“Sevgi himninin müəllifi”

post-img

Ənvər Əlibəyli – 110

Gözəl bir yaz günü anadan olan şair-tərcüməçi Ənvər Əlibəyli bahar çayları kimi coşqun yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatında layiqli yer tutub. Ulu öndər Heydər Əliyev onun haqqında deyib: “Mən Ənvər Əlibəylini çox böyük hörmətlə xatırlayıram. O, həm yaxşı jurnalist, həm yaxşı şair idi. Həm də televiziyaya yaxşı rəhbərlik edirdi”.

Ənvər Əlibəyli əvvəl tibb texnikumunda, ardınca Xarici Dillər İnstitutunun fəhlə fakültəsində, daha sonra APİ-nin ədəbiyyat fakültəsində təhsil alıb. Hər üç sahə onun yaradıcılığında rol oynayıb və necə deyərlər, üçü birində cəmləşib: tibb elmində musiqi ilə müalicənin mümkün olduğunu öyrənib, musiqi dilini yaxşı bilib və ədəbiyyat nəzəriyyəsini dərindən mənimsəyib deyə, bütün əsərləri yüksək səviyyəli olub.

Ənvər Əlibəyli İkinci Dünya müharibəsindən əvvəl Azərbaycan radiosunda çalışıb. Müharibəyə 416-cı Taqanroq Azərbaycan Diviziyasının tərkibində topçu zabit kimi qatılıb. “Dnepr” adlı şeirində yazıb:

Qızdı ara, qopdu tufan,
Yağı - damla, biz - bir dəniz.
Sənin üçün candan keçdik,
Həyat şirin, sənsə əziz.
Vurduq, düşmən döndü külə,
Açdıq sübhü gülə-gülə.

Yeri gəlmişkən, Xalq şairi Bəxtiyar Vahabzadə məşhur “Dörd yüz on altı” poemasının bir fəslini ona həsr edib, bir əlində qələm, digərində silah olan döyüşçünü vəsf edib.

Yumşaq təbiətli bu həlim insan, –
Deyərdin, quşa da daş ata bilməz.
Ancaq... top ardına keçdiyi zaman
O yalnız əsgərdir, ölər, yenilməz!
Döyüşdə əsgərdi - adicə əsgər;
Döyüş qurtardımı? - şairdir Ənvər.

Döyüş orden və medallarına layiq görülən Ənvər Əlibəyli 1944-cü ildə ağır yaralanandan sonra Bakıya qayıdaraq bir müddət hərbi jurnalist kimi “Vətən uğrunda” jurnalında fəaliyyət göstərib. Sonra “İnqilab və mədəniyyət”, “Təbliğatçı” jurnallarının məsul katibi, “Ədəbiyyat” qəzetinin redaktoru kimi məhsuldar çalışıb. Onun ömrünün böyük bir qismi dövlət tele-radiosunda məsul vəzifələrlə bağlı olub. SSRİ Ali Sovetinə deputat seçilib.

Ənvər Əlibəylinin yaradıcılığında saf sevgi motivləri güclü olub. Şeirlərinə Qara Qarayev, Rauf Hacıyev, Cahangir Cahangirov, İbrahim Topçubaşov, Səid Rüstəmov, Rauf Hacıyev, Tofiq Quliyev, Hökümə Nəcəfova, Ramiz Mirişli və başqaları gözəl mahnılar bəstələyiblər. “Azərbaycan”, “Bu gün elə xoşbəxtəm ki”, “Bakı, əziz şəhər”, “Sevgilim”, “Gəlmədin”, “İlk məhəbbətim”, “Gəl-gəl”, “Xəzərim”, “Qəşəng qızlar”, “Narınc”, “Hamıdan göyçək”, “Söz olmasaydı” kimi populyar mahnılar musiqi xəzinəmizin parlaq inciləri kimi bu gün də müğənnilərin repertuarını bəzəyir.

Dillər əzbəri olan “Azərbaycan” mahnısında şairin 3 bəndlik şeirindən yalnız 2 bəndi oxunur. Səbəb də bu olub ki, 3-cü bənddə sovet rejiminin yada salınmasını yasaqladığı bir məsələyə – Azərbaycanın parçalanmasına çox incə şəkildə işarə vurulur:

Sənə şirin arzum deyim, diləyim deyim,
Havam deyim, suyum deyim, çörəyim deyim,
İki yerə parçalanmış ürəyim deyim.
“Yurdum, yuvam, məskənimsən”, Azərbaycanım!
Al bayraqlı vətənimsən, Azərbaycanım!

Onu da deyək ki, Ənvər Əlibəyli bir çox məşhur film mahnılarının da sözlərinin müəllifi olub. Ən məşhuru “Bəxtiyar” filmində Rəşid Behbudovun oxuduğu mahnılarıdır. Şair “Qara daşlar”, “Qızmar günəş altında”, “Bir məhəlləli iki oğlan” filmlərində səslənən mahnıların da həmmüəllifidir.

Qələmdaşlarının “Sevgi himninin müəllifi” adlandırdıqları nəğməkar şairin “Sənin adınla”, “İlk məhəbbət”, “Dostluq körpüsü”, “Mingəçevir şeirləri”, “Dalğalar arasında”, “Elə xoşbəxtəm ki!”, “Ədəbiyyat”, “Nəğmələr”, “Bir kitab şeir”, “Ürəyimdəsən”, “Seçilmiş əsərləri” və s. kitabları nəşr olunub.

Ənvər Əlibəyli Azərbaycan Televiziyasının ilk rəhbəri olub. Bir ara başqa sahədə çalışsa da, 1965-ci ildən ömrünün sonuna kimi yenidən televiziyaya rəhbərlik edib. Onun iki övladı – radio jurnalisti Şəlalə Əlibəyli və telerejissor Şahin Əlibəyli ilə birlikdə çalışmışıq. Heç vaxt atalarının ad-sanı ilə öyünməyib, öz zəhmətlərinə güvəniblər.

Şairin digər övladı – filologiya elmləri doktoru Şəfəq Əlibəyli deyir ki, atalarını baharda daha çox xatırlayırlar:

– Atam 1 Aprel Yumor Günündə dünyaya gəlib, bəlkə də buna görə baməzə və zarafatcıl insan idi. İlk kitabı baharın gəlişindən soraq verən “Qaranquş” adı ilə çap edilib və onun istedadının müjdəçisi olub. Atam dünyasını da çox sevdiyi baharda – mayın 7-də dəyişib. Şeirlərindən həmişə bahar təravəti duyulur. Onun nəvəsi, mənim oğlum Tural Qahirənin “Eyn Şams” Universitetinin dilçilik fakültəsinin yetirməsidir. Babaları Ənvər Əlibəyli və Gəray Fəzlinin poeziya bulağından su içdiyi üçün o da gözəl şeirlər yazır.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət