Bu il Bütöv Azərbaycanın böyük ziyalıları: cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatları gerçəkləşdirmiş Beynəlxalq Cərrahlar Cəmiyyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq” dərgisinin təsisçisi və baş redaktoru olmuş doktor Cavad Heyət ilə ünlü milli istiqlal şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyləri qeyd edilir. Hər iki mütəfəkkirlə sağlıqlarında görüşmək mənə nəsib olub, sanki dünyanın bəxtiyarlığına qovuşan insanlar kimi sevincimdən yerə-göyə sığmamışam.
Bəxtiyar müəllimin tələbəlik dövrümüzdə istər klassik, istərsə də müasir ədəbiyyatımızdan xüsusi kurs keçməsi o qədər maraqlı idi və dərin düşüncələrlə yaşamaq əzmimizi artırırdı. Onun dərslərini qəfil xəstəliyə tutulan tələbə belə boş buraxmırdı.
Professor, doktor Cavad Heyətin Bəxtiyar Vahabzadənin seçilmiş şeirlər məcmuəsinə hələ o zaman Azərbaycanın Tehrandakı səfiri olmuş Abbasəli Həsənovun istəyi ilə ön söz yazmağa əvvəlcə razı olmadığı bildirilsə də, sonralar bu işin israrla məhz Cavad Heyət tərəfindən görülməsi baş tutub. Cavad Heyət Bəxtiyar poeziyasının ana xəttinin, əsas aparıcı meyarının məhz vətən və millət olduğunu gözəl bilirdi.
Doktor Cavad Heyət Bəxtiyarın Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında uğurla tamaşaya qoyulmuş “İkinci səs”, “Yağışdan sonra”, “Dar ağacı”, “Vicdan”, böyük şair Nəsimiyə həsr etdiyi “Fəryad”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah” adlarında 7 dram əsəri, 59-dan çox şeir kitabının və seçilmiş əsərlərinin bir çox dillərə tərcümə olunduğunu qeyd edib. Onun “Muğam”, “Atılmışlar” və “İki qorxu” poemalarının əziz dostumuz və görkəmli şairimiz Sönməz tərəfindən latın əlifbası ilə köçürüldüyü bildirilir.
Cavad Heyətin Bəxtiyar poeziyasından xüsusi olaraq təhlilə yönəltdiyi əsərlərin içərisində “Gülüstan” poemasına xüsusi diqqət yetirir. Bəxtiyarın illərlə arxivdə saxlayıb, yalnız sovetlər birliyi dağıldıqdan sonra nəşr etdirə bildiyi “150 il” adlı şeirinin mahiyyəti ilə bizi tanış edir:
Tapdamaq olarmı haqqı bu qədər,
Yüz əlli ildir ki, soyurlar bizi.
Bu heç, bizə bayram elətdirirlər
Tarixdə ən böyük faciəmizi.
Müəllif Bəxtiyarın “Gülüstan” poemasını sovet rejiminin kəskin çağında yazdığından, işdən çıxarılaraq, 2 il maaşsız yaşamasından, təqibə məruz qalmasından bəhs edir və onun bu məngənədən çıxış yolunu ulu öndər Heydər Əliyevin sayəsində tapa bildiyini vurğulayır. Böyük mütəfəkkir alimin Bəxtiyarın yaradıcılığından seçdiyi 15-dən artıq şeir bunlardır: “Mənim şeirim”, “150 il”, “Gülüstan” poeması, “Vətən”, “Təzədən yaratsın yaradan bizi”, “Riyakar”, “Dağda şəlalə kimi”, “Gizlidir”, “Oyanırıq öləndə biz”, “Qurub düşüncələri”, “Qocalar evi”, “İki qorxu”, “Atılmışlar”, “İbadət”, “Özümdən narazıyam”.
Cavad Heyət Bəxtiyarın şeirlərində fəlsəfə axtarışında olarkən belə qənaətə gəlir ki, burada fikir, düşüncə tərzi qəmli-kədərli lirika ilə qoşa gedir. O, kədəri, qəmi də düşüncə bilir və “Qəm-Şadlıq” adlı şeirindən misralar səsləndirir:
Qəm fikrin açarı, ağlın ustadı,
İdrak qəm daşına dəydi parladı.
…Qəmin damcısında közərən ağıl,
Közərməz şadlığın ümmanında da.
Bəxtiyarın şeirlərində təzadlı səslənən, bir-birini dəf etməyib, birinin digərini qəbul etməyə hazır məna çalarları, çox təbii olaraq insanın bütün ömrü boyu fəaliyyətinin sanki yol yoldaşıdır:
Əgər olmasaydı dəryaca dərdim,
Dərdin yoxluğunu mən dərd edərdim.
Cavad Həyətə görə, Bəxtiyardakı qəm-kədər də onun bədəni, ruhu ilə yoğrulmuş və özünün dediyi kimi, damarlarındakı qan ilə cərəyan etməkdədir. Bu dərd millət dərdidir. Vətən-torpaq dərdidir. Lakin əcəm şairindən fərqli olaraq Bəxtiyar bunun müqabilini nisyə verilən şərabda deyil, sözün qüdrətilə vuruşda, mübarizədə görür. O, içindəki kədəri şairin ilham mayası hesab edir və “Dağda şəlalə kimi” adlı şeirində Füzuli kimi nəşəni və zövqü kədərdə axtarır və belə deyir:
Kədərdəki nəşəni, zövqü anlamayanlar
Həyatın nəşəsindən, fərəhindən nə anlar?
Cavad Heyət əslən Cənubi Azərbaycandan olan gözəl şairimiz Balaş Azəroğlunun Bəxtiyarın xislətində aradığı özünəməxsus cəhətini onun sözü ilə belə xarakterizə edir: “Mənim fikrimcə, Bəxtiyarı xalqa sevdirən cəhətlərdən ən başlıcası şeirlərindəki vətəndaşlıq hissinin çox güclü olmasıdır”.
Müəllif Bəxtiyar poeziyasının çoxlu nümunələrindən bəhs edərkən şairin nədən məyus olmağının səbəbləri ilə maraqlanır və sonda gəldiyi qənaətin gedişatında onun millətinin, xalqının qarşılaşdığı problemlərin tükənmədiyinin acısı ilə yaşadığını bəyan edir:
Əyləşir qocalar ikibir, üçbir.
Qocalar evinin dəhlizlərində.
Ömür kitabları sətirbəsətir
Oxunur onların bənizlərində.
Nədənsə danışır solğun baxışlar,
Orda təəssüf də, təəccüb də var.
Hansı əzabların şırımlarıdır
Üzlərdə açılan dərin qırışlar.
Yata da bilmirlər, sübhədək oyaq,
Oyulur döşəkcə, oyulur balış.
Adamlar bir yana, sən bir işə bax,
Qocadan yuxu da qorxub qaçarmış.
Cavad Heyət Bəxtiyarın “İbadət” adlı şeirində onun tanrı ilə təklikdə həsbi-halını və bütün vücudu ilə Allahına sığındığını göstərir:
– İlahi, qəlbimi açıram sənə,
Çin eylə sən mənim röyalarımı.
Diz çöküb önündə gəldim səcdəyə,
Qəbul et sən mənim dualarımı…
Bizi endirdilər göylərdən yerə,
Qaytar tariximin qızıl çağını.
İlahi, hökmünlə qaldır göylərə
İslam bayrağını, türk bayrağını!
Böyük alim Cavad Heyətin Bəxtiyar poeziyasının ana xəttində aradığı bütün Azərbaycan bölgələri üçün, daha doğrusu, Quzey, Güney, Qərbi Azərbaycan və Dərbənd üçün xarakterik sayılan ən ümdə məsələləri ümumiləşdirib. Bunların müstəqillik məfkurəsinin daha da yüksəldiyi və artıq istiqlalına qovuşan Azərbaycanın gələcək inkişafı və möhkəmlənməsi naminə təsir gücünün nələrə qadir olduğunu təsəvvür etməyə ehtiyac yoxdur. Beləliklə, Bəxtiyar Vahabzadənin istər professor Cavad Heyətin, istərsə də minlərlə Bəxtiyarsevərin idrakında yeri və rolunun hədsiz olması sevindiricidir. Bu gözəl alimi əsl milli sair mərtəbəsinə yüksəldən də sözü, qələmi ilə və milli istiqlal üçün sinəsini qabağa verib mübarizə aparması, döyüşkənliyi olmuşdur. Cavad Heyət böyük bəstəkar və dirijor Niyazinin Bəxtiyar haqqında çox yığcam, lakonik dediyi sözlərlə fikrini tamamlayib: “Bəxtiyar ona görə bəxtiyardır ki, onu xalq sevir, xalq da ona görə bəxtiyardır ki, onun Bəxtiyarı var”.
Əli İBRAHİMOV,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent