Maqsud İbrahimbəyov – 90
May ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, Dövlət mükafatı laureatı, tanınmış ictimai xadim, 3 çağırış Milli Məclisin deputatı seçilmiş Maqsud İbrahimbəyovun anadan olmasının 90 ili tamam olur. Fevralın 13-də Prezident İlham Əliyev bu yubileyin keçirilməsi ilə əlaqədar sərəncam imzlayıb.
Sənəddə Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarından biri kimi belə xarakterizə olunur: “Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir.
Xalq yazıçısının bir çox əsərlərini oxumuş, pyeslərinin tamaşalarına, ssenari yazdığı filmlərə baxmışam. Adı çəkilən kimi hamının sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmləri yada düşür. Həm bu kinolentlər, həm də “Ondan yaxşı qardaş yox idi” və “Kərgədan buynuzu” əsərləri məndə də güclü təəssürat yaradıb. Elə bilirəm ki, bu povestləri yenicə oxuyub başa vurmuşam. Məşhur “60-cılar” nəslinin görkəmli nümayəndəsi olan Maqsud İbrahimbəyovun yaradıcılığına xas bütün məziyyətlər bu əsərlərdə toplanıb.
“Yaxşı qardaş” Cəlil milli xarakteri ilə sevilir. O, mühafizəkardır, özünün həyat prinsiplərinə son dərəcə sədaqətlidir. Əsərin ilk səhifələrindən sonunadək öz prinsiplərindən bir addım da kənara çəkilmir, ata-babadan qalma adət-ənənələri özünün həyat tərzi ilə yaşadır. Atalıq etdiyi qardaşı Simurqun davranışları ilə barışa bilmir. Birqatlı deyil, mürəkkəb xarakterli polifonik obraz olan Cəlil hətta çox uğursuz bir talenin daşıyıcısı kimi də sevilir, ölümü ilə oxucunu təsirləndirir, çünki son dərəcə təbiidir. Povestin ruhu adamın canına hopur və son qənaət isə bu olur ki, “Ondan yaxşı qardaş yox idi”.
“Kərgədan buynuzu”nda isə alim qayınatasından buynuzun istifadəsi ilə hazırlanan türkəçarənin insanı cavan saxladığını eşidən və əslində, ölümdən qorxan birinin başına gələnlər haqqında komik, hətta satirik bir hekayət təqdim olunur. Əsərdə ölüm mövzusu fərqli işlənib. Əla yumor və Bakı koloriti ilə zənginləşdirilmiş, ikinci cavanlığı əldə etməyə can atan adam, az qala, insanı düşüncələrinə hakim olur.
Əlbəttə, bunları xatırlamaqla görkəmli qələm sahibinin digər parlaq əsərlərinə heç də kölgə salmaq istəmirəm. Onun əsərləri 36 xarici dilə tərcümə olunub və dünyanın bir çox ölkəsində dərc edilib. Ən məşhur kitablarından “Bütün yaxşılıqlar üçün ölüm”, “Truskavetsə kim gedəcək”, “Qoy o bizimlə qalsın”, “Bayquş gəldi” və digərlərinin adını çəkmək olar. Onun bir çox əsərləri həm Azərbaycanda, həm də ölkənin hüdularından kənarda müxtəlif kinostudyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub. Yeri gəlmişkən xatırladım ki, 2013-cü ildə yazıçının oğlu Murad İbrahimbəyov da “Ondan yaxşı qardaş yox idi” povesti əsasında eyniadlı maraqlı film çəkib.
Böyük istedad sahibinin “Qəza”, “Bir az da sevinc”, “Eşitmədiyim mahnı” və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. “Bayquş gəldi” və “Bütün yaxşılıqlar üçün ölüm” əsərlərinə görə ona Azərbaycanın Dövlət mükafatı verilib.
Əmək fəaliyyətinə ali təhsilli mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonra Moskvada Ali Ssenaristlər və Ali Rejissorluq kurslarını bitirib, Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi olub.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Penklubun (beynəlxalq yazıçılar təşkilatının) və “Əsilzadələr məclisi”nin sədri, Amerikanın Luiziana ştatının fəxri senatoru və Minneapolis şəhərinin fəxri vətəndaşı seçilmiş unudulmaz yazıçımız 9 ildən bəri aramızda olmasa da, özünə əbədi həyat qazana bilib. Elə 2023-cü ildə Nadejda İsmayılovanın onun haqqında yazıb çap etdirdiyi kitabı da “Maqsud əbədidir” adlanır.
Bir neçə il əvvəl Prezident sərəncamı ilə onun xatirəsini əbədiləşdirmək üçün İçərişəhərdə “Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi” yaradılıb. Açılış mərasimində iştirak edən Birinci vitse-prezident Mehriban Əliyeva deyib: “O, əsl vətənpərvər idi. O, bütün qəlbi ilə Azərbaycana, öz torpağına bağlı idi. O, cəsarətli vətəndaş mövqeyi olan insan idi. O, öz ideallarını və prinsiplərini bütün həyatı boyu dəyişməyib. O, uzun ömrünü səmimi, hər şeylə maraqlanan, biganəlikdən uzaq bir insan kimi yaşadı. O, həyatdan getdi, ancaq onun əsərləri, böyük bədii-mənəvi irsi – kitabları, pyesləri, ssenariləri, esseləri qaldı. Onun hər bir əsəri bu günümüz və dünənimizlə heyrətamiz dərəcədə səsləşir və şübhə etmirəm ki, sabah da aktual olacaq. Onun hər bir əsəri yaşayır. Buna görə də Maqsud müəllim yaşayır. İnsanlar – onun dostları, yaxınları, doğmaları, onu sevən, ona hörmət edən, həyatının bütün mərhələlərində onun yanında olan insanlar qalır. Ən əsası da, Maqsud müəllimin ilham pərisi Anna xanım buradadır”...
Yazıçının dostu, ünlü jurnalist, tərcüməçi və aparıcı Mixail Qusman isə deyib: “Əsilzadələr Məclisi”nə rəhbərlik edən Maqsud İbrahimbəyovun özü həm genetik, həm ruhən zadəgan nəslindən olub. Vətənpərvərliyin və xeyriyyəçilik fəaliyyətinin təbliği, uşaqlara, yoxsul ailələrə və müharibə veteranlarına yardım göstərməklə məşğul olan Azərbaycan Respublikasının Milli Sülh Komitəsinin rəhbəri Maqsud İbrahimbəyovun bu sahədəki fəaliyyəti də genişliyi ilə seçilib”.
Xatirələr zəngindir. Oxuduqca qürur duyuruq ki, Xalq yazıçısı Maqsud İbrahimbəyov qeyri-adi və gündəlik hadisələr haqda özünəməxsus tərzdə yazıb, personajlarının mənəvi dünyasını dərindən tədqiq edərək, xasiyyətlərini oxucuya çatdırıb. Bir çox əsərlərində yazıçı ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstərib. Yazdıqları onun sabaha məktubları kimi dəyərlidir.
Əli NƏCƏFXANLI
XQ