Milli dini kadrların hazırlanması mühüm məsələdir

post-img

Bu təhsil ocağı Azərbaycan Prezidentinin 2018-ci il tarixli “Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında” sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb və 2018-2019-cu tədris ilində müvafiq sərəncamla Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi ləğv edilərək, yeni institutun strukturuna daxil edilib.

Dini təhsilin ölkəmiz üçün əhəmiyyəti, din-dövlət münasibətləri və bu kimi mövzularla bağlı institutun rektoru Aqil Şirinovla söhbətləşdik. Müsahibəni təqdim edirik:

– Aqil müəllim, müqəddəs Ramazan ayında qonağınızam. Əvvəlcə institut barədə məlumat verməniz yerinə düşərdi.

–İnstitutumuz Azərbaycanda din sahəsində fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir. Aİİ-də bakalavr səviyyəsində İslamşünaslıq və Dinşünaslıq olmaqla iki ixtisas mövcuddur. Islamşünaslıq ixtisasında təhsil alanların ölkəmizdə İslam dini üzrə din xadimi kimi fəaliyyət göstərmələri nəzərdə tutulub. Keçən il ilk islamşünas məzunlarımız diplom alıblar. Onlar Azərbaycanda fəaliyyət göstərən məscidlərə imam, imam müavini olaraq fəaliyyət göstərirlər. Bu da din sahəsində yerli milli kadrların hazırlanması istiqamətində mühüm məsələdir. Dinşünaslıq ixtisasında isə İslam dini ilə yanaşı, Azərbaycanda mövcud olan digər dinlər haqqında kifayət qədər bilgi alırlar. 

Azərbaycan İlahiyyat İnstitutunda Magistratura səviyyəsində kadr hazırlığı Dinşünaslıq ixtisasının İslamşünaslıq, Dinin sosiologiyası, Dinin Psixologiyası, Dinlərin tarixi, Dinin fəlsəfəsi ixtisaslaşmaları üzrə aparılır. İnstitutda həmçinin “dinşünaslıq” və “dinin tarixi və fəlsəfəsi” ixtisasları üzrə doktorantura təhsili mövcuddur. Aİİ yeni yaranmasına baxmayaraq, burada Ali Attestasiya Komissiyasının Müdafiə şurası yaradılıb. 

– Dini təhsilin ölkəmiz üçün əhəmiyyəti nədir?

– Azərbaycanda ali dini təhsilə dövlət tərəfindən böyük əhəmiyyət verilir. Din təhsili spesifikdir. Hər bir ölkənin fərqli dini mühiti və strukturu var. Azərbaycanın dini mühiti ilə başqa dövlətin dini mühitində fərqlər var. Bu səbəbdən kadr hazırlığında bu amil nəzərə alınır. 

Din mənəviyyat məsələsi olmaqla yanaşı, həm də təhlükəsizlik məsələsidir. Yaxın Şərq ölkələrində radikal qruplaşmaların bir çoxu səhv dini təhsilin təməli üzərində formalaşıb. Nümunə kimi “Taliban” qruplaşmasını göstərə bilərəm. Radikal ideaları önə çəkən bu birləşmə mədrəsə tələbələri tərəfindən yaradılıb. Bu gün Yaxın Şərqdə İran tərəfindən dəstəklənən bir çox radikal qruplaşmalar da yanlış din təhsil səbəbindən səhv dini ideologiyaları təbliğ edirlər. Dini təhsili doğru şəkildə yerdən alınmayanda radikallıq baş qaldırır.

– Aİİ-nin məzunları din-dövlət münasibətlərinə nə kimi töhfələr verə bilirlər?

– Aİİ dövlətçilik prinsiplərinə sadiq qalan, ölkəmizin dini mühitini nəzərə alan, dünyəvilik, müasirlik təfəkkürünü özündə birləşdirən təhsil müəssisəsidir. Aİİ-nin məzunları din sahəsində insanların müraciət etdikləri mütəxəssislərə çevrildikdə Azərbaycan radikalizmdən, xurafatdan daha çox sığortalanmış olacaq. Bu halda insanlarımızın İran kimi ölkələrin dini alət etməklə apardıqları destruktiv fəaliyyətinin alətinə çevrilməyəcəklər. Biz tələbələrə sağlam dini dünyagörüşü ilə yanaşı, dövlətçilik əhvali-ruhiyyəsi də aşılayırıq. Hər il Aİİ-yə, ümumilikdə, 70 nəfərdən çox abituriyent qəbul olur. Bu rəqəm ildən-ilə artırılır. 

– Yadınızdadırsa, bir zaman ölkəmizdə özəl Bakı İslam Universiteti fəaliyyət göstəririb. Digər ixtisasların özəl universitetlərdə geniş tədrisi var. Bəs İslamşünaslıq və Dinşünaslığın özəl universitetlərdə tədrisi məqbuldurmu? 

– Azərbaycan kontekstində islamşünaslıq və dinşünaslığın geniş şəkildə tədrisinin əleyhinəyəm. Dini təhsil strateji əhəmiyyətlidir, birbaşa təhlükəsizlik məsələsidir. Bu baxımdan, dini təhsilin necə aparılması mühüm məsələdir. İkinci tərəfdən, İslam ölkələrinə baxdıqda görürük ki, dini təhsil pulsuzdur. Bakı İslam Universiteti isə özəl olduğu üçün ödənişli fəaliyyət göstərirdi. Maddi baxımdan dini təhsil almağa imkanı olmayanlar bu məqsədlə çox vaxt pulsuz dini təhsil verən xarici ölkələrin dini təhsil mərkəzlərinə gedirdilər. Bunun isə müəyyən xoşagəlməzlikləri olurdu. Odur ki, dini təhsilin ölkəmizin dövlət dini təhsil müəssisəsində ödənişsiz verilməsi zərurəti ortaya çıxdı. Hazırda Aİİ-də bütün pillələr üzrə təhsil ödənişsizdir. Tələbələr təqaüdlə yanaşı, yeməkpulu ilə də təmin olunurlar. Kitablar pulsuz paylanılır. Hətta rayonlardan gəlib ehtiyacı olan tələbələr Mənəvi Dəyərlərin Təbliği Fondunun xüsusi stipendiyası ilə təmin edilməklə ev kirayələrini qarşılayırlar. Əslində Aİİ BDU-nun İlahiyyat fakültəsinin inkişaf etdirilib daha da təkmilləşdirilməsidir. Aİİ həmin fakültənin bazasında formalaşdırılıb. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi daha çox dinşünas mütəxəssislər hazırlayırdı. Aİİ-də bu istiqamətlə yanaşı, din xadimi də hazırlanır. 

– Sekulyar dövlətlərdə din-dövlət münasibətlərində ilahiyyatyönümlü fənlərin tədrisinə müxtəlif aspektlərdən yanaşılır. Sizcə, sekulyar dövlətlərdə dini fənlərin təşkili necə həyata keçirilməlidir?

– Dünyanın Harvard, Oksford, Kembric başda olmaqla tanınmış  universitetlərin böyük əksəriyyətində İlahiyyat fakültələri var. Dünyəvi dövlətlər dini inanclar qarşısında neytral mövqe tutduğu üçün belə dövlətlərdə din tədrisi hansısa dinin təbliğatına çevrilməməlidir. Dini biliklər təsviri üsulla öyrədilməlidir. “Dünyəvilik prinsipinə xələl gətirmədən din təhsilini necə vermək lazımdır?” sualı ətrafında bir çox mülahizələr yürüdülmüş və yürüdülməyə davam edir. Qısaca qeyd edə bilərik ki, dünyada dini təhsilin müxtəlif formaları var. Bunlardan biri dini (konfessional) tədrisdir, yəni tədrisdə bir din və ya məzhəb əsas götürür və dərslər həmin dindən və ya məzhəbdən çıxış edərək keçilir. Bu tədris metodu daha çox müəyyən bir dini və ya məzhəbi öz rəsmi ideologiyası kimi qəbul edən dövlətlərdə tətbiq olunur. Digər təcrübələr isə “din haqqında” və “dindən öyrənmə”dir. Dünyəvi dövlətlərdə din tədrisi daha çox bu son iki metod üzərində qurulub. “Din haqqında öyrənmə” modeli müəyyən bir dini dünyagörüşünün digərlərindən üstünlüyünü önə çəkmədən cəmiyyətdə mövcud olan dinlərin əsas mahiyyəti və tarixi haqqında deskriptiv (təsviri) bilikləri əhatə edir. “Dindən öyrənmə” modeli isə tədris prosesində dinlərin insanlığa təlqin etdiyi universal mənəvi dəyərlərin mənimsənilməsinə xidmət edir. Bu iki model dünyəvilik prinsipinə xələl gətirmədən cəmiyyətin köklü institutularından biri olan din haqqında şagird və tələbələrə biliyin verilməsinə xidmət edir. Məhz Azərbaycan İlahiyyat İnstitutunda da təhsil dindən öyrənmə, din haqqında öyrənmə metodları ilə öyrədilir. 

– Bəzi alimlər bildirirlər ki, şəxs orta məktəbdən dini bilikləri öyrənməlidir. Bəziləri bunun ali məktəbdə öyrədilməsini məqbul hesab edir. Bəziləri isə dinin təhsildən ayrı olmasını, istəyənlərin könüllü şəkildə dini bilgilər almasının tərəfdarıdır. Aİİ-nin rektoru necə düşünür, Sizcə ilkin dini biliklər harada öyrədilməlidir? 

– Mən də dini biliklərin orta məktəbdən öyrədilməsinin tərəfdarıyam. Dünyanın bir çox ölkələrinin orta məktəblərində bu belədir. Dinlər haqqında şagirdlərin bünövrə təsəvvürü olmalıdır. Məqsəd odur ki, şagirdlər kənardan hər eşitdiklərini, xürafatı əsas götürməsinlər. Dinin mahiyyətini bilən şagird radikallığa meyil etməyəcək, həqiqi dini başa düşəcək. 

Orta məktəbdə verilən dini biliklər ali məktəbdə də davam etdirilməlidir. Nəzərinizə çatdırım ki, Azərbaycanın ali məktəblərində ixtisasından asılı olmayaraq, tələbələrə multikulturalizm fənni tədris olunur. Bu fənnin tərkibində böyük dünya dinləri haqqında təsviri məlumatlara də yer verilir. 

– Maraqlıdır, fərqli dini inancı olan şəxslər ötən 5 il ərzində Aİİ-nin İslamşünaslıq fakültəsinə qəbul olubmu? Ümumiyyətlə, digər dini icmalarla münasibətləriniz necədir?

– İslamşünaslığa digər dinlərə mənsub şəxslərin qəbulu olmayıb. Lakin dinşünaslıqda belə məhdudiyyət yoxdur. Onu da bildirim ki, Aİİ Azərbaycanda fəaliyyət göstərən Xristian və Yəhudi icmaları ilə aktiv şəkildə əməkdaşlıq edir. Keçən il institutumuz Azərbaycanda mövcud olan Qafqaz-Alban Udi icması üçün Qəbələnin Nic qəsəbəsində Xristianlıq kursları təşkil etdi. İnstitutumuzun müəllimləri həmin kursda Xristianlığın əsaslarını və digər fənləri tədris etdilər. Maraq yüksək idi və uğurlu da alındı. Tədbirlərimizin müxtəlif Yəhudi və Xristian dini icmaların rəhbərləri və nümayəndələri iştirak ediblər. 

– Azərbaycanda dini dəyərlər yüksəkdir. Din cəmiyyətimiz üçün həssas mövzudur. Təəssüf ki, bəzən xurafat da dinə qarışdırılır...

– Doğru qeyd etdiniz. Bunun qarşısının alınmasının birinci yolu dini maarifləndirmədən keçir. O baxımdan Azərbaycan İlahiyyat İnstitutunun yaranması vacib idi, zərurətdən yarandı. Biz Azərbaycanın müxtəlif bölgələrində də maarifləndirmə işlərlərini həyata keçiririk. Bunu müstəqil və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və komitənin tabeliyindəki qurumlarla birgə həyata keçiririk. 

– Sonda oxucularımıza nə demək istərdiniz?

– Oxucularına qəzetiniz vasitəsilə bildirirəm ki, dinlə bağlı hər danışılana qulaq asmasınlar. “Din xadimi” adı altında destruktiv fəaliyyətlə məşğul olanlara aldanmasınlar. Onlar İslam dinini yox, hansısa quplaşmanın, ölkənin maraqlarını təmsil edirlər. Dini sahədə ölkəmizdə mütəxəssislər çoxdur, onların fikirlərinə istinad etsinlər. Allah hər bir soydaşımızı, hər bir dindaşımızı qorusun!

– Müsahibə üçün təşəkkür edirəm.

Rizvan Fikrətoğlu,

“Xalq qəzeti”

Müsahibə