Yazıçı İlqar Quliyevin yeni kitabının təqdimat mərasimi keçirilib

post-img

Azərbaycan Yazıçılar Birliyində yazıçı, hərbi jurnalist, polkovnik İlqar Quliyevin “Məndən sonra” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə professor Bədirxan Əhmədli açaraq, kitabın məziyyətləri barədə mərasim iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra mərasimdə çıxış edən yazıçı Mustafa Çəmənli, yazıçı-publisist Mahir Cavadlı, yazıçı Seymur Şeydayev, professor Məmmədağa Baxışov və digərləri diqqətə çatdırıb ki, “Məndən sonra” kitabına müəllifin Vətən müharibəsinə həsr olunmuş povesti, həmçinin müxtəlif illərdə qələmə aldığı məqalələr daxil edilib, povestin əsas ana xəttini doğruluq və vətənə bağlılıq təşkil etməklə, bir naşirin oğlunun Vətən müharibəsindəki iştirakı və bu prosesin ailə bağlarına, şəxsiyyətinə və gələcək taleyinə təsiri əks etdirilib. Kitab oxucunu həm şəxsi dramın, həm də milli mübarizənin bir parçası olmağa çağırır.

Qeyd olunub ki, kitabın digər diqqətçəkən tərəflərindən biri də Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edən yazıçı Ramiz Duyğun,  Elşad Qoca və peşəkar hərbçi, istedadlı alim, polkovnik Cəlil Xəlilov haqqında yazılmış dəyərli məqalələrdir ki, bu yazılarda da müəllif təkcə bioqrafik məlumatlarla kifayətlənmədən, adıçəkilən şəxslərin yaradıcılığına və şəxsiyyətinə dərindən nüfuz edərək, onların ədəbi irsinin cəmiyyət üçün nə qədər mühüm olduğunu bir daha xatırladıb.

Sonda kitabın müəllifi, polkovnik İlqar Quliyev kitabın yaranma ideyasından, yazılma prosesindən və onunla bağlı yaşadığı şəxsi təəssüratlardan danışmaqla, eyni zamanda onun yaradıcılığına göstərilən diqqətə görə minnətdarlığını bildirib və kitabın imzalanması ilə mərasim başa çatıb.

Rizvan FİKRƏTOĞLU
XQ













Mədəniyyət