Çağdaş poeziyamızın Vaqifi

post-img

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda qurumun İdarə Heyətinin və Avrasiya Yazarlar Birliyinin üzvü, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini, Əməkdar mədəniyyət işçisi Vaqif Bəhmənlinin 70 illik yubileyi qeyd olundu.

AYB sədrini müavini, Mətbuat Şurasının sədri, şair Rəşad Məcid məclisi açaraq yubilyarın həyat və yaradıcılığı barədə danışdı və ilk söz deməyi də elə ona həvalə etdi. “Vaqifin nağılı” adlı şeiri ilə poetik monoloquna başlayan Vaqif Bəhmənli sanki bununla da haqqında söyləniləcək fikirlərə, bir növ, ayaq verdi. Ürək sözlərini söyləyən natiqlər onun insan, ziyalı və şair məziyyətlərini vurğulayaraq şeirin davamını gətirdilər:

Kölgəsi qalın olsun, –
dilə gəldi yadlar da, -
fağır-fuğura damdı,
adı qalsın adlarda,
Vaqif yaxşı adamdı.

Hələ 1979-cu ildə çıxmış ilk kitabı “Bahap-payız arası”ndan başlayaraq “Qansız savaş” və “Bağlı qapı açaram”a, eləcə də hələlik yarısı işıq üzü görmüş 15 cildlik “Əsərlər”inə, sanballı poemalarına qədər sözün qədrini artırmaqla özünün də qədrini artıran Vaqif Bəhmənlinin tərifini söyləyən heç kəs, necə deyərlər, üzgörənlik etməyə zərrəcə ehtiyac duymurdu. Hamı sidq-ürəklə danışırdı, hər kəs şairə səmimi sevgi və hörmətini dilə gətirirdi.

AYB-nin sədri, Xalq yazıçısı Anar, birliyin 1-ci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, akademiklər Nizami Cəfərov və Muxtar İmanov, yazıçı Seyran Səxavət, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas, tədqiqatçı-publisist Mustafa Çəmənli, şair Adil Cəmil, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları çıxışlarında ruhu cavan, təbi rəvan şairin üstün keyfiyyətlərinə diqqəti cəlb etdilər, ona yaradıcılığında daha böyük uğurlar arzuladılar. Çıxışlararası bədii ricətləri ilə məclisi daha da canlandıran, rövnəqləndirən Vaqif Bəhmənli özü də bilmədən deyilənlərin sırf həqiqətə söykəndiyini təsdiqləmiş olurdu.

Xüsusi qeyd edildi ki, şairin publisistikası da, tərcüməsi də şairanədir. Bu baxımdan onun “Vətənin İlhamı. Ömürdən reportaj”, “Azərbaycanın xalq bayramı – Novruz”, “Maqomayev planeti”, “Heydər Əliyev adına”, “Hüseynqulu Sarabski”, “Qəzənfər Paşayev”, “İri planda Qulu Məhərrəmli”, “Sözün canı” kimi əsərləri, sadəcə, publisistik meyarlara cavab verən nümunələr kimi deyil, həm də ciddi elmi-ədəbi araşdırmaların nəticəsi kimi dəyərləndirildi.

Şairə təqdim olunan gül dəstələri, mükafat və hədiyyələr, çəkilən xatirə şəkilləri isə şərəflə yaşanan bir ömrün davam edən işıqlı akkordları kimi yadda qaldı. Hamı bir daha əmin oldu və arzuladı ki:

Sinəm üstə cərgələnən kəlməyə bax,
Mən ki, sözün güllər açan talasıyam, –

deyən şair hələ uzun illər oxucularına özünün bənzərsiz poetik rayihələri ilə könül xoşluğu bəxş edəcək.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət