Pandemiya dövründə, eləcə də sonrakı illərdə insanlarda ağciyər problemlərinə daha çox rast gəlinir. Ağciyər xəstəlikləri deyəndə isə, əsasən, astma, bronxit, döş qəfəsində suyun yığılması, nəfəs darlığı, hidatik kist, plevrit, vərəm, pnevmoniya nəzərdə tutulur. Payız-qış fəsillərində bu narahatlıq özünü daha qabarıq şəkildə göstərir. Bronxların soyuqlamasının qarşısı dərhal alınmayanda uzunmüddətli müalicə tələb edir və bəzən sağamlıq çətin bərpa edilir. Payızda başlayan öskürək yazadək davam edir, nə xalq təbabəti, nə də kimyəvi dərman qəbulu kömək etmir. Bəs nə etməli? Mütəxəssis fikrinə ehtiyac duyduq və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonologiya elmi şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru İlqar Mustafayevə müraciət etdik. Alim XQ-yə açıqlamasında bu gün insanları narahat edən bronx problemlərindən danışdı. Elmi bölməyə rəhbərlik edən, gənc həkimlərin bacarıqlı pulmonoloq kimi yetişməsində böyük xidmətləri olan tibb aliminə çoxları “müəllim” deyə müraciət edir. Biz də ona belə müraciət etdik.
– İlqar müəllim, öncə bronxlarda yaranan problemlərin səbəbi və gedişi barədə məlumat verərdiniz.
– Patoloji genişlənmiş və deformasiyaya uğramış bronxların xroniki geridönməz irinli ilthabi xəstəliyi bronxoektatik xəstəlik adlanır. Bronxoektatik xəstəliyin təsnifatı müxtəlif kriteriyalara görə aparılır. Belə ki, etiologiyasına görə xəstəlik birincili, yəni anadangəlmə və ikincili, qazanılmış olur. Eyni zamanda, quruluşuna görə silindrik, torbavari və qarışıq, yayılmasına görə isə tək-tək və çoxsaylı ola bilər. Bundan əlavə, bronxoektatik xəstəlik kliniki gedişinə görə bronxitik mərhələ, əhəmiyyətli dəyişikliklər mərhələsi, fəsadlar mərhələsinə bölünür.
Bronxların genişlənməsi və bronxial möhtəviyyatın evakuasiyasının ləngiməsi ilthabın inkişafına təkan verir. Həkimlər xroniki öskürək və bəlğəm ifrazı, qanhayxırma, təkrarlanan pnevmoniyalar ilə müraciət edən xəstələrdə mütləq bronxoektatik xəstəliyi nəzərlərində tutulmalıdır. Obyektiv müayinədə ağciyərlərin üzərində eşidilən daimi yaş xırıltılar da bu xəstəliyə bir işarədir. Bronxların divarında baş verən geridönməz dəyişikliklər bronxoektaziyа ilə nəticələnir.
– Bronxoektaziya hansı gediş və əlamətlərlə özünü göstərir?
– Bronxoektaziya xəstəliyi tənəffüs оrqanlarının xəstəliyidir. Brоnx divarlarının məhdud gеnişlənməsi və еybəcər forma alması ilə müşayiət оlunur. Xəstəlik əsasən, kiçik bronxlarda inkişaf edir. Bronxoektaziya 2 növ – anadangəlmə və sonradan qazanılmış оlur. Anadangəlmə bronxoektaziyaya nadir hallarda təsadüf edilir. Azərbaycanda çox rast gəlinən qohum nikahlar anadangəlmə qazanılan bronxoektaziyaya səbəb ola bilər.
Sonradan qazanılmış bronxoektaziyanın yaranmasına səbəb isə ağciyərlərin baktеrial və virus mənşəli infеksiyaları, xrоniki pnеvmоniyalar, vərəm, plеvritlər və s. xəstəliklərdir. Uşaqlarda bronxoektaziya qızılcadan sоnra yaranan pnеvmоniyalardan, göyöskürəkdən, qripdən оla bilər. İltihab prоsеsi nəticəsində brоnxlarda yığılan bəlğəm brоnx divarlarının, xüsusən, оnların əzələ qişasının еlastikliyini azaldır, nəfəsvеrməni çətinləşdirir. Sоnradan iltihab prоsеsi ağciyər tоxumasına kеçir.
Xəstəlik üçün ən səciyyəvi əlamət ara vеrməyən kəskin öskürək, tеz-tеz hərarətin artması, titrətmə kimi hallardır. Bu zaman, xüsusən, səhərlər çоxlu miqdarda kəskin iyli bəlğəm (bəzən sutka ərzində 1 litrə qədər) ifraz оlunur. Bəzi hallarda ağciyər qanaxması оla bilər. Vaxtında müalicə aparılmadıqda, ürək-damar sistеmi, böyrəklər zədələnə bilər. Xəstəlik xrоniki xaraktеr daşıyır və iş qabiliyyətini xеyli azaldır.
Bronxoektaziyanın qarşısını almaq üçün ilk növbədə ağciyərlərin kəskin və xrоniki xəstəlikləri ilə mübarizə aparılmalıdır. Vitaminlərin qəbulu, qida rеjiminin nizama salınması, idman məşğələləri, iş şəraitinin yaxşılaşdırılması və ümumiyyətlə, оrqanizmin möhkəmləndirilməsi bronxoektaziyanın prоfilaktikasında əsas şərtdir. Ətraf mühitdə tоzlara, havanın kimyəvi maddələrlə çirklənməsinə qarşı mübarizə aparmaq lazımdır.
– Doktor, bronxoektatik xəstəlik hansı hallarda yarana bilər?
– Bronxoektatik xəstəliyi anadangəlmə və qazanılmış qruplara ayırmaq olar.
Anadangəlmə faktorlara genetik meyillilik (кistik fibroz – mukovissidoz), alfa1-antitripsin çatışmazlığı (hərəkətsiz kirpiciklər sindromu), bronxial ağacın qüsurları (Uilyam-Kembel sindromu), ağciyərlərin kistoz hipoplaziyası (polikistoz), birincili immun çatışmazlığı aiddir. Qazanılma faktorlara isə respirator traktın xroniki infeksion xəstəlikləri, respirator traktın infeksion zədələnmələrinin qeyri-adekvat və ya natamam müalicəsi və yad cisim daxildir.
– Xəstələr, əsasən, hansı əlamətlərlə müraciət edirlər?
– Xəstənin əsas şikayəti əksər hallarda produktiv öskürəkdir. Remissiya dövründə bəlğəm selikli, selikli-irinli, kəskinləşmələrdə isə irinli ifrazatla müşayət edilir. Quru bronxoektazlar deyilən formalarda öskürək quru, az bəlğəmli olur. Səhər daha çox miqdarda bəlğəmin olması və kəskinləşmə zamanı onun miqdarının artması diaqnostik meyardır. Bəzi hallarda qanhayxırma, təngnəfəslik, ümumi intoksikasiya simptomları qeyd olunur. Belə xəstələrdə qiymətləndirmə anamnezdən, baxışdan başlamalıdır. Eyni zamanda, fiziki müayinə də çox əhəmiyyətlidir. Xəstələrin bir çoxunda əsasən orta ağır və ağır gedişli formalarda emfizematoz döş qəfəsi, çubuqvari barmaqlar və saat şüşəsinə bənzər dırnaqlar, peroral və akrosianoz qeyd olunur.
Perkutor göstəricilər patoloji prosesin miqyası və mərhələsindən asılı olaraq müxtəlifdir (kütləşmə, timpanit, qutuvari səs). Ağciyərlərin auskultasiyasında zədələnmə həcmindən asılı olaraq, bronxoektazlar üzərində birtərəfli, ikitərəfli quru və yaş xırıltılar eşidilir.
– Bronxoektatik xəstəlik hansı müayinələrlə təsdiqlənir?
– Təbii ki, laborator müayinələrdə qanın ümumi analizi, qanın biokimyəvi analizi əhəmiyyətlidir. İnstrumental diaqnostikada ilkin olaraq ağciyərlərin rentgenoqrafiyası icra olunur. Lakin diaqnostikada qızıl standart yüksək tezlikli kompüter tomoqrafiya müayinəsi hesab olunur. Müalicə və diaqnostikada bronxoskopiya, ağciyərlərin xarici tənəffüs funksiyalarını dəyərləndirmək üçün spirometriya müayinəsi edilir.
– Bəs xəstəliyin müalicəsi hansı üsullarla aparılır?
– Xəstəliyin müalicə prinsipindən danışanda həm konservativ, həm də cərrahi üsulları xüsusi olaraq qeyd etməliyik. Konservativ müalicə də iki yolla aparılır. Birinci üsulla– xəstəliyin kəskin dövründə virus əleyhinə preparatlar, antibiotiklər, mukolitiklər, bronxolitiklər, dezintoksikasion tədbirlər, oksigen, müalicəvi bronxoskopiya tətbiq edilir. İkinci yol xəstəlik təkrar baş verdikdə – remissiya dövründə isə postural drenaj, vibrasiya ilə massaj, mukolitiklər, immunomodulyatorlardan istifadə olunur. Cərrahi müalicə patoloji proses birtərəfli olduqda, 1 və ya bir neçə seqment, hissənin rezeksiyasından (çıxarılmasından) ibarətdir. Ağır ağciyər xəstəliklərində bəzən tənəffüs çatışmazlığı zamanı oksigen terapiyası tətbiq edilir. Ağır xəstələr gündə ən azı 15 saat davamlı olaraq oksigen istifadə etməlidirlər. Uzunmüddətli oksigen terapiyası üçün “oksigen konsentratorları” adlanan kiçik cihazlardan istifadə olunur. Bu cihaz özü otaq havasından oksigen çıxarır.
– Bronx–ağciyər xəstəliyi olan insanlara nə tövsiyə edərsiniz?
– İlk növbədə aktiv həyat tərzi olmalıdır. Çünki hipodinamiklik, yəni hərəkətsizlik ağciyərlərdə durğunluğu artırır, qan dövranını pozur və xəstəliyin yaranmasına səbəb ola bilər. Xəstələr kəskin soyuq havada bayıra çıxmasınlar. Tez-tez, fasilələrlə az miqdarda yeməyə vərdiş etsinlər. Daha çox sulu qidalar qəbul etsinlər. Ağır və quru yeməklər nəfəs darlığını artırır. Bol maye qəbul edilməlidir.
Epidemiya zamanı isə xəstələr mütləq qoruyucu maskadan istifadə etməli və hər il virus əleyhinə peyvənd olunmalıdır. Çünki, insan hər dəfə qripə, yaxud digər virusa yoluxanda xəstəlik ağırlaşır, şikayətlər çoxalır və xəstə stasionara yerləşdirilməli olur.
Söhbəti apardı:
Zərifə BƏŞİRQIZI
XQ