Güney Azərbaycanın istiqlal salnaməsi

post-img

“21 Azər”ə bərabər yalnız “21 Azər”dir

78 il əvvəl dekabrın ilk günlərində Milli Hökumətin nəzarətindəki ərazilərdə, baş şəhərimiz Təbrizdə həyat öz axarı ilə davam edirdi. Təbriz radiosu Azərbaycan dilində informasiyalarını yayır, verilişlərinə şair Etimadın, bəstəkar Cahangir Cahangirovun birgə ərsəyə gətirdikləri Milli Hökumətimizin marşı ilı başlayırdı. 

Milli Filarmoniyada, Milli Teatrda məşqlər gedirdi. Yeni açılan Təbriz Dövlət Universitetində, şəhər və kənd məktəblə­rində, kitabxanalarda həyat öz məcrası ilə gedirdi. Səhiyyə şəbəkələrində insanlara pulsuz xidmət göstərilirdi. Kəndlilər onla­ra verilmiş pay torpaqlardan götürdükləri məhsulların sevincini yaşayır, bir hissəsini qış azuqəsi kimi yan-yörk edirdilər. Tikin­ti-abadlıq işləri də gündən-günə genişlə­nirdi. 

Fədailər və asayiş keşikçiləri isə cəmi 12 gündən sonra onları gözləyən fəlakət­lərdən xəbərsiz xidməti borclarını yerinə yetirməkdə idilər. Heç kimin ağlına belə gəlmirdi ki, tezliklə Amerika və İngiltərə­nin himayə etdiyi və Azərbaycan Milli Hökumətinin üstünə qısqırtdığı xain Pəh­ləvi xanədanının əlləri onu qanına qəltan edəcək. Nə biləydilər ki, çox keçməyəcək ki, on minlərlə insan İranın ilan mələyən guşələrinə sürgünə göndəriləcək. Təəs­süflər olsun ki, cəmi 12 gün sonra bu dəh­şətlər yaşandı. Beləliklə, “21 Azər” hərə­katı cəmi bir ömür sürdü: Milli Hökumət yarandığı gündə – dekabrın 12-də də ta­rixin şərəfli yaddaşına qovuşdu. 

Həmin gün Arazın bu tayına ailə üzv­ləri ilə birgə 3 istiqamətdə pənah gətirən minlərlə inqilab iştirakçısı da bir neçə gün əvvəl güman etmirdi ki, bu, bütöv bir azadlıqsevər nəslin sonu görünməyən mühacirlik taleyinin başlanğıcıdır. Bu in­sanlar dekabrın 12-də Arazı, Bulqar çayını keçərkən, Heyran aşırımını adlayarkən bir də geri dönməyəcəklərini hiss edirlərmiş kimi, çevrilib sonuncu dəfə doğma elləri seyr edirdilər. Bu mərd, dəyanətli insanla­rın məqsədi heç də yeni yurdda məskun­laşmaq deyildi. Hamı tezliklə geri dönəcə­yinə, 1 il əvvəl başlanılan işlərin davam etdiriləcəyinə, İran daxilində muxtariyyətə malik Azərbaycanda bəşəri hüquq və azadlıqların bərpa ediləcəyinə əmin idi.

İndi o vaxtdan 78 il ötür. Tarix öz diqtəsini edib, inqilab iştirakçılarının sı­ralarını darayıb. “21 Azər” iştirakçılarının sağ qalanları barmaqla sayılan qədərdir. Ağsaqqalı da var, ağbirçəyi də. Fəqət, yurdsevər, başıbəlalı, dəyanətli ata-baba­larımız dünyadan qəlblərində Təbriz həs­rəti, dillərində “21 Azər” şüarı ilə köçüblər. Bu sədaqətin köklərini “21 Azər”in tarixi mahiyyətində, onun təşkilatçısı və ilham­vericisi Azərbaycan Demokrat Firqəsinin mübarizəsində, İranda XX əsrin əvvəllə­rindən indiyədək davam edən anti-türk si­yasətinin amansızlığında axtarmaq gərək­dir.

Ötən əsrdə İranda “21 Azər”ədək də xalq hərəkatları və inqilablar baş verib. Lakin sözün əsl mənasında, “21 Azər” fun­damental, bənzərsiz bir siyasi hadisədir. İstər Səttərxan (1905–1911-ci illər), istər Şeyx Məhəmməd Xiyabani (1918–1920-ci illər) hərəkatları, istərsə də “22 Bəhmən” inqilabı mahiyyətinə və xalqa keyfiyyətcə bəxş etdiklərinin miqyasına görə onunla müqayisəyə gəlməzdir. 

İçtimai qayəsinə və miqyasına görə bu hərakat daha böyükdür. Belə ki, “Tənbəki üsyanı”ndan başlayaraq, “22 Bəhmən”ə qədər baş verən inqilablar və xalq hərə­katları tamamilə siyasi xarakter daşıyıb, ancaq siyasi hakimiyyətlərin dəyişməsi ilə başa çatıb. Azərbaycan Demokrat Firqə­sinin rəhbərlik etdiyi “21 Azər” hərakatı və onun yaratdığı Milli Hökumət təkcə siyasi dəyişiklikləri ilə deyil, Azərbaycanın bütün içtimai, iqtisadi və mədəni sahələrində apardığı köklü islahatları, dəyişiklikləri ilə yadda qalıb. Cəmi 1 il hakimiyyətdə olan ADF-nin, Milli Hökumətin gördüyü işlər İran tarixində reallaşdırılanların 100 ilinə bərabər sayılır. Belə desək, “21 Azər”in alternativi yalnız “21 Azər”dir. 

Dediklərimiz 1324-cü ilin 12 Şəhrivə­rində (3 sentyabr 1945-ci il) ADF-nin yara­dıcıları tərəfindən imzalanan Bəyənnamə­nin dünyəviliyinə, bütün İran xalqlarının mənafeyləri ilə səsləşməsinə əyani sübut­dur. Bütün bunlar Amerikalı hüquqşünas Uilyam Duqlasın 1950-ci ildə yerli camaa­tın Milli Hökumət və onun baş naziri Seyid Cəfər Pişəvərinin xidmətləri barədə xa­tirələrini qələmə alarkən tutduğu siyahıda da təsdiqini tapıb. Ən mühüm islahatlar, əsasən, 3 kateqoriyaya bölünüb: siyasi is­lahatlar; mədəni islahatlar; siyasi-iqtisadi islahatlar.

Bəli, 78 ildir ki, Bakıda, Azərbaycanın əksər şəhər və bölgələrində “21 Azər”in il­dönümləri qeyd olunur. Avropada və Ame­rikada da məclislər təşkil edilir. “Mühacirət” ifadəsi nə qədər üzüntülü səslənsə də, biz sözün əsl mənasında, bacı və qardaşları­mızın qayğısı, doğma münasibətləri sayə­sində əldə etdiklərimizi minnətdarlıqla dilə gətirməyə borcluyuq. Bu, dünyanın heç bir ölkəsinin mühacirəti ilə müqayisə edilə bilməyəcək mütərəqqi nümunə, əyani mi­saldır. 78 il əvvəl Vətənin bu tayına yalnız silahı ilə pənah gətirənlərin sıralarından 200 nəfər elmlər namizədi və doktorunun, minlərlə tanınmış mütəxəssisin yetişməsi, 10 min nəfərə yaxın soydaşımızın orden, medal, fəxri adlarla təltif olunması, onlara minlərə mənzillərin verilməsi, digər bəşə­ri qayğılar yalnız və yalnız mahiyyətində insanpərvərlik, humanizm hökm sürən doğma bir xalqın əhatəsində mümkün ola bilərdi. Məhz buna görə bizlər də Azər­baycan Respublikasının uğurlarını öz na­iliyyətlərimiz sayır, bu tərəqqi ilə fəxr edir, Vərtnin bu tayında əldə edilmiş dövlət müstəqilliyinin daha da möhkəmləndiril­məsi yolunda hər cür fədakarlığa hazır ol­duğumuzu əməli nümunələrimizlə sübuta yetiririk. Yüzlərimizin döyüş meydanındakı şücaətlərinə görə layiq görüldükləri dövlət təltifləri də bundan xəbər verir. 

Nəsillər dəyişsə də yolumuz, amalımız dəyişməz qalır. Bu üç bənddə ifadəsini tapdığı kimi:

On illərdir yol gəlirəm,

Atam Azər, özüm Azər.

Mən əbədi bir məşələm,

Təşnəm Günəşə bərabər. 

Yora bilməz yollar məni, 

Qəlbim tükənməz atəşli.

Xalqım daim qeyd edəcək,

Müqəddəs “21 Azər”i.

Qoy kimsə də düşünməsin,

Yaşayırıq bir şam ömrü.

Zirvələrin bəzəyidir,

Bayrağı “21 Azər”in.

 

Rəhim HÜSEYNZADƏ,
Azərbaycan Demokrat Firqəsinin sədri, Əməkdar jurnalist



Sosial həyat