Həftənin mədəniyyət təqvimi

post-img

Əbdürrəhim bəy Haqverdiyev – 155

Görkəmli yazıçı, dramaturq, ictimai-siyasi və teatr xadimi, pedaqoq, ədəbiyyatşünas Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 17 may 1870-ci ildə Şuşa qəzasınınm Ağbulaq kəndində dünyaya göz açıb. Peterburqda ali təhsil alıb. Azərbaycan tarixində ilk orkestr rəhbəri kimi tanınır. “Leyli və Məcnun” operasının premyerasının dirijoru, Teatr Şurasının təsisçisi və ilk rəhbəri, “Molla Nəsrəddin” jurnalının yazarlarından biri olub. “Dağılan tifaq”, Ac həriflər”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Xəyalat” kimi klassik əsərlər, “Marallarım” silsilə hekayələrini yazıb. Ə.Haqverdiyev Azərbaycanın “Tədqiq və Tətəbbö” cəmiyyətində əvvəlcə sədr müavini, daha sonra (1923–1925-ci illərdə) sədr vəzifəsində çalışıb. “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 1933-cü ilin dekabrında 63 yaşında dünyasını dəyişib.

Midhət Ağamirov – 105

Fəlsəfi fikir tarixinin tədqiqi, təbliği və tədrisinin görkəmli nümayəndəsi, Azərbaycan EA-nın müxbir üzvü, Əməkdar mədəniyyət işçisi və Əməkdar elm xadimi Midhət Mir Musa oğlu Ağamirov 15 may 1920-ci ildə Şuşada doğulub. Dövrünə görə elmin bir çox sahələrində məşhur olan Mir Mövsüm Nəvvabın oğul nəvəsidir. Əvvəllər müxbirlik edib, sonra elmi işlə məşğul olub. Ömrünün sonuna kimi akademiyanın Fəlsəfə və Hüquq İnstitutunda şöbə müdiri vəzifəsində işləyib. 10 monoqrafiyası çap edilib. Bunlar “Mirzə Ələkbər Sabirin dünyagörüşü”, “Azərbaycan ictimai fikrində milli məsələ”, “Azərbaycanda marksist-leninçi ideologiya uğrunda mübarizə tarixindən”, “Abdulla Şaiqin dünyagörüşü”, “Məhəmməd Hadinin fəlsəfəsi”, “Azərbaycan romantiklərinin dünyagörüşü”, “Azərbaycanda qeyri-marksist ideya cərəyanlarının tənqidi” və digər əsərlərdir.

Arif Quliyev – 75

Teatrsevərlərin sevimli aktyoru, Xalq artisti Arif Quliyev 1950-ci il mayın 16-da Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olub. Bakı Mədəni-Maarif Texnikumunu və İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsini bitirib. Şərbətəli (S.Dağlı, C.Cahangirov, “Təzə gəlin”), Salyanski (F.Əmirov, M.Əlizadə, “Gözün aydın”), Əli (M.Şamxalov, Z.Bağırov, “Qaynana”), Dursun (S.Rüstəmov, S.Rüstəmov, “Durna”), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, “Özümüz bilərik”), Dursunov (S.Rəhman, E.Sabitoğlu, “Hicran”), Hambal (Ü.Hacıbəyov, “Məşədi İbad”), Səbzəli (M.Haqverdiyev, “Məhəbbət, şeytan və ağ ölüm”) kimi obrazlar onun komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir. Yaradıcılığında Azərbaycan Televiziyasının tamaşaları da geniş yer tuturdu. Xalq artisti 7 may 2021-ci il tarixində koronavirus səbəbindən vəfat edib.

XQ

Mədəniyyət