ABŞ-ın müdafiə naziri Lloyd Ostin Yəməndən husilərin gəmilərə hücumları fonunda Qırmızı dənizdə təhlükəsizliyin təmin edilməsi məqsədilə beynəlxalq əməliyyata başladığını elan edib. Məlumatı “İnterfaks.ru” verib.
Ostin Pentaqonun internet saytında dərc edilmiş bəyanatında bildirib: “Yəməndən gələn ehtiyatsız husi hücumlarının son vaxtlar artması ticarətin azad axınına təhdid yaradır, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur”.
O qeyd edib ki, bu, “kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır”.
Ostin deyib: “Beləliklə, mən bu gün Birgə Dəniz Qüvvələrinin himayəsi altında təhlükəsizlik sahəsində böyük yeni çoxmillətli təşəbbüs olan Prosperity Guardian əməliyyatının başlandığını elan edirəm”.
Pentaqon rəhbəri vurğulayıb ki, Prosperity Guardian əməliyyatı bir çox ölkələri, o cümlədən Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Hollandiya, Norveç, Seyşel adaları və İspaniyanı birləşdirir.
O əlavə edib ki, ölkələr “bütün ölkələr üçün naviqasiya azadlığını təmin etmək və regional təhlükəsizliyi gücləndirmək üçün Qırmızı dənizin cənubunda və Ədən körfəzində təhlükəsizlik məsələlərini birgə həll etmək üçün” bir araya gəlir.
P.ƏMİRCANOV
XQ