Son vaxtlar Naxçıvan Muxtar Respublikasında rəqəmsal inkişaf və internetlə bağlı yeni lyihələr həyata keçirilir. Yaxın vaxtlarda internet xidmətlərinin 25 – 50 faiz ucuzlaşmasına hazırlıq işləri aparılır. Müsahibimiz – muxtar respublikanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Rahid Ələkbərli gerçəkləşdirilən bu layihələr, gözlənilən yeniliklər barədə XQ-yə açıqlamasında bildirdi:
– Hazırda muxtar respublikada Prezident İlham Əliyevin təsdiq etdiyi 2023–2027-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı sahələr üzrə uğurla gerçəkləşdirilir. Həmin layihələrdən biri Data mərkəzinin yaradılmasıdır və artıq layihələndirmə işləri görülür. Muxtar respublikanı tam əhatə edən – Türkiyə Respublikasının sərhədindən Zəngəzur dəhlizinə qədər ərazidən keçən fiber-optik magistral xətləri çəkilir. Bu magistral xətlər mövcud infrastrukturun saxlanılması ilə yanaşı, yeni alternativ şəbəkənin də yaradılması deməkdir. Bu da tutumların daşınmasından başqa, muxtar respublika ərazisində istifadəçilərin yüksəksürətli internet ilə təmin olunması və altrenativ infrastrukturun yaradılmasında çox effektli olacaq.
Dövlət proqramı çərçivəsində başqa bir layihə isə IP telefoniya şəbəkəsinin qurulmasıdır. Burada həm təhlükəsizliyin yüksədilməsi, həm də infrastrukturun gücləndirilməsi istiqamətində işlər aparılır. Digər bir layihə isə bu infrastrukturun daha çox genişləndirilməsi və bütün ərazilərə tətbiq olunmasıdır. Yüksəksürətli internet istiqamətində də şad bir xəbərimiz var. Bu isə 120 mindən çox abunəçi üçün nəzərdə tutulmuş Gigabit tutumlu Passiv Optik Şəbəkə texnologiyasının tətbiqi layihəsidir.
Bu layihədə ən son yeni texnologiyaların tətbiqi həyata keçiriləcək və sürətin 1 obit/sa-niyə sürətlə abunəçilərə çatdırılması təmin ediləcəkdir. Deməli sürətin kifayət qədər artırılması qiymətin yaxşı istiqamətdə endirilməsinə və keyfiyyətin yüksəldilməsinə böyük təsir göstərəcək.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və bizim nazirliyimiz birgə, əlaqəli fəaliyyət göstərir.
– Muxtar respublikada məktəbli və tələbələrin böyük maraq göstərdiyi rəqəmsallaşma prosesi neçə həyata keçirilir?
– Ərazidəki bütün təşkilatların fəaliyyətində rəqəmsallaşma sahəsində ardıcıl işlər aparılır. “Rəqəmsal portfel”in gücləndirilməsi istiqamətində aparılan bu işlər də qeyd edilən dövlət proqramının tərkib hissəsidir. Yeni texnologiyalar təkcə yeni nəslin deyil, əhalinin geniş dairəsinin maraq göstərdiyi sahədir. Bu, əslində, ümumdünya prosesidir. Çünki İKT kifayət qədər yeni sahə olduğu üçün mütəxəssislərin bu texnologiyanı mənimsəmələri üçün müəyyən qədər vaxt tələb olunur. muxtar respublikada bizim tədris mərkəzimiz fəaliyyət göstərir. Bu mərkəzdə hazırlıqlı kadrların formalaşması, yeni texnologiyaların, sistem və şəbəkə mühəndisliyinin, yüksəksürətli internetin çatdırılması üçün texniki heyətin gücləndirilməsi istiqamətində işlər aparılır.
Bundan başqa Azərbaycanın digər sahələrində fəaliyyət göstərən tədris mərkəzləri ilə kollaborativ əməkdaşlıq istiqamətində işlər aparılır.
– Bəs bu sahədəki yeniliklər nədən ibarət olacaq?
– Nazirliyin tabeliyindəki qurumlar muxtar respublikanın telekommunikasiya şəbəkəsində yeni fiber-optik magistral şəbəkənin layihəsinin hazırlanması, passiv optik şəbəkə avadanlıqlarının satın alınması, Data Mərkəzinin texniki infrastrukturunun yaradılması ilə bağlı işləri də sürətlə aparır. Sadaladıqlarımız, əslində, bizim tender istiqamətlərimizdir. Fürsətdən istifadə edib özəl sektoru həmin tenderlərdə fəal iştirak etməyə dəvət edirik. Bu tenderlər müxtəlif sahələri əhatə edir.
Təbii ki, ilkin mərhələdə biz infrastrukturun qurulması, Data mərkəzinin layihələndirilməsi, onun ilkin avadanlıqlarının satın alınması istiqamətində tenderlər elan etmişik. 2024-cü il bizim üçün geniş quruculuq ili olacaq. Bu tenderlərdə satın alınmış avadanlıqların, layihələrin icrası istiqamətində ciddi işlər görüləcək. Kadrların yetişdirilməsi, potensialın gücləndirilməsi, bundan başqa, Data mərkəzinin tikilməsi, infrastrukturun genişləndirilməsi istiqamətində bir çox işlər aparılacaq. Bir çox layihələrin icrası 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur. Ümid edirik ki, tezliklə muxtar respublika sakinləri rabitə sahəsində önəmli yeniliklərin şahidi olacaqlar və bütün bunlar onların həyatında əlavə rahatlıq və məmnunluq yaradacaq.
Müsahibəni apardı:
T.RÜSTƏMLİ
XQ