Lvovun qubernatoru: Naxçıvanla ikitərəfli əməkdaşlığı intensivləşdirməkdə maraqlıyıq - MÜSAHİBƏ

post-img

Lvov Ukraynanın Avropaya giriş qapısı hesab edilir. Şəhər Ukraynanın qərbində, Polşa ilə sərhəddən təxminən 70 kilometr aralıda yerləşir. Şəhərin memarlığı Şərqi və Mərkəzi Avropanın üslublarını birləşdirir. 2022-ci ildə müharibə başlayandan sonra ən çox yüklənən şəhərlərdən biri məhz Lvovdur. Müharibədən əziyyət çəkən yüz minlərlə insan bu bölgədə məskunlaşıb. Lvov vilayəti Dövlət Administrasiyasının rəhbəri, qubernator Maksim Kozitskiy AZƏRTAC-ın müsahibə verib. Müsahibəni təqdim edirik.

- Müsahibəyə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirəm. Enerji infrastrukturuna ən çox ziyan dəyən bölgələrdən biri də Lvov vilayətidir. Hazırda bu sahədə vəziyyət nə yerdədir?

- Biz daim düşmənlərimizin hava hücumları altındayıq və təəssüf ki, bu hücumlardan danışanda, təkcə elektrik stansiyalarının deyil, istilik stansiyalarının, qaz anbarlarının da sıradan çıxmasını söyləməliyik. Hazırda istilik istehsalından danışırıqsa, ən böyük istilik elektrik stansiyamız fəaliyyətini dayandırıb. Qaz, işıq və istilik infrastrukturumuzun qalan hissəsindən danışsaq, hazırda qrafikə uyğun olaraq əhali və sənaye üçün gündəlik elektrik enerjisi kəsilir.

- Lvova hava hücumu nəticəsində dəyən ziyanın həcmi nə qədərdir?

- Bilirsiniz, əgər söhbət hava hücumlarından gedirsə, biz infrastruktura intensiv zərbələr endirilən bölgələrdənik. Ümumilikdə, Lvov vilayətində 800-dən çox obyektə ziyan dəyib və ya tamamilə dağılıb. Dağıdılan 800 obyektdən 28-i kritik infrastruktur kimi təsnif edilib. Obyektlərin əksəriyyəti mülki infrastrukturdur, burada yüzlərlə sosial obyekt, o cümlədən 700-dən çox mənzil və fərdi yaşayış evi var. Mülki infrastrukturun məhv edilməsinin nəticələrindən danışsaq, burada dəyən ziyan 5 milyard qrivnadan çoxdur. Əgər vacib infrastruktur obyektlərindən danışırıqsa, bu zaman biz hələ də fəaliyyəti dayandırılmış elektrik stansiyasının və qaz anbarlarının dağıntılarını təmizləyirik. Ona görə də strateji infrastrukturlara dəyən ziyanı dəqiq söyləmək hələ tezdir, ancaq söhbət 10 milyardlarla dollar həcmində ziyandan gedir.

- Təxliyə olunan ukraynalıların bu regionda müvəqqəti yerləşdirilməsi ilə bağlı vəziyyət necədir. Ümumilikdə, nə qədər insan yerləşdirilib?

- Lvov bölgəsi hər gün təxliyə qatarlarını qarşılayır və biz əhalinin ən həssas təbəqələrini qəbul edirik. Ən pik vaxt 2022-ci ilin iyun ayı idi. Həmin vaxt Lvov vilayəti 630 min məcburi köçkünü qəbul etmişdi. İndi danışsaq, bu gün rəsmi qeydiyyatdan keçmiş müvəqqəti məskunlaşmış insanların sayı 220 min nəfərdir ki, onlardan 70 mini uşaqlar, 10 mindən çoxu əlillər, 30 mindən çoxu isə təqaüdçülərdir. Amma bunlar rəsmi məlumatlardır. Qeyri-rəsmi məlumatlara gəlincə, təxminən 300-350 min insan məcburi köçkün Lvov vilayətində yaşayır. Ancaq biz rəsmi məlumatlara diqqət yetirəcəyik: 220 min. Bunlar daim sosial yardıma ehtiyacı olan əhalinin ən həssas təbəqəsidir.

- Polşa ilə sərhəddə vəziyyət necədir? Yük avtomobillərinin keçidində problem aradan qaldırılıb?

- Hazırda sərhəddə heç bir maneə yoxdur. Amma bu ilin 3-4 ayı və keçən il sərhəddə 10 minə yaxın yük maşınının olması çox xoşagəlməz vəziyyət yaratmışdı. Qara dəniz dəhlizlərinin bir müddət bağlı qalması və əsas ticarət dövriyyəsinin Lvov vilayətinin sərhədindən keçməsi səbəbindən bu vilayət logistika mərkəzinə çevrilib. Əsas logistika qovşağı olan 7 avtonəqliyyat məntəqəsi və 3 dəmir yolu keçid məntəqəmiz var. Qara dənizdə dəhlizin açılması ilə yükdaşımaları bir az azaldı, amma çox deyil. Biz ixrac əməliyyatlarının əsas istiqamətlərindən biri olmağa davam edirik.

- Bu regionda yaşayan etnik azərbaycanlıların müharibə zamanı könüllü fəaliyyətlərini necə qiymətləndirərdiniz?

- Etnik azərbaycanlılar kifayət qədər fəaldır. Bizim Azərbaycanlıların Konqresi var, onlar öz aralarında birləşiblər və çox fəal kömək edirlər. Əgər genişmiqyaslı işğal zamanından danışsaq, etnik azərbaycanlılar yemək dəstləri, ərzaqla və zəruri mallarla fəal şəkildə kömək edirdi. Onlar çox fəal kömək etdilər, həmişə rayonun ictimai həyatında iştirak etdilər, ukraynalılarla çiyin-çiyinə oldular. Biz onlara çox minnətdarıq. Əgər təkcə könüllü yardımdan danışırıqsa, azərbaycanlılar Lvov şəhərinin tibb müəssisələrinə də yardım göstərirlər, xəstəxanalarımızın tibbi avadanlıqla təmin olunmasına köməklik edirlər, xəstələrə yardım göstərilir. Etnik azərbaycanlılar müvəqqəti məskunlaşanlara da fəal kömək edir. Köməyə görə çox sağ olun.

- Azərbaycan iş adamları ilə tərəfdaşlıqda Lvov dövlət administrasiyası hansı dəstəyi təklif edə bilər?

- Bu yaxınlarda Azərbaycanın Ukraynadakı səfiri ilə görüşümüz oldu, həmçinin bu yaxınlarda Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevə zəng vurdum. Ümid edirəm ki, bu əməkdaşlıq xeyli intensivləşəcək. Çünki iki xalqdan danışsaq, biz ortaq tarixə, ortaq dəyərlərə çox bağlıyıq, hesab edirəm ki, iqtisadi əməkdaşlığın təkmilləşdirilməsinə ehtiyac var. Biz Naxçıvanla ikitərəfli əməkdaşlığa imza atmışıq. Bu əməkdaşlıq prosesini intensivləşdirməliyik.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Lvov

Müsahibə