Özbəkistan Milli Kitabxanasına Azərbaycana dair kitablar hədiyyə edilib

post-img

Ölkəmizin Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının rəhbərləri arasında görüş keçirilib.

Kitabxananın direktoru Ümidə Teşaboyeva qonaqları salamlayaraq bildirib ki, Özbəkistanda 12000 kitabxana var və bunlardan 200 kütləvi kitabxanadır. Milli Kitabxana mərkəzləşmiş 14 vilayət kitabxanaları ilə sıx əməkdaşlıq edir. 

Milli Kitabxananın AMM ilə sıx əməkdaşlığını, iki ölkə xalqları arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə mühüm töhfə verdiyini də qeyd edən direktor, Mədəniyyət Mərkəzinin layihəsi ilə Milli Kitabxanada fəaliyyət göstərən Azərbaycan guşəsi özbək oxucularına qardaş ölkə, onun mədəniyyəti, incəsənəti, tarixi ilə daha da yaxından tanış olmaq imkanı yaradır.

AMM-nin direktoru Akif Marifli Azərbaycan xalqının qədim zamanlardan yüksək kitabxana işi və kitab oxuma mədəniyyətinə malik olduğunu, onu qiymətli sərvət kimi qoruduğunu qeyd edib. O, bu gün də Azərbaycanda əlyazma nümunələrinin toplanması, saxlanması, öyrənilməsi və təbliğinə böyük önəm verildiyini, hər il beynəlxalq kitab sərgilərinin keçirildiyini, burada mütaliə mədəniyyətinin təbliğ olunduğunu, yazıçı və oxucuların görüşləri üçün platformanın yaradıldığını bildirib.

Görüşdə daha sıx əməkdaşlığa dair tədbirlərin, təqdimat və layihələrin həyata keçirilməsi, Milli Kitabxana ilə Azərbaycan kitabxanaları arasında əlaqələrin yaradılması, kitabxana fondunun zənginləşdirilməsi və gələcəkdə digər fəaliyyətlərin həyata keçirilməsi müzakirə edilib.

Sonda Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Milli Kitabxanaya Azərbaycan mədəniyyəti, dili, tarixi, ədəbiyyatı və s. mövzularında 500-dən çox kitab hədiyyə edilib. 

 

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri 

Daşkənd

 







Mədəniyyət