Qərbi Azərbaycana Qayıdış milli-etnik yaddaş aynasında

post-img

Çağdaş Azərbaycan ədəbi prosesində çoxşaxəli fəaliyyəti ilə tanınan Hidayətin yaradıcılığında milli-mənəvi problemlər, xalqın tarixi taleyi kimi mövzular xüsusi yer tutur. Bu baxımdan tanınmış teatr xadimlərinin onun yalnız dramaturgiyasına deyil, ümumiyyətlə, ədəbi-bədii yaradıcılığına müntəzəm şəkildə müraciət etmələri təbii haldır.

Ədibin “Məni qınamayın”, “Mənzil əhvalatı”, “Məhəbbət yaşayır hələ”, “Burdan min atlı keçdi” və digər əsərlərinin müxtəlif illərdə İrəvan, Ağdam, Naxçıvan, Sumqayıt teatrlarında tamaşaya qoyulması bu xüsusiyyətlərlə bağlıdır. Bu yaxınlarda Hidayətin Sumqayıt Dövlət Dram Teatrında “İrəvanda nəyim qaldı” adlı əsərinin səhnə təcəssümü şəhərin ədəbi-mədəni həyatında uğurlu hadisələrdən biri sayıla bilər.

İki hissəli tarixi-xronoloji dram olan bu tamaşa Hidayətin uzun illər (1986, 1999 və 2015-ci illər) qələmə alıb tamamladığı “Burdan min altı keçdi” memuarının və “İrəvana 7 məktub” əsərinin motivləri əsasında hazırlanıb. Qeyd edək ki, Sumqayıt teatrının yaradıcı kollektivi 2015-ci ildə də bu memuarın əsasında eyniadlı tamaşa hazırlamış və uğurla nümayiş etdirmişdi. “Burdan min atlı keçdi” əsərinin süjet xəttində əks olunan yüksək Azərbaycançılıq ideologiyası, Hidayətin erməni millətçilərinə qarşı prinsipial mövqeyi, İrəvandakı fəaliyyəti və sair kimi məsələlər tamaşanın quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmovun diqqətini cəlb edib və belə bir tamaşanı yenidən səhnəyə gətirib.

Ayrıca olaraq vurğulamaq lazımdır ki, Heydər Əliyev bir obraz kimi əsərdə iştirak etməsə də, səhnə arxası nitqi, Anton Koçinyanla dialoqu, Ədibin Ulu öndər haqqında düşüncələri, Vətənin çətin günlərində Ağbirçək ananın Heydər Əliyevi haraylaması və s. epizodlar bu qüdrətli şəxsiyyətin mənəvi əzəmətini dolğun şəkildə təcəssüm etdirir. Bu baxımdan onun erməniləri qorxuya salan varlığı bütün səhnələrdə müşahidə olunur, səsi və nəfəsi duyulur. Əsərdə təsvir edilən hadisələrin sosial-fəlsəfi mahiyyətini və məna ruhunu dərindən duyan rejissor istər tamaşanın süjet və kompozisiyasını, istərsə də obrazlar sistemini uzun bir zaman kəsimində baş verən hadisələrlə üzvi şəkildə əlaqələndirib. Bu cəhət “İrəvanda nəyim qaldı...” tamaşasının müasirlik ruhunu daha da gücləndirir.

Pyesdə cərəyan edən hadisələr 20 illik bir zamanı (1968–1988) və fərqli məkanları (İrəvan, Qərbi Azərbaycanın Kalinino rayonu, Moskva və Xankəndi) əhatə etsə də, quruluşçu rejissor uğurlu tapıntılarla hadisələrin xronoloji ardıcıllığını və məkanın konkretliyini təmin edə bilib. Əsərin əsas qəhrəmanı Ədib (ssenari müəllifi Hidayət bu obrazın prototipidir) süjet xəttinin inkişafında başlıca rol oynayır. Proloq, 10 şəkil və epiloqdan ibarət olan tamaşanın elə 1-ci şəklində Ədib ötkəm və cəsarətli, Qərbi azərbaycanlıların milli-mənəvi dəyərlərinin keşiyində dayanmağı bacaran bir obraz kimi çıxış edir. Səhnə boyu erməni şovinistlərinin apardıqları ikiüzlü siyasətin əsl mahiyyətini dərk edib anlayan Ədibin xarakterik xüsusiyyətləri Ermənistan rəhbərləri ilə görüşündə qabarıq cizgilərlə üzə çıxır. Bu obrazı canlandıran Əməkdar artist Cəlal Məmmədov Ədibin milli-mənəvi aləmini, yüksək vəzifəli erməni rəhbərləri qarşısında azərbaycançılıq mövqeyini qorxub-çəkinmədən nümayiş etdirməsini təbii hərəkətlər və yaddaqalan detallarla oynayır. Tarixi-xronoloji dramın 1-ci şəklində Ədibin Ermənistan KP MK-nın katibi Robert Xaçatryanla, 3-cü şəklində erməni yazıçısı, 4-cü şəklində İrəvan şəhər partiya komitəsinin katibi Stepanyanla dialoqunda bir tərəfdən ermənilərin “türksüz Ermənistan” yaratmaq kimi məkrli planları üzə çıxırsa, digər bir tərəfdən Ədibin onlara qarşı sərt və dəyişməz mövqeyi tamaşaçı rəğbəti qazanır. Ədibə nə qədər təzyiqlər olsa da, o, öz iradəsindən dönmür, Stepanyanın köməkçisinin (gənc aktyor Emil Həmidov) “Siz qurd ürəyi yemisiniz. İnadkar türk” replikası əslində erməni şovinistlərinin azərbaycanlı qarşısında mənəvi məğlubiyyəti kimi səslənir.

Maraq doğuran səhnələrdən biri də Ədib–Xaçatryan xəttidir. Qatı daşnak olan bu erməni obrazının daxili siması aktyor Akif Mirzəyevin ifasında yaxşı açılır. Elə bu epizodda dramatik konfliktin gərginləşməsi gələcək hadisələrin xalqımız üçün daha ciddi bir istiqamət alacağından xəbər verir. Özünü İrəvan Dövlət Azərbaycan Dram Teatrının xüsusi “qayğıkeşi” kimi göstərməyə çalışan Xaçatryan nə qədər cəhd göstərsə də, mənfur niyyətini gizlədə bilmir, Ədibin hazırcavablığı, ayıq-sayıq olması onu geri çəkilməyə məcbur edir. Bu epizodda diqqəti çəkən məqamlardan biri onun Ədibə erməni qızları ilə, daha doğrusu, katibəsi Hasmiklə evlənməyi təklif etməsidir. Ermənilərin bir qayda olaraq istifadə etdikləri ikrah doğuran bu üsul tamaşaçılarda nifrət hissi oyadır. Katibənin (aktrisa İlahə Səfərova) nazlı-qəmzəli hərəkətləri, R.Xaçatryanla yığcam dialoqu sübut edir ki, erməni hökumətində sıravi işçidən tutmuş ali rəhbərliyədək hamı “böyük Ermənistan” xülyası ilə yaşayır.

Hadisələrin sürətli inkişafı, erməni daşnaklarının törətdikləri cinayətlər tamaşaçıların diqqətini 6-cı şəkildə Qərbi Azərbaycanda yeni bir məkana – Kalinino rayon milis idarəsinə yönəldir. Əsərin əsas süjet xəttində olduğu kimi, bu epizodda da real həyati həqiqətlər, erməni hiyləgərliyi, Qərbi Azərbaycanda soydaşlarımızın sıxışdırılması aktyor ansamblının yaratdığı canlı səhnələrdir. Rayon milis idarəsinin rəisi Şaxmazasyan (Əməkdar artist Vidadi Məmmədov), onun köməkçisi (aktyor Şəmistan Süleymanlı) erməni xislətinin başlıca atributlarından olan böhtançılıq və qorxaqlıq kimi xüsusiyyətləri inandırıcı vasitələrlə açıb göstərirlər. Kalinino rayonunda azərbaycanlı əhalini hər vəchlə sıxışdırmağa, onları doğma yurdlarından didərgin salmağa çalışan Şaxmazasyan cinayət axtarış şöbəsinin baş leytenantı Lətif Kərimovun (aktyor Habil Xanlarov) qarşısında aciz qalır. Əvvəldə özünü qəhrəman kimi aparan milis rəisinin sonra Kərimov tərəfindən döyülərək stolun altında gizlənməsi və papağını (!) axtarması nifrət qarışıq gülüş doğurur.

Eyni mənəvi məğlubiyyətlə Anton Koçinyan da (aktyor İlham Səfərli) üzləşir. Həmin dövrdə Ermənistana rəhbərlik edən bu qatı millətçi “İrəvanda azərbaycanlıların heç nəyi olmamalıdır” kimi rəzil bir düşüncə ilə yaşayır. Dağlıq Qarabağı Ermənistanın tərkibinə qatmaq, Naxçıvandan, Qazaxdan, Gədəbəydən torpaq qoparmaq iddiasında olan Koçinyanın arzusu Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə gözündə qalır. Onun Moskvada Suslovun kabinetini müti və qorxaq bir görkəmdə tərk etməsi etno-genetik erməni xislətini təcəssüm etdirir.

Ümumiyyətlə, həm proloqda, həm də ayrı-ayrı epizodlarda tarixi məqamları əks etdirən görüntülər hadisələrin dramatizmini və əsərin mübariz ruhunu, torpağa, Vətənə bağlılıq idealını milli-mənəvi sərvət kimi tamaşaçı yaddaşına həkk edir. Qədim Azərbaycan və İrəvan xəritəsi, məscidlər, qalalar, dağıdılıb xarabazara çevrilən yurd yerləri, deportasiya vəhşətləri və s. görüntülər əsərin əsas ideyasının açılmasında ilk andan münbit bir zəmin rolu oynayır.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının və onun gənc direktoru Ədibin ətrafında başlayıb cərəyan edən hadisələrin şaxələnərək getdikcə gərginləşməsi, Ulu öndərin qələbələri erməni millətçilərinin mənfur simalarının cılızlığını əsər boyu nümayiş etdirir. Ermənistan SSR Ali Soveti Riyasət Heyətinin sədri Harutyunyan (aktyor Oqtay Mehdiyev) H.Əliyevin mərkəzi hakimiyyətdə yüksək vəzifə tutmasını faciə adlandırır: “Yoldaşlar, son hadisədən hamınız xəbərdarsınız yəqin. Ağır xəbərdir... Mən deyərdim ki, Ermənistan üçün faciəli bir xəbərdir. Ermənilərin böyük düşməni Heydər Əliyev Siyasi Büronun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini təyin edilib. Bunun bizim üçün nə demək olduğunu hamınız yəqin ki, yaxşı bilirsiniz”. Bu millətçi erməni rəhbərinin və deputatların iştirakı ilə keçirilən iclas əslində erməni xislətini və xəyanətkarlığını simvolizə edir: H.Əliyevə ləkə yaxmaq, təxribatlar törətmək, Kremlə böhtan dolu məktublar göndərmək və s.

Tamaşanın sonuncu – 10-cu şəkli həm hadisələrin tüğyan etməsi, həm də ermənilərin havadarlarına arxalanaraq məkrli planlarını həyata keçirmələri canlı səhnələrdə, personajların gərgin dialoqlarında süjetin kuliminasiya nöqtəsini tamamlayır. Xankəndidə keçirilən mitinq, vilayət partiya komitəsinin 1-ci katibinin daha betər daşnak erməni ilə əvəz edilməsi, tamaşaçıları sanki o ağır illərə qaytarır, onların yaddaşını təzələyir. Epizodik bir obraz olan Ağbirçək ananın (Əməkdar artist İlahə Səfərova) o vaxtkı Azərbaycan rəhbərinə: “Bu işin bir çarəsi yoxdurmu?! Niyə meydan verirsiniz bu yağılara?! Bu gavurlara?!” – deyə hiddət dolu müraciəti ritorik səciyyə daşımır. Bu, fikrimizcə, təklənmiş Qərbi Azərbaycanın və Qarabağın taleyinin təcəssümüdür. Başqa sözlə, Ədib Qərbi Azərbaycanda taleyin ümidinə buraxılmış azərbaycanlıları, Ağbirçək ana isə qarabağlıları təmsil edirlər. Çıxış yolu tapa bilməyən bir xalqın öz xilaskarını axtarması bu iki obrazın üzərində cəmləşmişdir. Bütün Azərbaycan xalqının qüdrətli bir şəxsiyyətdən, xilaskar liderdən nicat gözləməsi, Ağbirçək ananın səhnəni lərzəyə gətirən fəryadında əks-səda tapmışdır: “Off!... Hardasan, ay Heydər Əliyev, hardasan?!” Lakin Ağbirçək ananın sözləri heç də ümidsizlik doğurmur, bu fəryad xalqın Ulu öndərə bəslədiyi sonsuz inamın ifadəsi olub ürəklərdə ümid işığını sönməyə qoymur.

Ssenari müəllifinin və teatrın yaradıcı kollektivinin uğurlu tapıntısı kimi diqqəti çəkən bu fraqment 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı Qələbənin təntənəsini nümayiş etdirir. İşğal dövründə baş vermiş qanlı fəlakətlər, faciəvi olaylar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu sərkərdəlik və diplomatik fəaliyyəti, Qələbə sevinci və s. həyəcanlı musiqi sədaları ilə müşayiət olunur ki, bu da tamaşanın mübariz ruhuna xüsusi bir əzmkarlıq gətirir. Dövlət başçımızın Qərbi Azərbaycan İcmasının binasında bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirlər, cazibədar görüntülər tamaşaçıları haqq və ədalət uğrunda yeni bir mübarizə yoluna – Qərbi Azərbaycana qayıdışa səfərbər edir. Prezidentimiz həmin tarixi görüşdə demişdir: “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir”. Bu dərin mənalı fikirlər Qərbi azərbaycanlıların dinc və ləyaqətli bir şəkildə ulu torpaqlara, ata-baba ocaqlarına qayıdış inamının əbədiliyini və sarsılmazlığını ifadə edir. Pyesin proloqunda və tamaşanın bütün şəkillərində qədim yurd yerlərini əks etdirən xəritələrin nümayişi bu tarixi və inkarolunmaz həqiqəti milli-etnik yaddaşlara yenidən həkk edir.

Pyesin adı, proloqdan epiloqa, musiqi tərtibatından səhnə dekorasiyasına, pərdəarxası səsdən tarixi görüntülərədək – bütün bunlar vahid kompozisiyada ustalıqla uyğunlaşdırılaraq erməni saxtakarlıqlarının, törədilən soyqırımlarının, deportasiya və repressiyaların ifşası ilə məhdudlaşmır. Eyni zamanda, bu harmoniya humanist bəşər övladına ünvanlanmış, vətən ağrılı “İrəvanda nəyim qaldı?” sualının tarixi-məntiqi cavabı, ittiham aktı kimi səslənir. Tamaşanın sosial-siyasi əhəmiyyəti və ədəbi-estetik dəyəri də məhz bu amillərlə bağlıdır.

Tamaşada maraqlı bir aktyor ansamblı yaradılıb. Ayrıca olaraq qeyd etmək yerinə düşər ki, erməni obrazlarını fərdi xüsusiyyətləri ilə canlandıran aktyorlar hiss olunmadan eyni bir məramla birləşib, istər-istəməz, erməni xislətinin ümumi cəhətlərini ortaya qoyurlar: yalan, hiylə və saxtakarlıq, onlara pay verilmiş torpaqların aborigen əhalisini – azərbaycanlıları buradan didərgin salmaq. Məsələn, erməni mədəniyyət naziri (Əməkdar artist İzaməddin Bağırov) nə qədər canfəşanlıq etsə də, Ədiblə görüş səhnəsində saxtakarlığını gizlədə bilmir. Eyni sözləri Anton Koçinyana, Robert Xaçatryana da şamil etmək olar. Erməni surətləri arasında yalnız bir nəfər – yazıçısı-məmur (aktyor Əjdər Zeynalov) iç üzünü müəyyən qədər gizlədə bilmir, ermənilərə xas olan paxıllığı və xudpəsəndliyi etiraf edir.

Sumqayıt şəhər rəhbərliyinin, Milli Məclis deputatlarının, ictimaiyyət nümayəndələrinin, Qərbi Azərbaycan İcması Sumqayıt təmsilçilərinin də seyr etdikləri, özünün 57-ci mövsümdə uğurlu və orijinal məzmunlu bu tamaşa ilə pərəstişkarlarını ürəkdən sevindirən teatrın yaradıcı kollektivi bununla repertuarını da dolğunlaşdırıb, zənginləşdirib. Qeyd etdiyimiz kimi, Hidayətin ssenarisi əsasında hazırlanmış bu tamaşa bəsit, zahiri səhnələşdirmə motivlərindən uzaq olub, müəllifin və teatr kollektivinin yaradıcılıq axtarışlarının gələcək bəhrələrinə də önəmli stimul yaradır. Buna görədir ki, “İrəvanda nəyim qaldı...” tamaşası yalnız Qərbi azərbaycanlıları deyil, bütün xalqımızı Qərbi Azərbaycana qayıdış istiqamətində daha qətiyyətli, inamlı və inadlı addımlar atmağa çağırır. Bu çağırışın min illəri silkələyən müqəddəs bir məramı var: Biz qayıdacağıq!

Avtandil AĞBABA,
filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist, QAİ Ziyalılar Şurasının üzvü

Mədəniyyət