“Four Seasons” otelində ölkəmizdə “Heydər Əliyev İli” çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun 25 illik yubileyinə və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş toplantı keçirildi.
Məclisin əvvəlində institutun əməkdaşlarının hüququn müxtəlif sahələrinə dair yeni çapdan çıxmış kitablarının təqdimatı oldu.
Sonra Hüquq və İnsan Haqları İnstitutu İdarə Heyətinin sədri Məhəmməd Quluzadə rəhbərlik etdiyi kollektivin 25 il ərzində həyata keçirdiyi işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan bu elm ocağında ötən müddət ərzində 228 elmi iş müdafiə olunub 700-dən çox tələbə və məzun təcrübə keçib, 1500-ə yaxın kitab, dərslik və məqalə dərc edilib. Bundan əlavə, 150-dən çox qanuna təklif və rəy hazırlanıb, yüzlərlə insan təlimlərə cəlb edilib. Yeni yaradılan “Ulu öndər Heydər Əliyev adına Virtual Hüquq Kitabxanası”nda istifadəçilər tərəfindən 60 mindən çox yükləmə qeydə alınıb.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli kollektivi yubiley münasibətilə təbrik etdi. O, bildirdi ki, Heydər Əliyev İli çərçivəsində institutun 25 illik yubileyinin və Beynəlxalq İnsan Hüquqları Gününün qeyd edilməsi təsadüfi deyil. Ulu öndər həmişə Azərbaycan xalqının, ümumilikdə, dünya azərbaycanlılarının hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərib. Böyük rəhbər həmişə demokratiya və qanunun aliliyi prinsipinə hörmətlə yanaşıb. Təəssüf ki, 1987–1993-cü illərdə xalqımızın həm fərdi, həm də milli hüquqları sistemli şəkildə pozulmuşdur.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə yenidən qayıdışından sonra insan hüquqlarına önəm verməyə başlandı. Mətbuatda senzura ləğv edildi, ölüm cəzasının ləğvi ilə bağlı tədbirlər görüldü. İnsan hüquqları sahəsində Azərbaycan BMT konvensiyalarına qoşuldu və 2001-ci ildə ölkəmiz Avropa Şurasına tamhüquqlu üzv qəbul olundu. Heydər Əliyev çağdaş tariximizin ən böyük hüquq müdafiəçisi kimi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Prezident Administrasiyasının sektor müdirləri Rüstəm Qasımov və Həbib Abdullayev kollektivin ölkəmizdə insan haqları anlayışının geniş yayılmasında, bu mövzunun elmi baxımdan araşdırılmasında institun xidmətlərini qeyd etdilər, kollektivə yeni uğurlar arzuladılar.
BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo insan hüquqlarının təmsil etdiyi qurumun institutla səmərəli əməkdaşlığından söz açdı, qarşıdakı fəaliyyət istiqamətlərini vurğuladı.
Milli Məclisin deputatı hüquq elmləri doktoru Nizami Səfərovun moderatorluğu ilə “Azərbaycanda hüquq elminin mövcud problemləri, yeni prioritetləri və perspektivləri” mövzusunda aparılan müzakirələrdə hüquqşünas alimlər və dövlət qurumlarının əməkdaşları sahə elminin inkişafı ilə bağlı təkliflərini bildirdilər, problemlərdən və önəmli vəzifələrdən danışdılar. Onlar qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək üçün hüquqi bazanın yaradılmasının vacibliyini söylədilər.
Qabil YUSİFOĞLU
XQ