Bir neçə gündür ki, 78-ci Beynəlxalq Kann Film Festivalı kinosevərlərin diqqətini Kot d'Azurun mənzərəli paytaxtına yönəldib. Biz də Euronews telekanalının köməyi ilə oraya virtual səfər etdik.
Bəri başdan deyək ki, bu il ilk dəfə olaraq Azərbaycanın “kinoyazar. az” saytı mötəbər festivalda iştirak üçün qeydiyyatdan keçib. Bu, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü ilə yaradılmış ilk və yeganə kinoşünaslıq saytımızdır.
Məşhur aktyorlar, rejissorlar, ssenaristlər və kino dünyasının nümayəndələri sənayenin ən nüfuzlu illik tədbirlərindən birinə qatılmaq üçün Fransanın cənub-şərqindəki Kann kurort şəhərində toplaşıblar. Proqram Amelie Bonninin “Once, Go Away” mahnısı ilə açılıb.
Məşhur aktyor, “Bir dəfə Amerikada” filmi ilə hamımızın sevimlisinə çevrilmiş amerikalı aktyor Robert De Niroya fəxri “Qızıl Palma budağı” mükafatı təqdim olunub.
Növbəti günlər ərzində festivalda Tom Kruzun, Spayk Linin və Ari Asterin Eddinqtonun son filmlərinin böyük premyeraları hər kəsə xoş təsir bağışlayıb.
Tədbirdə Hollivudun bir çox məşhurları iştirak edirlər. Açılış mərasimində qırmızı xalçadan keçən ulduzlar arasında Robert De Niro ilə yanaşı, Leonardo Di Kaprio, Quentin Tarantino və Jülyett Binoş da vardı.
Bu il festivalın münsiflər heyətinə dünya şöhrətli aktrisa Jülyett Binoş başçılıq edir.
Mayın 24-də təqdim ediləcək 2-ci əsas mükafat – “Qızıl Palma budağı” uğrunda 22 film mübarizə aparır. Bu sıraya Ues Andersonun “Finikiyalı planı”, Riçard Linkleyterin “Yeni dalğa”, Lin Ramzeyin “Sevgimlə öl”, Yoahim Trierin “Sentimental Remint” və digər filmlər daxildir. Münsiflər heyəti bu filmlərin hamısına diqqətlə, necə deyərlər, “zərrəbinlə” baxacaq, yalnız sonra nüfuzlu rəqabətin əsas qalibini və digər mükafatçıları seçəcək.
Qeyd edək ki, Beynəlxalq Kann Film Festivalı ilk dəfə 1945-ci ildə təşkil olunmalı idi, Amma İkinci Dünya müharibəsi səbəbindən bir il ertələnərək 1946-cı ilin payızında “Casino de Cannes”də keçirilib. Sonralar şən avropalı təşkilatçılar darıxdırıcı və solğun payızdan rəngbərəng bahara adlamaq qərarına gələrək festivalı may ayında keçirməyə başladılar. Bu bayramın qan qaraldan səhifəsi də olub. Belə ki, 1975-ci ildə hansısa bir azlıq festivala etiraz etmək məqsədilə hücum təşkil edib və məkanı bombalayıb. Xoşbəxtlikdən bu hücumda ölən və yaralanan olmayıb.
Hazırda dünyanın ən məşhur kinofestivallarından biri sayılan Kann yarışmasında “Qran-pri”, “Qızıl Kamera” mükafatları da verilir. Bu festival “A” kateqoriyasına aiddir.
Onu da xatırladaq ki, Azərbaycan ötən il Kann festivalında təmsil olunub. Rejissor Azər Quliyevin “Sanki yoxsan” filmi orada yer alan, amma əsas müsabiqədənkənar filmlər arasında olub. Kim bilir, bəlkə də gələcəkdə “Qızıl Palma” mükafatını hər hansı bir Azərbaycan filmi də qazanar. Bu dəfə Fatih Akın, Kirill Serebrennikov, Sebastyan Lelio və digər rejissorların filmləri müsabiqədənkənar nümayiş etdiriləcək.
Bütün bunlar barədə “kinoyazar.az”ın müxbiri, kinotənqidçi Hacı Səfərov Kanndan eksklüziv olaraq “XQ”yə xəbər verdi.
– “Kann Beynəlxalq Kinofestivalı kino ilə maraqlanmağa başladığım ilk andan etibarən əlçatmaz, xəyali bir yer kimi təsəvvürümdə canlanırdı. İndi, budur, Kanndayam, – deyə o bildirdi. – Dünya kinosevərlərini hər il iki həftə özünə bağlayan və başqa heç bir mövzudan danışmağa imkan verməyən tədbirin keçirildiyi bu şəhər, sən demə, Bakının az qala bir mikrorayonu boyda balaca bir yerdir. Amma festival üçün akkreditasiya olunmuş mətbuat nümayəndələrinə xüsusi məktublar verilib ki, darıxsalar, Nitsadan Kanna qədər heç bir ödəniş etmədən səyahət edə bilsinlər. Bu festival hər ilin kino mənzərəsini formalaşdırır və önə çıxan mövzuların, qayğıların anonsunu verir. Festivalın əsas yarışmasında ilk göstərilən filmlərdən artıq iddialı filmlərin bizi gözlədiyi hiss olunur. Tamaşaçılar da filmlər barədə qızğın müzakirələr edir, onların vacib məqamlarını müəyyənləşdirməyə çalışırlar.
Hacı Səfərov festivalda gün ərzində 2 və ya 3 filmə baxıldığını da dedi: “İndiyədək ukraynalı rejissor Sergey Loznitsanın “İki prokuror”, alman rejissor Maşa Şilinskinin “Çöküşün səsi” adlı 2-ci tammetrajlı filminin, onun soydaşı Dominik Molun “Dosye 137”, Əlcəzair-Tunis kökənli Hafsia Erzinin çəkdiyi “Kiçik bacı”, fransalı Fatima Daasın “Sonuncu”, amerikalı Riçard Linkleyterin “Yeni dalğa”, həmçinin ispan əsilli fransalı Oliver Laşenin elə bu il çəkib qurtardığı “Sirat” filmləri böyük maraqla qarşılanıb”.
Festivalda kino əfsanələri ilə görüşlər də olur. Məsələn, yaşayan ən böyük yapon rejissorlardan biri olan Hirokazu Koreeda və qadın rejissor Çiye Hayakava ilə görüşlər iştirakçılarda zəngin təəssürat yaradıb. Müxbirin dediyinə görə, Fransa ünvanlı festivalın müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də az deyil. Bu mənfilər daha çox, festivalın uğurunun gətirdiyi dezavantajlardır. Hətta biletin olsa belə, sıraya girib içəriyə daxil olmaq üçün xeyli gözləməlisən. Bir də, təəssüf ki, müxtəlif ölkələrin pavilyonları olan ərazidəki siyahıda, nədənsə, Azərbaycanın adı yoxdur...
Həyəcan dolu Kann festivalına 3 gündən sonra yekun vurulacaq.
Ə.ƏLİYEV
XQ