Cavad Heyət – 100
Dünya şöhrətli Azərbaycan cərrahı, Türk dünyasının ünlü alimi və ictimai xadimi Cavad Heyətin anadan olmasının 100 illiyi ölkəmizdə sevgi-sayğı ilə qeyd olunur. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda keçirilən konfransda mənalı həyatı və zəngin fəaliyyəti ilə Azərbaycanın mənəvi bütövlüyünü təcəssüm etdirmiş görkəmli soydaşımıza xalqımızın dərin ehtiramı ifadə edilib.
“Milli varlığa və mənəviyyata həsr edilən ömür – Cavad Heyət fenomeni” mövzusunda respublika elmi konfransını giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli milli təbabətimizi və türkologiya elmimizi zənginləşdirmiş, Arazın o tayında nəşr etdiyi anadilli “Varlıq” dərgisi ilə Güneydə milli varlığımızın yaşadılmasına önəmli töhfələr vermiş Cavad Heyətin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.
AMEA rəhbəri Təbrizdə doğulmuş, Türkiyədə və Azərbaycanda da yaşayıb fəaliyyət göstərmiş Cavad Heyətin Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxslərdən biri olduğunu vurğulayıb: “Cavad Heyətin zəngin və çoxşaxəli səmərəli fəaliyyətində Azərbaycan ədəbiyyatı tarixi, türk xalqlarının keçmişi, milli folklor və eləcə də islamşünaslığa dair tədqiqatlar mühüm yer tutur. O, Azərbaycan dilinin inkişaf mərhələləri, şifahi xalq ədəbiyyatı, ədəbiyyatşünaslıq, ədəbi tənqid, publisistika və fəlsəfə tarixinin ən müxtəlif məsələlərinə dair tədqiqatlar aparıb”.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə Cavad Heyətin öz məqalələrində milli kimlik, türk tarixinin fəlsəfəsi, digər xalqların etnogeninə dair müqayisəli təhlillər apardığını söyləyib, “Varlıq” dərgisində fəlsəfi mövzuların da yer aldığını qeyd edib. İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Cavad Heyət və “Varlıq” dərgisi milli varlıq uğrunda mübarizədə” mövzusunda məruzə edib. O, bu məfkurəvi nəşrin xalqımızın, eləcə də bütün digər türk xalqlarının milli-mədəni kimliyinin dərk edilməsində, azərbaycançılıq və türkçülük ideyalarının üzvi vəhdətdə mənimsənilməsi və inkişaf etdirilməsində, ədəbiyyatımızın, tariximizin, həmçinin ictimai-siyasi həyatımızın tarixi-mədəni ənənələri və keyfiyyətləri ilə zənginləşməsində misilsiz rol oynadığını deyib.
Konfransda tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə “Vətən və millət sevdası ilə keçən ömür”, filologiya elmləri doktorları Pərvanə Məmmədli “Varlıq” dərgisində Azərbaycan dili və mədəniyyəti məsələləri”, Tahirə Həsənzadə “Doktor Cavad Heyətlə bağlı xatirələr”, dosentlər Faiq Ələkbərli “Cavad Heyətin dünyagörüşündə türkçülük, azərbaycançılıq və irançılıq məsələsi”, Nəzakət İsmayılova “Cavad Heyətin sahibi və redaktoru olduğu “Varlıq” dərgisinin tədqiqinə dair”, Əli Fərhadov “Cavad Heyətin əsərlərində dini maarifçilik məsələləri”, elmi işçi Yasəmən Qaraqoyunlu “Cavad Heyət və türkçülük”, yubilyarın qardaşı oğlu Məhəmməd Rza Heyət “Professor Cavad Heyətin elmi araşdırmalarının əsas qayəsi və “Varlıq” dərgisinin missiyası” mövzusunda məruzə ediblər.
Elmi məclisdə Azərbaycanın İrandakı keçmiş səfiri Cavanşir Axundovun, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun, dosentlər Şölət Zeynalovun, Mübariz Ağalarlının və fəlsəfə doktoru Sadıq Qarayevin unudulmaz soydaşımızla bağlı çıxışları da dinlənilib.
Sonda alimin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.
Tahir AYDINOĞLU
XQ