Müsahibimiz Azərbaycanın ilk və yeganə kontratenoru, opera müğənnisi, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərovdur. Onunla Bülbül adına Orta İxtisas Musiqi Məktəbində görüşüb, xeyli söhbətləşdik. Sənətinə, peşəsinə öz övladları kimi doğma münasibət bəsləyən müsahibimizlə söhbətimizi sizə təqdim edirik:
- İlham bəy, musiqi təhsilinizə xanəndə kimi başlamısınız. Necə oldu ki, xanəndəlikdən operaya keçid etdiniz?
- Mən heç vaxt özümü xanəndə kimi təsəvvür etmirdim. Uşaq ikən mənə diskant səslə oxumaq daha rahat idi. Lakin keçid dövründə, səs dəyişməyə başladığı vaxt bariton səslə yüksək notları oxuya bilmədim. Artıq, on birinci sinifə keçəndə akademik vokalla məşğul olmağa qərar verdim.
- Maraqlıdır, Siz həm də bir çox yerli və xarici müsabiqələrdə iştirak etmisiniz. Sizə ən çox uğur qazandıran müsabiqə hansı olub?
- Bir çox mötəbər müsabiqələrin iştirakçısı olmuşam. Təəssüf ki, həmin müsabiqələri Azərbaycanda çox az insan tanıyır. Məsələn, İtaliyanın hər hansı müsabiqəsindən fərqli olaraq, Müslim Maqomayev adına müsabiqədə iştirakım insanların diqqətini cəlb edə bildi, çox gözəl qarşılandı və mənə uğur gətirdi.
- “O səs Türkiyə” yarışmasından sonra həyatınızda nə kimi dəyişiklik oldu?
- Bilirsiniz ki, “O səs Türkiyə” yarışmasının çox geniş tamaşaçı kütləsi var. Həmin tamaşaçıları klassik musiqiyə cəlb etmək üçün belə bir yarışmaya qatıldım. Dostlarımın bəziləri məni qınadı ki, “sən professional ifaçısan”, “bu yarışma sənin adına yaraşmır” və sair. Lakin mən “O səs Türkiyə”nin iştirakçısı olduğum üçün özümü çox şanslı hiss edirəm və ondan sonra populyarlığımın daha da artdığını düşünürəm.
- Vyana Opera Teatrını izləmək üçün hətta bir il öncədən bilet tapmaq olmur, hamısı satılır. Bizdə isə belə deyil. Buna səbəb nədir? Ümumiyyətlə, operada rəhbər dəyişikliyindən sonra, hansı yeniliklərin olacağını düşünürsünüz?
- Bizim auditoriya bir az fərqlidir. Həm də fərqli bir yanaşma tələb edir özünə qarşı. Fikrimcə, Yusif Eyvazovun Opera Teatrına rəhbər gəlməsi ilə çox şey dəyişəcək. Onun dünyagörüşü və təcrübəsi, bu sahədə görəcəyi işlər teatrımızın daha da inkişafına səbəb olacaq. Təbii ki, biz solistlər də öz üzərimizdə çalışıb, opera auditoriyasının genişlənləməsinə nail olmalıyıq.
- Keçən il sizin də bədii rəhbəri olduğunuz “Barokko günləri” adlı Beynəlxalq Musiqi Festivalı keçirildi. Növbəti belə festival nə vaxt keçiriləcək? Gələn festivalda “barokko və muğamın sintezi” olacaqmı?
- Ötən il bu festival çox yüksək səviyyədə keçdi və musiqişünasların, gələn qonaqların ürəyincə oldu. Hətta bu festivalda dünyanın ən məşhur musiqi tənqidçilərindən biri Vinçenzo de Vivo azərbaycanlı vokal ifaçı Rza Xosrovzadəni çox bəyəndi və onu İtaliyaya dəvət etdi. Mədəniyyət Nazirliyinin də dəstəyi ilə bu festivalın yenidən ölkəmizdə keçiriləcəyinə ümid edirəm. Düşünürəm ki, “Barokko və muğamın sintezi” böyük marağa səbəb ola bilər.
- Bu qədər titulların sahibi İlham Nəzərovun bugünkü populyarlığı onu qane edirmi?
- Bəli, qane edir. Sözün düzü, bu gün məşhurluğun dalınca qaçmıram, sıradan adi bir insan kimi yaşamaq istəyirəm. Məşhur olmaq bəzən insanı çərçivəyə salır.
- Yaxın gələcəkdəki planlarınız nələrdir?
- Yay aylarında Avropada tamaşalarım, oktyabrda isə Moskvada konsertim planlaşdırılır. “Üzeyir Hacıbəyli festivalında” tələbələrimlə birgə çıxışım da gözlənilir.
Həmçinin qeyd edim ki, yaradıcılığımdan əlavə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (ARPDİA) -nın politologiya fakültəsində təhsil alıram. Ola bilər, gələcəkdə özümü siyasətçi kimi də sınayım.
Sonda onu da əlavə etmək istəyirəm ki, 15-19 mayda Gürcüstanın Tbilisi şəhərində keçirilən Nodar Andquladze adına IV Beynəlxalq Vokal Müsabiqəsində Bülbül adına Orta İxtisas Musiqi məktəbində təhsil alan tələbələrim birinci yerə layiq görülüblər.
Müsahibəni hazırladı: İnarə NOVRUZLU,
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”