Babaların əmanətini əsrin saxlancında qoruyaq

post-img

Artıq UNESCO səviyyəsində bəşəriyyətin qiymətli mədəni irsini təşkil edən Azərbaycanda aşıq sənəti özünün tarixi kökləri və milli ruh aşılaması ilə öyünə bilər. Dövlət səviyyəsində qayğı göstərilən sahələrdən biri də məhz ozan-aşıq sənətidir.

Kollektiv mahiyyətli el yaradıcılığı, xalq istedadı hər zaman sevilib. Qopuz çalıb, dastan bağlayan, söz qoşub, mahnı oxuyan, ürəkləri, zehinləri işıqlandıran ozanlıq özünün yetkin mərhələsinə Dədə Qorqudun timsalında çatıb. “Qolça qopuz götürüb, eldən-elə, bəydən-bəyə ozan gəzər, ər comərdin, ər nakəsin ozan bilir, elinizdə çalıbaydan ozan olsun, azıb gələn qazayı Tanrı sovsun...”

Məna etibarı ilə “ozan-aşıq-aşiq” kəlmələri eşq yolçusu, ilahi eşqə tapınan kimi ehtiva olunur. Ulu Göyçə, Borçalı, Gəncəbasar, Şirvan elləri Azərbaycan aşıq sənətinin mərkəzləri kimi tanınır. Bu mahalların aşıqları hər zaman ürəkləri nurlandıran çıraq olublar. Təsadüfi deyil ki, anadan olmasının 140 illiyini qeyd etdiyimiz dahi bəstəkarımız Üzeyir Hacıbəyli “Aşıq sənəti” məqaləsində yazırdı: “Aşıq xalqın ən sevimli nəğməkarıdır. Aşıq sənəti... xalqa, kütlələrə daha yaxındır, xalqın həyəcan və arzularını, xalq musiqisinin başqa növlərinə nisbətən daha parlaq əks etdirir; aşıq ictimai mövqeyinə görə kəndliyə, zəhmətkeş xalqa yaxındır... Aşıq sənəti xalqın öz yaradıcılığıdır”. 150 illiyi yaxınlaşan ilk anadilli qəzetimiz “Əkinçi”nin yaradıcısı, böyük maarifçi Həsən bəy Zərdabi isə “Bizim nəğmələrimiz” məqaləsində azərbaycançılıq ruhunun aşılanmasında aşıq sənətini belə səciyyələndirib: “Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz. Ələlxüsus, nəğmələr ilə ki, xoş sövq ilə oxunur... Aşıqlar toylarda oxuyanda, onlara qulaq asanlara baxın. Bu zaman qulaq asanlar elə hala gəlirlər ki, bəistilahi-türk, ətin kəssən də, xəbəri olmaz. Elə ki, sonra toy qurtardı, aşıqlar evlərinə getdi, 5–10 gün uşaqlar gecə-gündüz oxuya-oxuya gəzirlər və bir-birinin qələtlərini düzəldirlər”.

Folklorşünas alimlərimiz də aşıqları təkcə qoşma, gəraylı oxuyan, dastan söyləyən sənətkarlar kimi deyil, həm də müdrik və zəkalı ustad, “el anası” kimi dəyərləndiriblər. Radiomuzun, televiziyamızın fondlarında aşıq musiqisinə dair çoxsaylı nümunələr saxlanır. Amma zaman keçdikcə bunların qorunması müşkülə çevrilir. Lentlər quruyub xarab olur, keyfiyyətini itirir. Bu isə həmin sərvətin itirilməsi ilə bağlı əndişələr yaratmaya bilməz.

Bu da var ki, gənc həvəskarlar arasında aşıqlığın aşiqləri çox olsa da, bu sənətin tədrisi pərakəndə aparılır, ustad dərsləri daha çox fərdi qaydada, klub dərnəklərində olur. Odur ki, yazıya köçürülmüş dastanların, havacatların, mahnıların əyani vasitə kimi uzunmüddətli, ciddi şəkildə mühafizəsi zərurəti ortaya çıxır. Bu sahənin qənimət örnəkləri də tezliklə rəqəmsallaşdırılmalı, etibarlı mirasa çevrilməlidir. Yoxsa, ustadların ifasında yazılmış “Koroğlu”, Əsli və Kərəm”, “Şah İsmayıl”, “Aşıq Qərib”, Abbas və Gülgəz”, “Rüstəm və Söhrab” kimi monumental abidələr, ruh oxşayan qədim havalar bir də hardan ələ düşər? Çalışmalıyıq ki, ustadnamələrlə başlayan, duvaqqapmalarla sona yetən bu milli-mədəni irs nümunələrini də axırda əliçıraqlı axtarmayaq. Elə edək ki, sonda deməyək:

Alp Ər Tunqa öldümü?
Yaman dünya qaldımı?
Fələk öcün aldımı?
İndi ürək dağlanır...

Bu sahədə son illərdə görülən işlər də yox deyil. Heydər Əliyev Fondunun nəşr etdiyi “Qarabağ xanəndələri”, “Muğam ensiklopediyası” – “Azərbaycan xanəndələri”, “Azərbaycan muğamı” kimi CD və DVD disklərdən ibarət albomlar əlamətdardır. Həmçinin, “Azərbaycan diskoqrafiyası” (1900–1940-cı illər), “Muğam ensiklopediyası” kimi internet saytlarının varlığı diqqətəlayiqdir. Hələ 2017-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun “İrs” folklor ansamblının, xalq musiqisi ilə bağlı digər diskləri toplu halında buraxılıb, muğamlar, aşıq havaları, şikəstələr, xalq mahnılarının ömrünə ömür calanıb. Onlayn-kataloqlar, kiberməkanda multimediya platformaları, hiperyönəltmələr “ümumdünya şəbəkəsinin yaddaşında” həkk olunur və şübhəsiz ki, Azərbaycan musiqisinin dünyada tanınmasında mühüm rol oynayır.

Azərbaycan Aşıqlar Birliyinini sədri, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru Məhərrəm Qasımlının bu barədə dedikləri:

– Rəqəmsallaşma çox vacib məsələdir. Biz öz gücümüzlə son zamanların mətnlərini bu yöndə müəyyən qədər gerçəkləşdirmişik. Deyərdim ki, bir qədər də gecikmiş məsələdir. Sürətlə bunu ortaya gətirmək lazımdır. Çünki dünya bu sistemin üzərinə gedir və aşıq havalarının, aşıq sənəti ilə bağlı görüntülü və audio mətnlərin bu şəklə gətirilməsi günün tələbidir. Düşünürəm ki, ortaya dövlət səviyyəsində bir layihə qoyulmalıdır. Həmin layihə Mədəniyyət Nazirliyinin, AzTV-nin, Azərbaycan Dövlət Arxivinin və digər əlaqəli qurumların xətti ilə də ola bilər. Layihə üzrə işçi qrupunun tərkibində işi səmərəli icra etmək üçün musiqişünaslardan, folklorşünaslardan, jurnalistlərdən ibarət heyət olmalıdır. Bu, müəyyən vaxt tələb edir. 1 il–3 il vaxt lazımdır. 20-ci illərdən bəri mətnləri yığıb sistemləşdirmək gərəkdir. Bu zaman daha əvvəlki dönəmlər də axtarılmalıdır. Hətta bu məsələlərin bir hissəsi Moskvaya, Sankt-Peterburqa da gedib çıxa bilər. Bu mənada genişmiqyaslı iş getməlidir.

Sonda bir daha deyək ki, yaradan əllərin, dillərin, avazların yaddaşını çağdaş rəqəmsallaşma yolu ilə yaşatmaq son dərəcə zəruridir.

Ə.ƏLİYEV
XQ



Mədəniyyət