Azərbaycanın qələbələri düşmənləri aciz duruma salıb

post-img

Xalq TV-nin bugünkü qonağı Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğludur.

Söhbətin mövzusu isə Azərbaycanın Vətən müharibəsində və antiterror əməliyatında qazandığı tarixi qələbənin regionda yaratdığı gerçəkliyin dünyadakı əks-sədası, yola saldığımız ilin ən önəmli təəssüratıdır.

– Umud müəllim, Azərbaycan Silahlı Qüvvələrinin bu ilin sentyabr ayında həyata keçirdiyi bir sutkalıq antiterror əməliyyatı suverenliyimizin tam bərpası, bayrağımızın işğaldan azad olunmuş bütün ərazilərimizdə dalğalanması ilə sonuclandı. Xalqımıza sonsuz sevinc yaşadan bu tarixi hadisə Vətən müharibəsində qazanılmış Zəfərin öyüncünü, sanki, ikiqat artırdı.

– Doğrudan da, çox incə məqama toxundunuz. Bu, Azərbaycan üçün çox həssas strateji hədəf,  incə taktiki addım idi. Bununla 2023-cü il Azərbaycan tarixinə əsrlər boyu unudulmayacaq bir zaman kimi yazıldı. Ümumiyyətlə, ötən 30 ildə xalqımız nə qədər bəlalı-ağrılı günlər yaşamışdısa, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində və bu ilin ­sentyabrında keçirilmiş antiterror əməliyyatı zamanı qazanılmış qələbələr bütün bu zülm və əziyyətlərin acısını insanların canından çıxardı. Şükürlər olsun ki, 30 illik qanlı münaqişə artıq arxada qalıb, Azərbaycan bölgədə sülhün dayanıqlı hala gətirilməsi üçün tarixi şərait yaradıb.

Təəssüflər olsun ki, bu  gün geriyə boylananda hər birimiz o çətin və məşəqqətli günlərin xatirəsi ilə üzləşirik. Dünyada da ədalətsizlik, qan-qada bitib-tükənmir. Bu gün 60-dan çox ölkədə bu və ya digər formada qan tökülməkdə, evlər dağılmaqda, insanlar faciələr yaşamaqdadır. Həmin coğrafiyalarda münaqişə və qanlı qarşıdurmalar  hələ də qalmaqdadır. 60 milyondan çox insan isə bu problemlərə görə öz doğma yurd-yuvasından məcburi deportasiya edilib. Bu ölkələr sırasında elə biz özümüz də varıq. Bu məcburi köçlərin, deportasiyanın acı, ağır nəticələri hələ də bizimlədir. Yurd-yuvasından qovulmuş 1 milyondan artıq soydaşımızın öz doğma el-obasına qayıtması üçün illər tələb olunur.

Təsəllimiz ondadır ki, bu gün müstəqil və qüdrətli Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edib. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi və nəzarəti altında məcburu köçkünlər hissə-hissə yenidən qurulan doğma el-obalarına qayıdırlar. Bu da bizi həddindən çox sevindirir, sabaha inamımızı artırır, gücümüzə əlavə güc qatır. Bu qüvvə ilə biz 30 il əvvəl ev-­eşiyindən qovulmuş soydaşlarımızın 140 minini yaxın 3 ildə  öz yurduna qaytaracağıq.

– Bütün bunlar, həqiqətən, sevindirici uğurlardır, ürəkaçandır. Lakin baş verənlər, xüsusən, Qarabağda 30 ildən bəri fəlakət mənbəyi olmuş, qan çanağına çevrilmiş separatçı xuntanın çöküşü özünü dünyada “sülh və demokratiyanın dayağı” sayan Qərb dövlətlərini, nədənsə, hədsiz kədərləndirib, hətta əndişələndirib. Bu “nədənsə”nin mənası o deyilmi ki, həmin xunta elə onların öz hərbi-siyasi aləti imiş...

– Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı reallıqları nəinki Ermənistan, dünyanın bir çox güc mərkəzləri  də sonadək qəbul etmək istəmirlər. Lakin beynəlxalq qurumlar və BMT səviyyəsində bir sıra müzakirələrdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini inkar etmək mümkün olmayıb.  Ermənistanın müharibədə uduzmasını, Xankəndi xuntasının çöküşünü qəbul etmək istəməyən dövlət və mərkəzlər başqa yola əl atır. Onlar sülh prosesini müxtəlif maneələrlə ləngitməyə çalışır, Ermənistanda revanşist qüvvələri ­qızışdırır. Bəziləri isə açıq-aşkar işğalçı ölkəni silahlandıraraq Azərbaycanın üzərinə yeni təcavüzə şirnikləndirir.

Bu buabırçı mənzərə bir daha sübut edir ki, Qarabağ münaqişəsi elə əvvəldən onların özləri tərəfindən ortaya atılıb. Erməni işğalçılarının arxasında onlar dayanıblar. İndi isə işğalçı hərbi bandaların ölkəmizdən qovulması, təcavüzkar Ermənistanın yerində oturdulması, separatçı rejimin mat vəziyyətinə düşüb özünü buraxması, Qarbağda əli qana batmış, cinayətlərə bulaşmış qaçaq-quldurların bölgədən qaçıb getməsi Qərb “sülhsevərlər”ini çaş-baş salıb. 

– Onlar anlamaq istəmirlər ki, Qarabağın dinc erməni əhalisinin çoxu məhz Ermənistanın 30 il bölgəni ölü zonaya çevirməsindən, hərbi xuntanın yaratdığı dözülməz şəraitdən başını çoxdan götürüb qaçıb. Yerdə qalan az sayda ermənini isə Azərbaycanı etnik təmizləmədə ittiham etmək üçün qorxudub, vahimələndirib qaçırdıblar. 

– Azərabaycan nə Vətən müharibəsində, nə də antiterror əməliyyatında birb nəfər də dinc əhaliyə atəş açamayıb, xətər yetirməyib, ölkədən çıxmağa məcbur etməyib. İndi isə Azəərbaycanın suverenliyini qəbul edən  cinayəti olmayan Qarabağ ermənisinin geri dönməsinə heç bir maneə yoxdur. Görünən budur ki, revanşist qüvvələrin fəallaşması dinc ermənilərin bölgəyə qayıtmasına başlıca əngəldir. Onları yenidən od-alov içinə düşməkdən qorxurlar. Bir çox erməni isə Azərbaycan xofu ilə qorxudulur. Onların geri dönməsi Azərbaycanın ittiham edilməsi yalanını puça çıxarar.

Ara verməyən böhtan və təhdidlər yalan və böhtana söykənir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən doğan narazılığı ifadə edir. Onsuz da əvvəlki 30 ildə də erməniləri işğal, soyqırımı, deportasiya cinayətlərinə təhrik edib dəstəkləyənlərin, Azərbaycanın haqq səsini saya salmayanların kimliyi bəlli idi. İndi bu səlib yürüşü açıq və rüsvayçı bir müstəviyə çıxıb. Amma ədaləti yox etmək axıradək mümkün deyil. Artıq dünya miqyasında ölkımizin mövqeyi aşıq-aşkar dəstək qazanıb. Azərbaycana qarşı qaldırılan qərəzli iddialar ardıcıl cavablandırılıb və nəticədə, heç bir hüquqi qüvvə qazanmayıb. 

Bilirsiniz, bu gün Ermənistanı silahlandırmağa çalışan ölkələr Qafqaza rəsmi Yeravan üzərindən ayaq açmağa çalışan qüvvələrdir. Xüsusən, son zamanlar biz bu məsələdə Fransanın tutduğu qeyri-obyektiv mövqeni açıq şəkildə müşahidə edirik. Okeanın o tayından da Ermənistanı şirniklərndirən, qisas hissi aşılayan çağırışların şahidi oluruq. ABŞ Konqresi tərəfindən erməniləri dəstəkləyən münasibətin sərgilənmısi buna bir sübutdur. 

Fransanın ermənipərəst mövqeyinin kəskinliyinin səbəbi bizə məlumdur. Bu mövqe qəbuledilməz olsa da səbəbini başa düşürük. 30 il ərzində strateji əlaqələr qurduğumuz ABŞ-nin Xankəndi xuntasına yas tutması isə başa düşülən deyil. Ona görə də onların anlaşılmaz mövqeyi ölkəmizdə kəskin narazılıqla və adekvat tədbirlərlə qarşılandı. Deyəsən, son günlərdə bizi başa düşməyə çalışırlar. Çünki bu ölkənin regionda maraqların təmin olunması  Ermənistandan çox, Azərbaycanla münasibətlərin necəliyindən asılıdır. 

Gördülər ki, artıq okeanın o tayından Azərbaycana qarşı nə qədər qərəzli mövqe sərgilənsə də, heç nə dəyişməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü və azadlığını təmin eləmiş, regionda söz sahibi olan bir ölkədir. Bununla razılaşmayan və ölkəmizə qarşı qeyri-obyektiv münasibət sərgiləyən istənilən dövlət ikili münasibıtlərdə itirən tərəf olacaq – istər ABŞ ­olsun, istərsə də Fransa. Bundan başqa, düşünürəm ki, qarşıdakı 5 ildə Azərbaycan sürətlə inkişaf edən bir dövlətə çevriləcək. Bunlar ölkəmizin haqq savaşının zəruri təminatıdır.

– Müharibə bitsə də, Qarabağda dinc insanlar hələ də “mina savaşı”nın qurbaı olurlar. İşğalçılar müharibə cinayətlərinin davamı olaraq, sanki, torpağın alt qatını mina təbəqəsi ilə örtüblər. Mina xəritələri Azərbaycana verilmir, yaxud saxta  sxemlər təqdim olunur. Ermənilərin havadarları bu ədalətsizliyə də göz yumurlar.

– Bilirsiniz, 30 illik işğal dövründə Ermənistan tərəfindən Qarabağ ərazisi metr-metr, qarış-qarış minalanıb. Hazırda bizim bu prosesi sürətləndirməyimizə ən çox məhz bu amil maneə törədir. Bu gün gerçəklik budur ki, qarşı tərəf verdiyi sözə sadiq qalmadı. 2020-ci il Vətən müharibəsində qazanılan qələbədən sonra kapitulyasiya imzalayan Ermənistan mina xəritələrinin Azərbayacan veriləcəyinə dair öhdəlik götürüb. 

Lakin düşmənin verdiyi xəritələrlə minalanmış ərazilərin üst-üstə düşməməsi burada da onların necə xəyanətkar bir xislətə malik olmasını açıq-aşkar ortaya qoyur. Bu müharibənin gizli cəbhədə davamının göstəricisidir. Hələ üstəlik, imkan düşən kimi, yolları, keçidləri yenidən minalayırlar. 

Xatırlayırsınızsa, biz 2021-ci ilin aprel ayında minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı bir petisiya da başlatdıq. Düzdür, sonradan müəyyən ərazilərlə bağlı xəritələr bizə təqdim olunsa da, lakin onlar heç də reallığı əks etdirmədi. Yəni, bu gün həmin problem öz movcudluğunu və aktuallığını saxlayır. Faktiki olaraq Azərbaycan hökuməti təkbaşına bu problemlə mübarizə aparır. 2020-ci il Vətən müharibəsindən sonra elə bir ay olmayıb ki, mina problemi və ya təhlükəsi yaşanmasın. Hətta 300-dən artıq soydaşımız mina terrorunun qurbanı olub.

Ümumiyyətlə, mən dəfələrlə müxtəlif beynəlxalq tribunalardan bu fikirləri dünyanın vətəndaş cəmiyyəti təmsilçilərinin, eləcə də Azərbaycana qarşı qərəzli mövqe tutan dövlətlərin diplomatlarının, rəsmi nümayəndələrinin diqqətinə çatdırmışam.

– Hazırda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesi necə gedir. Bu işlərə kimlər və necə dəstək verirlər?

– Azərbaycan min hektardan çox ərazini təmizləyib, ANAMA-nın rəyi əsasında son istifadəçiyə verib. Bizim İcma isə – Mina Aksiyası Komandası tərəfindən, demək olar ki, Gəncə Hava Limanı, Gəncə yaxınlığındakı  Sevinc qəsəbəsi, Göygöldə Topalhəsənli, Goranboyda Ağcakənd ərazisi, Tərtər, Bərdə, Yevlax bölgələrində minatəmizləmə işləri həyata keçirib. Komandamız bu gün Ağdamda, Tərtərdə, Goranboyda, Kəlbəcərdə, Qazaxda müəyyən tapşırıqları icra edir.

– Bu günlərdə sizin bu nəcib hərəkat daha bir vətənpərvərlik aksiyası ilə gücləndi. Artıq qadın minatəmizləyənlər qrupu da da bu prosesə qoşulub. 

– Bəli, bizim iştirakımızla ilk minaaxtaran qadın komandası da yarandı. Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Ptoqarmının və ANAMA-nın texniki yardımı vasitəsilə biz bu komandanı yaratdıq. Bütövlükdə, bu ilk belə komandadır. Lakin, eyni zamanda,  ABŞ Dövlət Departamentinin dəstəyilə bir qadın komanda da yaradılıb. Təxminən, bu gün 30-a yaxın qadın minaaxtaranımız var. 

Qadınları bu aksiyaya qoşmaqda əsas məqsəd Azərbaycanın üzləşdiyi mina terrorunun nə dərəcədə ağır bir faciə olduğunu dünyaya nümayiş etdirməkdir. Azərbaycan anaları göstərirlər ki, öz övladlarını qorumaq üçün mina təhlükəsinin də üstünə yeriməkdən qorxmurlar. Bu, yaratdıqları mina xofunun səmərəsizliyini görən düşmənləri kədərləndirir.

Ümumiyyətlə, haqq işimizi öz gücümüzlə davam etdirməyimiz, kənar təsirlərin qarşısının alınması və səmərəsizliyi düşmən qüvvələrin ümidlərini puça çıxarır. Ölkəmiz bu yolla sonadək gedəcək. Çünki xalqımız artıq çoxdan dəmir yumruq kimi birləşib və öz taleyinə tamailə sahib çıxıb. Azərbaycanın qələbələri isə düşmənləri və onlarındostlarını aciz duruma salıb.

Söhbəti apardı:
Tahir AYDINOĞLU 
XQ

 

Müsahibə