi stenddə sınasam, yaxşı olar. Mənə daha bir şans vermək lazımdır. 

Valideynlərimin də məsləhəti ilə Hafiz Cəfərovun rəhbərliyi ilə stend atıcılığının skit növündə məşğul olmağa başladım. Həmin vaxt Hafiz Cəfərov həm də baş məşqçi vəzifəsində çalışırdı. Bir neçə aydan sonra dairəvi stend üzrə keçirilən ilk yarışda uğurla çıxış etdim. Bu qələbə özümə inamı xeyli artırdı. Hiss edirdim ki, hədəfi dəqiq nişan almaq getdikcə böyük arzuya çevrilir.

– Ov tüfəngi tapançaya nisbətən xeyli ağırdır. Nə vaxtsa güllə atıcılığı ilə məşğul olmaq istəmisinizmi?   

– Stend atıcılığı məşqlərinə başlayanda 13 yaşlı çəlimsiz, arıq qızlar idik. Təsəvvür edin, 3,5 kiloqram çəkisi olan tüfənglə fasiləsiz məşqlər edirdik. Sifətimizdə, çiynimizdə göyərtilər getdikcə zədəyə çevrilirdi. Fiziki məşqlərlə orqanizmimizi möhkəmlətməyə, tez böyüməyə çalışırdıq ki, bu ağırlığın öhdəsindən gələk (gülümsəyir). Əlbəttə, tapança daha yüngüldür. Bəlkə də, yaxınlıqda güllə atıcılığı tiri olsaydı, onu seçərdik. Amma o zaman bunu düşünmürdük. Ağır olsa da, çox xoşumuza gəlirdi. Nəticələrim yaxşılaşdıqca, daha yüksək nailiyyətlər əldə etməyə çalışırdım.

– İlk böyük uğurunuzu nə vaxt qazanmışınız? 

– 1983-cü ildə SSRİ birinciliyində 20 yaşlılar arasında gümüş medal qazandıqdan sonra beynəlxalq yarışlarda çıxış etməyə başladım. 1986-cı ildə isə Moskvada keçirilən Avropa kubokunda 2-ci yeri tutdum. Millinin lideri Svetlana Dyomina qalib oldu. Bu yarışdan sonra məni də SSRİ komandasına qəbul etdilər.

– SSRİ komandasında dünya və Avropa çempionatında dəfələrlə mükafata sahib olsanız da, ən parlaq nailiyyətlərə müstəqil Azərbaycanda sahib olmuşunuz.

– SSRİ yığmasının heyətində Avropa çempionatlarının komanda yarışlarında dəfələrlə qalib olmuşuq. İstər dünya, istərsə Avropa çempionatlarında 2-ci və 3-cü yerləri tutsam da, qızıl medal qazana bilməmişdim. Adət üzrə SSRİ yığmasının lideri Svetlana Dyomina 1-ci, mən isə ya 2-ci, ya da 3-cü yeri tuturdum. 

Ölkəmiz öz müstəqilliyini qazandığı ilk illər Azərbaycanda bütün sahələrdə, eləcə də idmanda vəziyyət çox ağır idi. İdmançılarımızın beynəlxalq turnirlərdə medal qazanması bir tərəfə, mübarizə aparması belə çətin məsələ idi. Ulu öndər Heydər Əliyevin idmana diqqəti və qayğısı biz idmançılar üçün böyük motivasitya oldu. Çətin şəraitdə də olsa, böyük əzmkarlıqla mötəbər yarışlara hazırlaşmağa başladıq.  

Karyeramda Avropa çempionatlarının fərdi yarışlarında ilk qızıl medalı 1993-cü ildə Çexiyanın Brno şəhərində keçirilən Avropa çempionatında qazandım.  İlk dəfə idi ki, belə bir mötəbər yarışda öz bayrağımız altında çıxış edirdik. Həmin yarışda müstəqil Azərbaycanın bayrağı yüksəklərdə dalğalananda, himnimiz səsləndiriləndə elə hisslər keçirirdim ki, onu sözlə ifadə etmək mümkün deyil. Bu Vətən naminə qazanılan böyük qələbə idi. 1995-ci ildə dünya çempionatında qızıl medala sahib oldum. Həmin il yığmamızın digər üzvü Valeri Timoxin gümüş medal və Atlanta Olimpiadasına lisenziya qazandı. Mən dünya çempionu olsam da, növüm Olimpiya proqramında olmadığına görə bu mötəbər yarışlarda iştirak edə bilmədim. 

Skit növü Olimpiya Oyunlarının proqramına salınanda çox sevindim. Bu növdə ən güclü idmançı SSRİ yığmasının lideri Svetlana Dyomina idi. Onu da deyim ki, biz Dyomina ilə rəfiqə olmuşuq. Onunla yaxınlığımız İtaliyada 1986-cı ildə keçirilən Avropa çempionatından başlayıb. Həmin yarışda bir balaca zəif atdığıma görə həyəcan keçirirdim. O, məni sakitləşdirərək, ürək-dirək verdi. Doğrudan da, yarışda yaxşı çıxış etdim. Getdikcə yaxınlığımız möhkəm dostluğa çevrildi. Ən yaxın rəfiqəm, daha sonra ən layiqli rəqibim oldu. 2000-ci ildə isə Sidney Yay Olimpiya Oyunlarının qalibi olanda Svetlana Dyomina 2-ci yeri tutdu. 

2001-ci ildə 2-ci dəfə dünya çempionu tituluna sahib oldum. 2003-cü ildə isə 3-cü dəfə Avropa çempionu oldum. 

– Müstəqil Azərbaycanda Olimpiadada ilk qızıl medal qazanmağa nail olmuşunuz. Azərbaycanlı qadın üçün bu qədər yüksək zirvəyə qalxmaq çətin olmadı ki... Qızınız Regina da sizin yolunuzla gedir. 

– Dünya yaranışdan belədir. Qadının vəzifələri çox və ağırdır. Evdə hamının qulluğunda durmaq, ev işlərini görmək, biş-düş, üstəlik, uşaqların qayğısını çəkmək və böyütmək. İlk baxışdan cəmiyyətdə ayrı-seçkilik yoxdur. Amma diqqət etsək görərik ki, qadınlar evdə o qədər yüklənirlər ki, işdə vəzifələrinin öhdəsindən tam gələ bilmirlər. Təbii ki, mənə şərait yaradılmasa idi, bu qədər nailiyyət əldə edə bilməzdim. Yoldaşım hər zaman məni dəstəkləyib, kömək edib. Qızım Regina uşaqlıqdan idmana həvəs göstərib. Atıcılıqdan başqa gimnastika, atçılıqla da məşğul olub. Stend atıcılığı üzrə millinin üzvüdür. Oğlum Ruslan isə kompüter elmləri, texnoloji biliklərə maraq göstərir. 

Düşünürəm ki, qadın daha güclü və ağıllıdır. Sadəcə, imkanlar məhduddur. Çox zaman deyirlər ki, tüfəngdən atəşaçma qadın işi deyil. Amma bu növdə qadınlar və kişilər arasında nəticələrdə fərq o qədər də, böyük deyil. 1992-ci ildə trap növündə olimpiadada qadınlar arasında ayrıca yarış olmadığına görə, zərif cinsin nümayəndələri də kişilərlə birgə mübarizə apardılar. Çinli qadın Çjan Şan 200-dən 200-ü vuraraq kişiləri üstələyib, dünyanın ən dəqiq snayperi oldu. Həmin vaxtdan qadınların kişilər arasında çıxış etmələrinə qadağa qoyuldu. 

Düşünürəm ki, qadınlar da kişilər kimi, istənilən zirvəni fəth edə, hətta əks cinsin nümayəndələrini üstələyə bilərlər. Populist çıxışlar isə heç xoşuma gəlmir. Tez-tez “Qadın güclüdür, yaxud kişi” deyə müzakirə açırlar. Burada fərdlərdən söhbət gedir. Təəssüf ki, bərabər dediyimiz o imkanları, hələ də qızlar üçün yarada bilməmişik. Çünki cəmiyyət buna hazır deyil. 

– Milli Olimpiya Komitəsinin və Atıcılıq Federasiyasının vitse-prezidentisiniz. Atıcılığın, ümumilikdə idmanın, Olimpiya Hərəkatının inkişafı ilə bağlı nə deyə bilərsiniz?

– Azərbaycan idmanı üçün il-ildən uğurlu gəlir. Tokio Olimpiadasından ötən illər ərzində böyük uğurlarımız olub. Güləş, cüdo, boks, gimnastika və digər Olimpiya növlərində güclü idmançılarımız yetişiblər. Ölkəmizdə atıcılığın inkişafı üçün də hər bir şərait yaradılıb. Həm güllə, həm stend atıcılığında inkişaf var. Paris Oyunlarında güllə atıcılığı üzrə Ruslan Lunyov ölkəmizi təmsil edəcək. Stend atıcılığı üzrə idmançılarımızdan 2-si idman ustası normasını yerinə yetirib. Bu il güllə atıcılığı komandamız beynəlxalq yarışlarda böyük uğurlar qazanıb. 

Amma idmançılarımız Dünya, Avropa çempionatlarında finala yaxın olsalar da, medal qazana bilməyiblər. Güllə atıcılığında Nigar Nəsirova, stend atıcılığında isə Regina Meftahetdinova dünya kubokunda finala yüksəlsələr də, medal qazana bilmədilər. Yəni çox böyük şans var idi ki, olimpiadaya vəsiqə əldə etsinlər. Qarşıdakı illərdə daha yüksək uğurlar üçün zəmin yaranıb. Düşünürəm ki, növbəti 3-5 il ərzində gözlədiyimiz nəticələri qazana biləcəyik.  

– Artıq bir neçə gündən sonra Azərbaycan komandası Paris Olimpiadasına yola düşəcək. Gözləntiləriniz?

– Olimpiya Oyunlarının statusu, reytinqi yüksəkdir. Azərbaycan yığmasının heyətində çox güclü idmançılar var. Onların hər biri medala iddialıdır. Artıq 48 idmançı “Paris-2024”ə vəsiqə qazanıb. Komandamızın Oyunlara yüksək səviyyədə hazırlığına dövlət tərəfindən xüsusi diqqət və qayğı var. Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycan həm də güclü idman ölkələrindən biri hesab olunur. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. İdmançılarımız da bu məsuliyyəti anlayırlar. Əminəm ki, Parisdə bayrağımızı zirvədə görəcəyik. 

Vətən müharibəsində Zəfər qazanmış, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş bir xalqın idmançıları qalibiyyət estafetini Paris Olimpiya Oyunlarında da davam etdirməlidirlər.  

Müsahibəni apardı: 
Leyla QURBANOVA 
XQ

 









Müsahibə