Xəbər verdiyimiz kimi, bu yaxınlarda Naxçıvan Dövlət Universitetinin təşəbbüsü ilə bu il noyabrın 23–24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı və qardaş Türkiyədən 20-dən çox qurumun tərəfdaşlığı ilə ölkmizdə ilk dəfə olaraq “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirildi.
Müsahibimiz bu möhtəşəm vətənpərvərlik aksiyasının keçirildiyi əsas mərkəzlərdən biri olmuş Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev söhbətə festival-konqresin məqsəd və məramından söz açmaqla başladı:
– “Qərbi Azərbaycana qayıdış” festival-konqresin keçirilməsində əsas məqsəd tarixi ədalətin bərpa edilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yurd-yuvasından didərgin, qaçqın düşmüş azərbaycanlıların tarixi hüquqlarının bərpasına istiqamətlənmiş siyasətin elmi əsaslarla həm yerli, həm də beynəlxalq səviyyədə işıqlandırılmasına nail olmaq idi. Hədəf həm də ölkənin akademiya, müxtəlif universitet və elmi-tədqiqat institutlarında, eyni zamanda, qardaş Türkiyənin elm-təhsil mərkəzlərində fəaliyyət göstərən araşdırmaçı və mütəxəssisləri bir araya gətirmək, onların Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yenilikləri dinləmək, fikir mübadiləsi aparmaq idi. Bütün bunlar isə Ermənistan Respublikasının inzibati sərhədləri daxilindəki qədim yurd yerlərimiz olan Qərbi Azərbaycan torpaqlarında xalqımızın min illərlə yaratdığı mədəniyyəti təbliğ etməyə, Qərbi Azərbaycana qayıdış prosesinə elm və təhsil ictimaiyyətinin dəstəyini ifadə etməyə yönəlmişdi.
Naxçıvan Dövlət Universitetində “Qərbi Azərbaycana qayıdış” festival-konqresin Əsasnaməsi hazırlanmış, 36 nəfərlik Elmi Komitə, 45 nəfərdən ibarət Təşkilat Komitəsi, rəsmi saytı və loqosu yaradılmışdı. Festival-konqresdə əslən Qərbi Azərbaycandan olan ziyalılar və qaçqınlar, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin müəllim və tələbələri, eyni zamanda, Qərbi Azərbaycan İcmasının, Bakı Dövlət, Pedaqoji, İqtisad, Memarlıq və İnşaat, Texniki universitetlərin, Ali Neft Məktəbinin, AMEA Naxçıvan Bölməsinin, AMEA Tarix İnstitutunun, Vəkillər Kollegiyası Akademiyasının, eləcə də qardaş Türkiyədən Ankara, Hacəttəpə, Qazi, Atatürk, Qars Qafqaz və İğdır universitetlərinin rəhbərləri və geniş tərkibdə heyətləri təmsil olunmuşdu.
Festival-konqresin təşkilində Naxçıvan Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətləri, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi, Yazıçılar və Rəssamlar birlikləri iştirak edirdi. Azərbaycanın və Türkiyə Respublikasının bir sıra aparıcı universitetlərinin rektorları, millət vəkilləri, akademiklər, incəsənət xadimləri, dövlət və hökumət nümayəndələri də aksiyada fəallıq göstərdilər.
– Festival-konqresin açılışı və keçirilən tədbirlər ölkəmizdə və xaricdə böyük maraqla izlənildi, bu tədbirlər Qərbi Azərbaycana qayıdış hərəkatına irimiqyaslı və elmi-mədəni dəstək kimi dəyərləndirildi.
– Təşkilat Komitəsinin hazırladığı rəngarəng tədbirlər də hərəkata kütləvi dəstəyi təmin etməyə yönəlmişdi. “Qərbi Azərbaycana qayıdış” festival-konqresində kulinariya sərgisi, rəsm əsərlərinin sərgisi, milli geyim sərgisi, məişət avadanlıqlarının sərgisi, Qərbi Azərbaycana həsr olunmuş film nümayişləri, kitab təqdimatları, ustad dərsləri, xalq oyunları, kompozisiyalar, konsert proqramları və konqres təşkil edilmişdi. Rəsmi açılış mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynovanın çıxışları dinlənilmişdir.
Mərasimdə Naxçıvan Dövlət Universitetinin Tələbə Teatr Studiyasının bakalavr və magistratura üzrə təhsil alan tələbələri tərəfindən tədbirin əsas qayəsini özündə əks etdirən “Sevin Azərbaycanı” adlı maraqlı tamaşa-kompozisiya təqdim olunmuşdur. Bədii hissədə Naxçıvan Dövlət Universitetinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Universitetin “Muğam üçlüyü”nün ifasında “Zəngəzurum” muğamı, rəqs qrupunun ifasında “Azərbaycan suitası”, Aşıqlar ansamblının ifasında “Baş müxəmməs”, ”Naxçıvanqala” ritm qrupunun ifasında ”Qarabağ” kompozisiyası nümayiş olunmuşdur. Naxçıvan Dövlət Universitetinin yeni yaradılmış 56 nəfərdən ibarət “Xalq çalğı alətləri orkestri” və 17 nəfərdən ibarət “Buta” instrumental ansamblının ifalarında Qərbi
Azərbaycana xas olan musiqi nömrələri təqdim olunmuşdur. Bundan əlavə, ölkənin tanınmış musiqi xadimləri – xalq artistləri Ağaverdi Paşayev, Gülyanaq Məmmədova, Nurəddin Mehdixanlı, Əməkdar artistlər Elnur Zeynalov və Nuriyyə Hüseynova da konserdə iştirak etmişdir.
– Kənardan görünən ümumi mənzərə belə idi: Qərbi Azərbaycan dəyərlərini nümayiş etdirən sərgilər, bədii hissələrdə bu mədəni irsin müxtəlif formalarda təzahür etdirilməsi, elmi məruzələr – bütün bunlar bir-birini tamamlayaraq təsirli bir mənzərə yaradırdı.
– Açılış tədbirindən sonra “Dövlət Qonaq Evi”ndə Universitetin Texnologiya Mərkəzi tərəfindən Qərbi Azərbaycan mətbəxinə məxsus olan kulinariya sərgisi keçirilmiş, piştaxta və stollara 59 çeşid yemək, 44 çeşid meyvə və meyvə qurusu, 30 adda müalicəvi bitkilər, 94 növ mürəbbə, 12 adda bitki çayı, 13 növ şirniyyat çıxarılmışdır. Heydər Əliyev Sarayında təşkil olunmuş sərgidə isə Qərbi Azərbaycan mədəniyyətinə aid milli geyim nümunələri, məişət əşyaları, quramalar, xalçalar, keçə sənəti nümunələri, bədii tikmələr, Qərbi Azərbaycan xəritəsini əks etdirən dekorativ sənət nümunələri, Qərbi Azərbaycanı təbliğ edən suvenirlər, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin müəllim və tələbələri tərəfindən hazırlanmış Qərbi Azərbaycana məxsus tarixi abidələrin maketləri təqdim edilmişdir. Festival-konqresdə universitetin İncəsənət fakültəsinin müəllim və tələbələri tərəfindən 100-dən çox rəngkarlıq, heykəltəraşlıq, dekorativ tətbiqi sənət nümunələri nümayiş olunmuşdur.
Naxçıvandakı Heydər Əliyev Sarayında festival-konqresin rəsmi qonaqları Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanovun, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanovun, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın, Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədri, Azərbaycan Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü, akademik Abel Məhərrəmovun, Hacəttəpə Universitetinin rektoru, professor Mehmet Cahit Güranın, Qazi Universitetinin rektoru, professor Musa Yıldızın, Azərbaycan Dövlət Pedaoji Universitetinin rektoru, professor Cəfər Cəfərovun, Türkiyə Respublikası Güvenlik ve Dış Politikalar Kurulu Üyesi Aygün Attarın çıxışları dinlənilmişdir.
Festival-konqresin Heydər Əliyev Sarayında keçirilən bədii hissəsində Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsi və universitetin tabeliyində olan Musiqi Kollecinin müəllim və tələbələrinin ifasında Qərbi Azərbaycana aid aşıq musiqiləri, yallılar, kompozisiyalar, musiqi nömrələri, xalq oyunları təqdim olunmuşdur. “Qərbi Azərbaycana qayıdış” festival-konqres müddətində Naxçıvan Dövlət Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan toponimləri” mövzusunda, Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyevin “İnsan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri”, Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri doktoru, professor Mayis Əliyevin “Əmək mübahisələrinə baxılmasının məhkəmə təcrübəsi”, Vəkillər Kollegiyasının İxtisas Komissiyasının sədri, “Azərbaycan Hüquq Jurnalı”nın baş redaktoru, hüquq elmləri doktoru, professor Turqay Hüseynovun “Kommersiya mübahisələrinin həllinin aktual məsələləri”, Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri doktoru, professor Sübhan Əliyevin “İnzibati məhkəmə icraatında iddialar və onların növləri” mövzularında mühazirələri və ustad dərsləri keçirilmişdir. “Azərbaycan jurnalistlər şəbəkəsi” İctimai Birliyi (AJN) tərəfindən qərbi azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş “Nəsil ağacı” və ”Yada daşı” filmləri izləyicilərə təqdim olunmuşdur. Təqdimat mərasimində rəsmi qonaqlar, ziyalılar, ictimaiyyət nümayəndələri, tələbələr iştirak etmişdir.
“Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili”, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova və pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazilə Abdullazadənin müəllifi olduqları “Zəkanın və milli yaddaşın təntənəsi” kitablarının, Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutu kollektivinin Qərbi Azərbaycan tarixi üzrə hazırladığı “XIX-XX əsrin əvvəllərində İrəvan şəhərinin tarixindən”, dörd dildə nəşr edilən “İrəvan xanlığı”, “İrəvan əyalətinin icmal dəftəri”, “İrəvan əyalətinin müfəssəl dəftəri”, Naxçıvan Müəllimlər İnstitutunun professoru Yusif Səfərovun “Aşıq yaradıcılığında Qərbi Azərbaycan” kitablarının təqdimatı keçirilmişdir.
Aksiya çərçivəsində Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Fəxriyə Xələfova ilə görüş keçirilmişdir. Görüşdə “Milli ornamentlərin harmoniyası” adlı kolleksiyadan geyim nümunələri sərgilənmiş və “Xan qızı Xurşidbanu Bəyim Natəvan” filminin təqdimatı keçirilmişdir.
– Festivalda nümayiş etdirilən dəyərlərin elmi-nəzəri baxımdan araşdırılması konseptual tədqiqat təsəvvürü yaradırdı.
– “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres isə 5 istiqamət üzrə keçirilmişdir: “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbaycanın mədəni sərvətləri”, “Qərbi Azərbaycan dil faktları və toponimikası”, “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri”, “Qərbi Azərbaycanda elm və təhsil”.
Konqresə Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, AMEA Naxçıvan Bölməsi, Qərbi Azərbaycan İcması, Sumqayıt Dövlət Universiteti, AMEA Folklor İnstitutu, Vəkillər Kollegiyası Akademiyası, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Mingəçevir Dövlət Universiteti, Qars Qafqaz Universiteti, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, AMEA Əlyazmalar İnstitutu, AMEA Tarix İnstitutu, AMEA Qafqazşünaslıq İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, AMEA Şərqşünaslıq İnstitutu, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Prezident Kitabxanası, DTX-nin Heydər Əliyev adına Akademiyası, Sosial Tədqiqatlar Mərkəzi, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Botanika İnstitutu, AQRA Elmin İnkişafına Dəstək İctimai Birliyi, Naxçıvan Musiqi Kolleci əməkdaşları məruzələrlə qatılmışdır. Ümumilikdə, konqresin elektron poçtuna məruzə üçün 30-dan artıq elm və təhsil müəssisəsindən 300-dək məqalə və tezis qəbul edilmişdir. Konqresin Elmi Komitəsi və rəyçiləri tərəfindən 173 alimin 157 məruzəsi seçilərək konqresin proqramına daxil edilmiş, həmin məruzələr 17 bölmə iclasında dinlənilmişdir.
Konqresin sonunda bağlanış tədbiri keçirilmiş, iştirakçılara sertifikatlar təqdim olunmuşdur. Konqresin hər il keçirilməsi qərara alınmışdır.
– Rəngarəng tədbirlərin muxtar respublikanın bölgələrini də əhatə etməsi onun kütləviliyi kimi diqqəti cəlb etdi.
Bəli, “Qərbi Azərbaycana qayıdış” festival-konqresi bölgələri də əhatə etmişdir. İştirakçıların Ordubad rayonuna səfəri təşkil olunub. Səfər çərçivəsində rayonun Parağa kəndində yaşayan Qərbi azərbaycanlılarla görüş keçirilib. Görüşdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, mədəniyyət və mətbəx nümunələri nümayiş etdirilib. Görüşün keçirildiyi məkanda qonaqlar üçün konsert proqramı da təşkil olunub.
“Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçıları Kəngərli rayonunun Çalxanqala kəndində deportasiyaya məruz qalmış soydaşlarımızla görüşüblər. Qonaqlar Çalxanqala kənd mərkəzində Qərbi azərbaycanlılara məxsus müxtəlif məişət əşyaları, mətbəx nümunələrindən ibarət sərgiyə baxıblar.
– Bütün bunları ölkə mediası geniş işıqlandırmaqla əhalini və xaricdəki soydaşlarımızı aksiyanın fəal izləyicilərinə çevirdi.
– Əvvəlcədən nəzərdə tutulmuş və tədbirlərdə medianın geniş iştirakı da təmin edilmişdi. Festival-konqres ölkənin əsas aparıcı mediasında - AzTV, Xəzər TV, Naxçıvan TV, Baku TV, Qərbi Azərbaycan TV, 525-ci qəzet, Şərq qapısı qəzeti, AZƏRTAC, Nuhçıxan, Report, APA, “Azərbaycan müəllimi” qəzeti, “İki sahil” qəzeti, “Xalq qəzeti” və başqaları daxil olmaqla ümumilikdə 133 qəzet, jurnal, televiziya və xəbər saytlarında işıqlandırılmışdır. Festival-konqres haqqında məlumatlar 20-dən çox xarici ölkə mediasında yer almış və həmçinin bundan narahatçılıq keçirən Ermənistan mediasında təşvişə səbəb olmuşdur.
– Qərbi Azərbaycana qayıdış hərəkatına geniş ictimai dəstək formalaşdıran nəticələr barədə də məlumat verərdiniz.
– Təhlil və ümumiləşdirilmələrə əsasən, aşağıdakı nəticələrə gəlinmişdir:
– Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi: “Bizi Qərbi Azərbaycana böyük qayıdış gözləyir” hədəfi istiqamətində festival-konqresin bütün iştirakçıları tərəfindən birlik və əminlik ifadə edilmişdir;
– Qərbi Azərbaycanda ermənilərin və onlara havadarlıq edənlərin xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti, milli faciə və vandalizm faktlarının geniş şəkildə ictimaiyyətə çatdırılması təmin edilmişdir;
– Ermənilərin doğma torpaqlarımızda yerləşdirilmələri, azərbaycanlıların planlı surətdə doğma yurdlarından qovulması ilə bağlı tarixi faktlara söykənilmiş, yeni, dolğun məlumatlar təqdim olunmuşdur;
– Qərbi Azərbaycana məxsus maddi mədəniyyət nümunələri nümayiş olunmuşdur;
– Qərbi Azərbaycandan olan, muxtar respublikada yaşayan sakinlər ilk dəfə olaraq bir araya gəlmiş və onlarla görüş keçirilmişdir;
– Qərbi Azərbaycana məxsus Ermənistan Respublikasının dövlət səviyyəsində həyata keçirdiyi etnomədəni siyasətin qurbanı olmuş yer adlarımızın – toponimlərin, oykonimlərin, hidronimlərin dəyişikliyə məruz qalmasının tarixi faktlara söykənərək elmi əsaslarla təsdiqinə və dünya elmi ictimaiyyətinə çatdırılmasına çalışılmışdır;
– Tarixi ədalətin bərpa edilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yurd-yuvasından didərgin, qaçqın düşmüş Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətin elmi əsaslarla həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə işıqlandırılması istiqamətində işlər aparılmışdır;
– Ölkəmizin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçıları bir araya gəlmiş, onların Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yeniliklər dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.
Ümumilikdə, “Qərbi Azərbaycana qayıdış” festival-konqresinə müxtəlif formatda 10 min nəfərdən çox iştirakçı qatılmış, bu ümummilli hərəkatla bağlı ölkəmizdə ilk kütləvi elmi-mədəni aksiya uğurla gerçəkləşdirilmişdir.
– Maraqlı və geniş məlumat üçün sağ olun.
Söhbəti hazırladı:
Tahir AYDINOĞLU,
XQ