Niderlandda Azərbaycan musiqisinin təbliği

post-img

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland Krallığının Amersfoort şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbində azyaşlı soydaşlarımızın Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı baş tutub.

Konsert proqramı Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırovanın təşkilatçılığı ilə Musiqi Məktəbləri Birliyinin müraciəti əsasında keçirilib.

Firəngiz Bağırova Azərbaycan musiqisi, bəstəkarları və onların yaradıcılığı haqqında geniş məlumat verib, Niderlandın müxtəlif şəhərlərində təşkil edilən konsert və tədbirlərdən söz açıb. O, Niderlandda yaşadığı 30 ilin 23 ilini məhz Azərbaycan musiqisinin təbliğinə həsr etdiyini və bundan xüsusi qürur duyduğunu bildirib.

Konsert zamanı Azərbaycanın dahi bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Bakıxanov, Musa Mirzəyev və digərlərinin əsərləri səsləndirilib.

İştirakçılar Azərbaycan musiqilərini xüsusi rəğbətlə və alqışlarla qarşılayıb.

Sonda ifaçılara hədiyyələr təqdim olunub.

P.ƏMİRCANOV
XQ

Mədəniyyət